Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Şinqon Omuro məktəbinin əsas monastırı sayılan Daisein məbədinə aid Reikado pavilyonu tamamilə yanaraq külə dönüb. Pavilyonda təxminən 1200 ildir fasiləsiz yandığı iddia edilən müqəddəs “əbədi alov” saxlanılırdı. Yanğın 20 may səhəri, yerli vaxtla təxminən saat 08:30-da baş verib. Alov pavilyonu və yaxınlıqdakı digər binanı əhatə edib, təxminən 30 kvadratmetr sahəni əhatə edən yanğına 30-a yaxın yanğınsöndürən cəlb olunub. Daha sonra alovun yaxınlıqdakı meşəlik əraziyə yayılmasının qarşısı alınıb və yanğın təxminən iki saat ərzində lokallaşdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, məbədin əsası 806-cı ildə buddist müqəddəs Kukai (Kobo Daişi) tərəfindən qoyulub. Əfsanəyə görə, “əbədi alov” onun tərəfindən qoma mərasimləri üçün yandırılıb və əsrlər boyu qorunub saxlanılıb.