EN

Çətindən çətin vaxtlarda Sabirin dost nəfəsini duymuşam Anar

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

ANAR

Sabir Rüstəmxanlının 80 yaşı tamam olur. Səksən illik ömrün azı 55-60 ili ədəbiyyatımıza, ictimai-siyasi həyatımıza namuslu xidmətlə keçib.

Sabir çağdaş şeirimizin ən görkəmli nümayəndələrindəndir. Onun poeziyasında parlaq pafosla həzin duyğular üzvi surətdə birləşir. Yüksək vətəndaşlıq ruhu incə lirizmlə vəhdət təşkil edir. Xalqımızın bölünməyən, sərhədlərlə ayrılmayan mənəvi sərvətinə - Ana dilimizə həsr olunmuş vüsətli sətirlərlə itirilmiş sevginin qaytarılacağına kövrək ümid bir-birinə qovuşur.

Sabirin şəxsiyyətinə və yaradıcılığına səmimi və dərin rəğbətimə görə onun xoş bayramında onun haqqında bir neçə söz deməyə daxili tələbat duyuram. Amma yazmağa başlamazdan əvvəl düşündüm ki, 21 il bundan qabaq Sabir haqqında qələmə aldığım və "Söz dünyası" beşcildliyimin IV cildində dərc olunmuş "Xalq və tarix qarşısında cavabdehlik" adlı essemə göz atım ki, təkrara yol verməyim.

Yazımı oxuyub gördüm ki, bu mətndə Sabir haqqında demək istədiklərimin, demək olar ki, hamısını demişəm. Məsələ onda deyil ki, aradan keçən bu 21 ildə şair və nasir oxuculara yeni, bir-birindən maraqlı əsərlər təqdim etməyib. Yox, iş ondadır ki, Sabirin istər poeziya, istər nəsr, istərsə də publisistika sahəsində sonrakı illərdə meydana qoyduğu yazıları haqqında da eyni yüksək sözləri deməyim təkrar olardı. Yenə də sarsılmaz vətəndaşlıq qayəsiylə, incə duyğularla qələmə alınmış şeir, sanballı nəsr örnəkləri sübut edir ki, istedadın sinni olmur. Cavad xana həsr olunmuş filmində də, Məhəmməd Hadi haqqında romanında da Sabir Rüstəmxanlı əvvəlki kimi gənclik şövqüylə, ustad qələm təcrübəsiylə yazıb-yaradan qüdrətli sənətkardır.

İstedad-istedaddır - 20 yaşında da, 80 yaşında da, Sabirə şəxsi, necə deyərlər, ailəvi minnətdarlığım isə onunla bağlıdır ki, "Difai" romanında bu partiyanın Gəncədə qurucularından olan ulu babam Ələkbər bəy Rəfibəylinin xidmətlərini layiqincə əks etdirib.

Bu yazımda 2005-ci il mətnimi təkrar etməməyə çalışsam da, bir məsələni yenidən vurğulamadan keçə bilmirəm. O da Sabirin etibarlı, sədaqətli dost olmasıdır. Çətindən çətin illərin mürəkkəb sınaqlarında həmişə Sabirin dost nəfəsini duymuşam. Bu, təkcə mənə xoş münasibətindən doğmur. Bu hayanlıq hissi yalnız şəxsi münasibətlərlə, qarşılıqlı rəğbət və hörmət hissləriylə bağlı deyil; doğma ədəbiyyatımızın ümumi maraqlarından yaranan münasibətdir.

Kim nə deyir-desin, Söz sənətimizin mötəbər ocağı - Azərbaycan Yazıçılar Birliyini dürüst qiymətləndirmək ədəbi, mənəvi dəyərlərimizə, vaxtlı-vaxtsız itirdiyimiz sələflərimizə hörmətin əlamətidir. Yazıçılar təşkilatına da, klassiklərimizə də ögey və nankor münasibətdən fərqli olaraq ehtiramla və anlayışlı yanaşma Sabir mərdliyinin bariz örnəyidir.

Bütün bu üstün cəhətlərini nəzərə alaraq, ölkəmizdə yüksək nüfuz sahibi olan, Güneydə də geniş tanınan, ədəbi çevrələrdə hörmət və rəğbətlə qarşılanan xalq şairi Sabir Rüstəmxanlını AYB katibliyi bu yaxınlarda yekdilliklə Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri təyin etdi.

Cənubi Azərbaycanın ədəbi mühitiylə sağlam və işgüzar yaradıcılıq əməkdaşlığı Birliyimizin mühüm vəzifələrindəndir. Bu işdə heç bir subyektiv münasibət, bu əlaqələri inhisara götürüb şəxsi mənfi-müsbət meyarlar zəminində yönəltmək təşəbbüsü, "filankəsdən xoşum gəlir, bəhmənkəslə aram yoxdur" prinsipi, daha doğrusu, prinsipsizliyi yolverilməzdir. Təsadüfi deyil ki, AYB katibliyinin bu təyinatı güneyli qardaşlarımız tərəfindən də anlaşıqla qarşılandı və heç bir etiraz doğurmadı. Ədəbiyyatımızın bu son dərəcə mühüm sahəsində də Sabirin səmərəli fəaliyyət göstərəcəyinə əminik.

Bu yazım yubiley tostu deyil, qəlbimin ən səmimi hisslərinin ifadəsidir.

Sabirin bir özəlliyini də - əfsus ki, günümüzdə get-gedə defisitə, qıtlığa çevrilən bir cəhəti də qeyd etməyə bilmərəm. Uzun illər boyu bir dəfə də olsun onun dilindən hansısa başqa məşhur, ya qeyri-məşhur şair, nasir haqqında köntöy söz eşitməmişəm. Mənə elə gəlir ki, əsl istedadın mühüm xüsusiyyətlərindən biri, bəlkə də ən vacibi - heç kəsə, hətta başqa bir istedada belə qısqanc münasibət bəsləməməkdir.

Elə insanlar var ki, məhəbbətsiz yaşaya bilmir, elələri də var ki, nifrətsiz yaşaya bilmir. Özü də bu, real düşmənə nifrət deyil. Sənə heç vaxt heç bir pislik etməmiş, amma nədənsə öz uğursuzluqlarının səbəbkarı saydığın kiməsə qaxsımış kin və nifrət bəsləmək - bəzilərinin həyat tərzi və özlərinin özlərinə verdiyi təsəllidir.

Dürüst insan - ürəyi xeyirli işlərə açıq, işıqlı hisslərlə yaşayan insandır. Paxıllıqsız, həsədsiz, bəhsə-bəhssiz ömür sürmək könül rahatlığıdır - Sabir Rüstəmxanlı ömrü kimi.

Sevinirəm ki, Rəsul Rza fondunun rəhbəri, dostumuz Rafael Hüseynov şairin adını daşıyan fəxri diplomu bu il Sabir Rüstəmxanlıya təqdim edir. Bu münasibətlə bütün ailəmiz Sabiri ürəkdən təbrik edir. Ona da qəti əminəm ki, bu qərardan rəhmətlik atam da razı qalardı.

Ad günün mübarək, Sabir. Gələcək yubileylərində yenə də sənin haqqında xoş sözlər yazacağıma ümid edirəm.

(Görürsən, fürsəti fövtə verməyib özümə də uzun ömür dilədim).

Yaşa, yarat, əzizim.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
3
www.bakupost.az

4Sources