BMT Baş katibinin müavini Əminə Məhəmmədin APA İnformasiya Agentliyinə müsahibəsi
WUF-un Bakıda keçirilməsi Azərbaycanda baş verənləri nümayiş etdirmək üçün inanılmaz bir fürsətdir
- WUF13-dən hansı prioritet nəticələri və təşəbbüsləri gözləyirsiniz?
- WUF-un Bakıda keçirilməsi Azərbaycanda baş verənləri nümayiş etdirmək üçün inanılmaz bir fürsətdir. Eyni zamanda, bu forum əvvəlki WUF-ların üzərində qurulan bir davamlılıq platformasıdır. Bu, artıq 13-cü forumdur. Biz artıq sadəcə dialoq mərhələsindən çıxaraq, 2050-ci ilə qədər dünya əhalisinin 70 faizdən çoxunun şəhərlərdə yaşayacağı bir dövrdə investisiyaların necə həyata keçiriləcəyini görməyə doğru irəliləməliyik. WUF13-dən gözləntimiz bundan ibarətdir.
Qarşıdakı 5 il ərzində 2030 Gündəliyində müəyyən edilmiş hədəflərə nail olmalıyıq və şəhərlər bu məqsədlərin əsas hissəsidir. Lakin şəhərlərin inkişafı insanların rifahı ilə yanaşı, iqtisadi artım çərçivəsində baş verməlidir və urbanizasiyaya edilən investisiyaların mərkəzində dayanmalıdır.
Mən COP iqlim konfransı zamanı da burada olmuşdum və iki il sonra şəhər mühitinizdə baş verən inkişafı gördüm
- Azərbaycanın böyük beynəlxalq dialoq platformalarına ev sahibliyi etməsini necə qiymətləndirirsiniz?
- Biz Azərbaycanla əməkdaşlığımız və bu tədbirə ev sahibliyi baxımından çox qürurluyuq. Bunun bir çox nümunəsi var. Mən COP iqlim konfransı zamanı da burada olmuşdum və iki il sonra şəhər mühitinizdə baş verən inkişafı gördüm. Bu inkişaf inklüziv xarakter daşıyır. Gənclər də bu prosesin bir hissəsidir. Düşünürəm ki, Azərbaycanın liderliyi məhz daha inklüziv şəhərlər qurmaq, keçmiş nəsillərin ənənə və mədəniyyətləri ilə yeni dünyanın texnologiya, dizayn və urbanizasiya imkanları arasında balans yaratmaq bacarığında özünü göstərir. Bu, sadəcə bir neçə zalda keçirilən konfrans deyil. Bu, inkişaf edən bir şəhərdə keçirilən konfransdır və həmin şəhər mütərəqqi yanaşması ilə seçilir.

Azərbaycanın sülhə gedən yolunda da iştirak etmişik
- BMT ilə Azərbaycanın mövcud əməkdaşlığını necə qiymətləndirirsiniz və xüsusilə davamlı inkişaf, şəhərsalma və postmünaqişə dövrünün bərpası sahələrində bu tərəfdaşlığın genişlənməsi üçün hansı yeni imkanları görürsünüz?
- Azərbaycanla çox yaxşı və uzunmüddətli münasibətlərimiz var. Burada ölkə üzrə rezident əlaqələndiricimiz fəaliyyət göstərir, müxtəlif sahələr üzrə ekspertiza təqdim edən bir sıra agentliklərimiz mövcuddur. Biz Azərbaycanın prioritetlərinə uyğun şəkildə davamlı inkişaf gündəliyi üzrə əməkdaşlığımızı davam etdiririk. Eyni zamanda, Azərbaycanın sülhə gedən yolunda da iştirak etmişik. Bu sülhün davamlı olması isə daha çox səylər tələb edir. Qarabağda gördüyümüz proseslər — sistemlərə, kiçik və orta biznesə, infrastrukturun keyfiyyətinə yatırılan investisiyalar — ölkədə reinteqrasiyanın və bərabərliyin əsas götürüldüyü yanaşmanın göstəricisidir. Münasibətlərimiz yalnız milli prioritetlər çərçivəsində deyil, Azərbaycanın regiondakı liderliyi baxımından da inkişaf edir. Bu vacibdir, çünki insanlar Azərbaycanın əldə etdiyi tərəqqiyə və tərəfdaşlıq imkanlarına böyük maraqla baxırlar. Bu gün geosiyasi gərginliklər və qonşu bölgələrdəki münaqişələr səbəbindən vəziyyət asan deyil. Lakin biz inanırıq ki, birlikdə bunun öhdəsindən gələ bilərik. Azərbaycanın səsi həm regionda, həm də qlobal səviyyədə, o cümlədən BMT Baş Assambleyasında eşidilir.
Ən böyük problem əlçatan mənzilə çıxışı məhdudlaşdıran maliyyə mexanizmləridir
- Mənzil əlçatanlığı dünyada ciddi problem olaraq qalır. Əlçatan və inklüziv mənzil təminatı üçün BMT hansı praktik həlləri dəstəkləyir?
- Ən böyük problem əlçatan mənzilə çıxışı məhdudlaşdıran maliyyə mexanizmləridir. Biz uzun müddətdir ki, ilk növbədə ölkələr üçün maliyyə imkanlarının yaradılmasının vacibliyini vurğulayırıq. Bu isə beynəlxalq və regional maliyyə arxitekturasının yenidən nəzərdən keçirilməsini tələb edir ki, investorlar üçün uyğun mühit yaransın və mənzil sektoruna maliyyə axını açılsın. Bu məsələ yalnız hökumətlərin məsuliyyəti deyil. Burada özəl sektorun və investorların da rolu böyükdür. Bütün bunlar cəmiyyətlərin müxtəlifliyini nəzərə almaqla həyata keçirilməlidir. Maddi imkanları məhdud olan insanlar kənarda qalmamalıdır. Bunun üçün fərqli maliyyə həlləri tapılmalıdır və bəzi hallarda hökumətlər müdaxilə etməli olacaqlar. Eyni zamanda, inkişaf yolunda olan digər qruplar — qadınlar, gənclər və yaşlı insanlar da dəstəklənməlidir.
Biz burada bütöv bir həyat dövründən, insanın yaşayış mühitindən danışırıq. Buraya yaşlı insanlar da daxildir. İnsanlar daha uzun yaşayırsa, onların cəmiyyət daxilindəki yeri necə olacaq və biz onlar üçün necə şərait yaradacağıq?

Gənclərin, qadınların və bütövlükdə icmaların iştirakını görməliyik
- Davamlı və inklüziv şəhərlərin formalaşmasında gənclər və yerli icmalar hansı rolu oynaya bilər?
- Onlar bu prosesə tam şəkildə cəlb edilməlidirlər. Belə forumlar göstərir ki, hər hansı siyasətin formalaşdırılması həmin siyasətdən faydalanacaq insanların iştirakı olmadan mümkün deyil. Buna görə də gənclərin, qadınların və bütövlükdə icmaların iştirakını görməliyik. İnsanların real həyat təcrübəsi bu prosesə daxil edilməlidir. Bu gün qeyri-rəsmi yaşayış məntəqələri barədə danışırdıq və çıxış edən qadınlardan biri dedi: “Sanitariya sistemi olmayan, təmiz bişirmə imkanları olmayan bir yerdə yaşamağın nə demək olduğunu anlayırsınızmı?” Bu təcrübələri siyasətə necə daxil edə bilərik? Bu yalnız belə forumlar vasitəsilə deyil, həm də milli səviyyədə — hökumətlərin mənzil siyasəti hazırladığı mərhələdə yerli icmalarla məsləhətləşmələr aparılması ilə mümkündür. İcmalar siyasətin hazırlanmasından onun milli səviyyədə qəbulunadək bütün prosesdə iştirak etməlidir.
Bizim çox iddialı gündəliyimiz var
- BMT şəhər diplomatiyasının və regionlararası şəhər əməkdaşlığının gələcəyini necə görür?
- Biz bu məsələdə çox ümidliyik. Onilliklər ərzində qəbul edilmiş şəhər gündəliyi çərçivəsində gördük ki, maraq və iştirak getdikcə artır. Hətta münaqişələrin, geosiyasi gərginliklərin və inkişaf üçün maliyyə çatışmazlığının olduğu dövrlərdə belə, bəzi ölkələrdə irəliləyiş əldə edə biləcəyimizə inanırıq. Bu uğurlu təcrübələr nümunə kimi göstərilə bilər. Urbanizasiya prosesindən daha çox insanın faydalanması üçün uğurlu təcrübələri paylaşmaq və daha geniş tərəfdaşlıq yaratmaq vacibdir. Bizim çox iddialı gündəliyimiz var və Dayanıqlı İnkişaf Məqsədləri inteqrasiya olunmuş yanaşmanı tələb edir. Şəhərlər və urbanizasiya gündəliyi də bunun mühüm hissəsidir. Buna görə də bu prosesi birlikdə irəli aparmaq çox vacibdir. Biz inanırıq ki, tərəfdaşlığı davam etdirsək, problemləri gündəmdə saxlasaq və həll yollarını birlikdə tapsaq, bu məqsədlərə nail olmaq mümkündür.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP