EN

Türkiyədə “Prof.Dr. Kamal Abdulla kitabı” adlı yeni nəşr işıq üzü görüb

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Ötən ilin oktyabrında Ankarada Türk Mədəniyyətini Araşdırma İnstitutu tərəfindən akademik, Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş Türk Dünyası Yazarları I Beynəlxalq Simpoziumu keçirilib. Noyabr ayında isə Mərmərə Universitetinin İnsan və Cəmiyyət Elmləri Fakültəsinin Türk Dili və Ədəbiyyatı bölməsi tərəfindən Azərbaycan elminin və ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illik yubileyi münasibətilə “Kültür ve Edebiyat Araştırmaları – I” adlı beynəlxalq elmi simpozium keçirilib.

525.az xəbər verir ki, Türk Dünyası Yazarları I Beynəlxalq simpoziumda Kamal Abdullanın çoxşaxəli yaradıcılığı, onun ədəbiyyat, dilçilik və fəlsəfə sahəsindəki elmi fikirləri, eləcə də Türk dünyası mədəniyyətinə verdiyi töhfələr ətrafında geniş müzakirələr aparılıb. Dörd bölmədən ibarət olan simpoziuma professorlar Fikrət Türkmen və Bilge Ercilasun, akademiklər Muxtar İmanov və Nizami Cəfərov rəhbərlik ediblər.

Türk Mədəniyyətini Araşdırma İnstitutu Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş Türk Dünyası Yazarları I Beynəlxalq Simpoziumunun materiallarından ibarət kitab çap edib. Kitabın redaktorları professor Ahmet Ercilasun və professor İsmet Çetindir.  “Prof.Dr. Kamal Abdulla kitabı” adlı yeni nəşr “Ön söz”, “Dost yazıları” və “Elmi məqalələr” bölmələrindən ibarətdir. Bölmələrdəki məqalələr simpozium iştirakçıları tərəfindən təqdim edilmişdir.

“Dost yazıları” bölməsində Ahmet B.Ercilasunun, Coşkun Akın, Hasene Aydının, Kerime Üstünovanın, Murat Cavlakın, Mustafa Üstünovanın və Şahin Sərdarlının yazıları yer alıb. “Elmi məqalələr” bölməsində isə akademik Nizami Cəfərovun, akademik Muxtar Kazımoğlunun, AMEA-nın müxbir üzvü Rafiq Əliyev və Burak Ekenin, professor Azad Məmmədovun, professor Aygül Hacıyevanın, Fatih Keskinin, Fikrət Türkmənin, İsmet Çetinin, Mario Soldaininin, Bəxtiyar Aslanın, Osman Fikri Sərtkayanın, Rövşən Ramizoğlunun və başqalarının Kamal Abdullanın ədəbi və elmi yaradıcılığı ilə bağlı yazıları dərc olunub.

Prof.Dr İsmet Çetin kitaba yazdığı ön sözdə yazır: “Simpoziumun birinci bölməsində Fikrət Türkmen, Kerime Üstünova və Nizami Cəfərov Kamal Abdullanın ədəbi-estetik düşüncə sistemi, qeyri-səlis məntiq nəzəriyyəsi və dilçilik sahəsindəki ideyaları haqqında məruzələrlə çıxış ediblər”. Növbəti bölmə iclaslarında akademik Kamal Abdullanın roman, hekayə və teatr yaradıcılığı, onun postmodern estetikasında mifoloji qatlar, zaman və ömür fəlsəfəsi, həmçinin bədii dilin strukturu müxtəlif aspektlərdən təhlil olunub.

Simpoziumda qeyd olunub ki, Kamal Abdulla yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk dünyasının ortaq mənəvi sərvətidir. Onun əsərlərində dil, fəlsəfə və mifologiyanın qovuşduğu unikal yaradıcılıq modeli ədəbiyyat və elmin yeni istiqamətlərinə yol açır. Bu nüfuzlu elmi tədbirdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli də iştirak edib. O, simpozium çərçivəsində müxtəlif ölkələrdən gələn alimlərlə Türk dünyası ədəbiyyatlarının qarşılıqlı öyrənilməsi və mədəni inteqrasiyanın dərinləşdirilməsi istiqamətində müzakirələr aparıb.

Beynəlxalq elmi simpozium akademik Kamal Abdullanın Türk dünyası miqyasında tanınan elmi və ədəbi şəxsiyyət olduğunu bir daha nümayiş etdirib və Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin inkişafına mühüm töhfə kimi dəyərləndirilib. “Prof.Dr. Kamal Abdulla kitabı”nda akademik Kamal Abdullanın dramaturgiyası haqqında Fatih Keskin “Üzeyir Hacıbəylidən Kamal Abdullaya: “Gülçöhrə xanım və Əsgər ağa” adlı yazısında qeyd edir:

“Kamal Abdullanın “Gülçöhrə xanım və Əsgər ağa” adlı pyesində onun öz əsərlərinə açıq və örtülü göndərmələrə rast gəlirik. Pyes bu mənada göndərmələrlə fərqlənir. Əsgər ağa ilə Gülçöhrə xanımın söhbətlərində bunu müşahidə edirik. Fani dünyanın mistik elementlərinə toxunan müəllif “Unutmağa kimsə yox”, “Haralara gətirəcək bizi bu yol?”, “Divar önünə”, “Məni daha gözləmə” kimi şeirləri Əsgərin dilindən ifadə edir.

Kitabda Fikrət Türkmənin “Azərbaycanda fikri-ədəbi oyanış və Kamal Abdulla” yazısı diqqət çəkir. Axundov və Zərdabinin adını çəkən Fikrət Türkmən akademik, Xalq yazıçısı Kamal Abdullanın Azərbaycan ədəbi fikrinə olan təsirlərindən yazır.

Qeyd olunur ki, Kamal Abdullanın hekayələri, romanları zaman sərhədlərini aşır, dünya ədəbiyyatına nüfuz etməyi bacarır. Kamal Abdulla mifdən yazıya, dilin sintaksisi kimi məsələlərdə zəngin bilik və təcrübəyə  istinad edərək, fərqli düşüncəni ortaya qoyur.

Kitabda yer alan növbəti diqqətçəkən yazılardan biri də Naciyə Ata Yıldızın “Kamal Abdulla və Gizli Dədə Qorqud” adlanır. Məqalədə akademik Kamal Abdullanın “Gizli Dədə Qorqud” əsəri ilə bağlı tədqiqatları, araşdırmaları özünəməxsus şəkildə təqdim olunur. Əsərin ideya və sujet xəttinin orijinallığı və estetik həll imkanları önə çəkilir. Qeyd olunur ki, Kamal Abdulla mif və tarix arasında körpü rolunu oynacaq bir əsər ortaya qoymağı bacarıb. Bu da onu həm yazıçı kimi, həm də alim kimi fərqləndirən amillərdən biridir.

Akademik Nizami Cəfərovun “Akademik Kamal Abdullanın dilçilik görüşləri” yazısında alimin dilçilik elmindəki tədqiqatları, araşdırmaları və akademik fəaliyyəti ilə bağlı ətraflı məlumat verilir. Qeyd olunur ki, akademik Kamal Abdullanın elmi fəaliyyəti gənc tədqiqatçılar üçün mühüm əhəmiyyət kəsb edir.

Xalq şairi Ramiz Rövşənin oğlu, tədqiqatçı-alim Rövşən Ramizoğlunun “Kamal Abdullanın əsərlərində “Su” anlayışının mifoloji və mədəni kökləri” adlı yazısında akademik Kamal Abdullanın əsərlərindəki türk sözlərinin işlənmə yeri və rolu haqqında bəhs olunur. “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” əsərlərində “su” anlayışlarının işlənməsi ilə bağlı maraqlı detallar diqqət çəkir.

Səhər Ərdoğan Çəltik “Kamal Abdullanın pyesləri üzərinə ümumi dəyərləndirmə” adlı yazısında akademik Kamal Abdullanın pyeslərini təhlil edib. Qeyd olunur ki, Kamal Abdullanın pyeslərinin dərinliklərində fəlsəfi mövzular yer alır. “Kim deyir ki, Simurq quşu var imiş” pyesində mifoloji nəsnələrə diqqət çəkilir. Həmin nəsnələrin zaman və məkan anlayışlarında işlənmə incəliyi vurğulanır. Postmodern elementlərə də diqqət çəkən müəllif mətndə bu elementlərin önəmini vurğulayır.

Kitab Kamal Abdulla yaradıcılığının görünən və görünməyən tərəflərinin, elmi fəaliyyətinin alt qatlarındakı zaman və məkan prinsiplərinin, sözün və sirrin sehirli aləminə səyahətin nümunələridir. Bunların bəzilərində Kamal Abdullanı tanıyanlar onu tanımadıqlarına, “tanımayanlar” isə onu tanıdıqları qənaətinə gələ bilər. Bu mənada kitab unikaldır. Kitab bütün varlığı ilə sözə, sirrə və göylərə yol alan bir işığın səyahət xəritəsidir.

“Prof.Dr. Kamal Abdulla kitabı” elmi, ədəbi, bədii və filoloji aspektdə təqdim olunan, müəllifin çoxşaxəli yaradıcılığını və ədəbiyyatşünaslıq sahəsindəki fundemantal baxışlarını özündə əks elətdirən unikal bir əsərdir. Nəşr həm elmi ictimaiyyət, həm də ədəbiyyatsevərlər üçün əhəmiyyətli məlumat mənbəyi olmaqla, Kamal Abdullanın Azərbaycan mədəniyyəti və elminin inkişafındakı rolunu daha dolğun şəkildə dərk etməyə imkan yaradır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
1
525.az

2Sources