EN

Müəllimlər sertifikasiyada hansı yenilikləri istəyirlər? - Sorğu NƏTİCƏLƏRİ

Müəllimlərin sertifikatlaşdırılması prosesi və onun mövcud qaydaları ilə bağlı aparılan kəmiyyət sorğusunun nəticələri açıqlanıb.

Sorğunun əsas məqsədi təhsilverənlərin prosesə münasibətini, qarşılaşdıqları çətinlikləri və təklif etdikləri dəyişiklikləri öyrənmək olub.

AzEdu.az tərəfindən keçirilən sorğuya əsasən, müəllimlər sertifikatlaşdırma sistemində bir sıra yeniliklərin tətbiqini daha çox dəstəkləyiblər.

Ən çox dəstəklənən təkliflər:

Nəticələrə görə, ən yüksək səs müsahibə mərhələsinin nəticələrinin əməkhaqqı artımında nəzərə alınmasına verilib.

Respondentlərin 28.4%-i bu dəyişiklik tərəfdarı olub.

İkinci ən çox dəstəklənən fikir isə əməkhaqqı artımının konkret keçid balına deyil, diferensial qaydada tətbiqi olub -  23.8%.

Sorğu iştirakçıları aşağıdakı yenilikləri də müxtəlif səviyyələrdə dəstəkləyiblər:

- Kurikulum məzmununa aid sualların azaldılması və praktik biliklərə üstünlük verilməsi - 9.17%

- Məktəb direktorları və müavinlərinin sertifikasiya prosesinə daxil edilməsi - 9.17%

- Test imtahanı mərhələsi üçün nəzərdə tutulan vaxtın artırılması - 7.33%

- Uğursuz nəticə göstərənlərə iki dəfə təkrar iştirak imkanı yaradılması -  6.42%

Sorğuda daha az faiz toplayan təkliflər sırasında:

- 60 yaşdan yuxarı könüllü müəllimlər üçün əməkhaqqı güzəştlərinin genişləndirilməsi - 3.66%

- MİQ-dən keçən müəllimlərin 3 il gözləmədən sertifikasiyaya cəlb edilməsi - 2.75%

- Müəllimlərin fərdi uğur göstəricilərinin və tədqiqat fəaliyyətinin qiymətləndirilməyə daxil edilməsi - 1.83%

- Müsahibə mərhələsinin qaydalarının dəyişdirilməsi - 0.91%

- Müəllimlərin İKT bacarıqlarının sertifikasiyadan öncə inkişaf etdirilməsi - 0%

Sorğu nəticələri göstərir ki, müəllimlər sertifikatlaşdırma prosesində əsasən əməkhaqqı mexanizmi, qiymətləndirmə yanaşması və imtahan strukturunda dəyişikliklərin edilməsini daha aktual hesab edirlər.

Sosial şəbəkələrdə və müəllimlərin bizə olan müraciətlərində sertifikasiya prosesi ilə bağlı müxtəlif təkliflər irəli sürülüb:

- 60 yaşdan yuxarı könüllü iştirak edən müəllimlərin əməkhaqlarına 2 misli qədər əlavə tətbiq olunması;

- Kurikulum suallarının tamamilə çıxarılması;

- Sualların ümumi həcminin azaldılması və çaşdırıcı sualların minimuma endirilməsi;

- Müsahibə mərhələsinin ləğv olunması;

- Bir dəfə sertifikasiyadan keçən müəllimlərin növbəti mərhələlərdə könüllü iştirak etməsi;

- Sertifikasiyadan sonra əməkhaqqı artımının keçid balına görə deyil, diferensial qaydada tətbiq olunması.

Müəllimlərin verdikləri təkliflərdən aydın olur ki, onlar sertifikasiya prosesinin daha da təkmilləşdirilməsi, məzmun və təşkilati baxımdan optimallaşdırılması, həmçinin əməkhaqqı artımının diferensial yanaşma əsasında tətbiqi ilə bağlı yeniliklər istəyirlər.

Chosen
30
azedu.az

1Sources