Avtomobil sənayesi artıq mühərrik və dizayn yarışından çıxaraq tamamilə yeni bir mərhələyə keçib. Hazırda dünya avtomobil nəhəngləri arasında avtonom idarəetmə və süni intellekt müharibəsi gedir.
Bu gün Çin və ABŞ arasında şiddətlənən avtopilot müharibəsi gələcəyin nəqliyyat modelini müəyyən edir. Bir tərəfdə “Tesla”, “Waymo” və “Zoox”, digər tərəfdə isə “Baidu Apollo”, “Pony.ai”, “WeRide”, “XPeng” və “Geely” dayanır. Bu iki güc mərkəzi artıq kim daha sürətli maşın istehsal edir sualına yox, kim daha təhlükəsiz və tam avtonom sistem qurur sualına cavab axtarır.
ABŞ-də xüsusilə “Tesla” fərqli yanaşma ilə seçilir. Şirkətin strategiyası əsasən kamera əsaslı (vision-only) sistem üzərindən gerçəkləşir. Bu üsulla süni intellektlə qərarvermə, LiDAR və yüksək xəritə asılılığını minimuma endirmək hədəflənir.
LiDAR – avtomobilin ətrafını görmək üçün istifadə etdiyi lazer “göz” sistemidir. “Göz” sözünü təsadüfən demirik. Çünki LiDAR insan gözü kimi ətrafı “görür”, amma bunu işıq yox, lazer şüaları ilə edir. Avtomobilə quraşdırılmış LiDAR çoxlu sayda lazer şüası göndərir. Bu şüalar ətrafdakı obyektlərə - maşına, divara, insana dəyərək geri qayıdır. Sistem şüa nə qədər vaxtda qədər geri qayıtdığını hesablayır. Bu vaxt əsasında məsafə ölçülür. Bunu saniyədə milyonlarla dəfə edir. LiDAR bütün bu məlumatlardan ətrafın 3D xəritəsini, obyektlərin formasını, onların məsafəsini yaradır.

Yəni, avtomobil üçün dünya real görüntüdən çox nöqtələrdən ibarət 3D xəritə şəklində görünür. İnsan gözlə görürsə, LiDAR nöqtə-nöqtə ölçüb xəritə çəkir. LiDAR avtomobilə kömək edir ki, gecə, duman və qaranlıqda piyadanı və maşını səhvsiz ayırd etsin, məsafəni dəqiq bilsin. LiDAR olmadan, sadə kamera sistemi olan avtomobillərdə görüntü olaraq yalnız şəkil görünür. LiDAR isə daha dəqiq “radar-göz” kimi işləyir.
Tesla LiDAR sisteminə o qədər də həvəs göstərmir. Hesab edir ki, insan da yalnız gözləri ilə sürür və buna görə avtomobil də eyni prinsipdən istifadə edə bilər. Lakin bu yanaşma ciddi mübahisələr yaradır. Məsələn, Tesla hələ də genişmiqyaslı tam avtonom robotaksi xidməti təqdim etməyib. ABŞ bazarında liderliyi daha çox Waymo kimi LiDAR və xəritə əsaslı sistemlər saxlayır.
Waymo artıq ABŞ şəhərlərində real kommersiya robotaksi xidməti göstərir və milyonlarla ödənişli səfər həyata keçirib. Tesla medianın diqqətində olsa da, real avtonom sürüşdə ABŞ-ın ən stabil oyunçusu Waymo-dur. Waymo LiDAR + radar + kamera kombinasiyası istifadə edir, yüksək dəqiqlikli xəritələrə əsaslanır. Tam L4 (Level 4) avtonom sistemə yaxın işləyir. Zoox isə Amazon dəstəyi ilə robotaksi bazarında öz platformasını inkişaf etdirir. ABŞ modelinin əsas üstünlüyü təhlükəsizlik və dəqiqlik məsələlərinin sürətdən öncə gəlməsidir.
Çin isə tam fərqli strategiya ilə irəliləyir. Burada əsas oyunçular “Baidu Apollo Go”, “XPeng”, “Pony.ai”, “WeRide” və “Geely”dir. Çin şirkətləri artıq robotaksi xidmətlərini genişləndirir. Real şəhər trafikində testlər aparır, bəzi şəhərlərdə kommersiya L4 xidmətləri göstərir. Hətta bəzi hesablamalara görə, Çin robotaksi parkları artıq on milyonlarla real səfər həyata keçirib.
Rəqabətin ən kritik nöqtəsi LiDAR texnologiyasıdır. Bu texnologiyaya ABŞ yanaşması belədir: “Tesla” LiDAR-ı ümumiyyətlə rədd edir. “Waymo” LiDAR + kamera + radar kombinasiyasından istifadə edir. Çinin yanaşması isə belədir: əvvəl LiDAR geniş istifadə olunurdu, indi isə qarışıq strategiya formalaşır, “XPeng” kimi şirkətlər “vision-only”ə keçir. Bu, sənayedə ciddi fikir ayrılığı yaradır.
“Tesla” bu yarışın ən çox danışılan, amma ən çox mübahisə doğuran oyunçusudur. Bir tərəfdən, ən böyük elektrik maşınların istehsalçılarından biridir, süni intellekt sahəsinə böyük investisiya yatırır. Digər tərəfdən, tam avtonom robotaksi xidməti hələ geniş miqyasda yoxdur, qurduğu sistem hələ də insan nəzarətinə ehtiyac duyur. Bu səbəbdən ekspertlər “Tesla”nı “yarışın ən sürətli sprinteri, amma hələ finiş xəttinə çatmayan atlet” kimi xarakterizə edirlər.
E.Məmmədəliyev,
Musavat.com