“Ümumdünya Şəhərsalma Forumu (WUF13) ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə və xalqına ən dərin minnətdarlığımı bildirirəm”.
Yenicag.az xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini Amina Muhammed WUF13-ün rəsmi bağlanış mərasimində deyib.
O bildirib ki, zəngin mədəni irsə və ənənələrə hörmət göstərməklə yanaşı, dünyamızın yeni çağırışlarına cavab verən mütərəqqi yanaşmaları da təşviq edir:
“Azərbaycanın müxtəlif bölgələrində biz yenidənqurma, inkişaf, icmaların reinteqrasiyası, infrastrukturun və sülhün bərpası proseslərinin şahidi oluruq. Ərazilər mədəni canlılığın, sosial həmrəyliyin və iqtisadi inkişafın mühərrikinə çevrilir. Dünyanın fasiləsiz məskunlaşmış ən qədim şəhərlərindən biri olan Ağdamda isə biz həm yenilənməni, həm də dözümlülüyü gördük. Bu məkan həftə boyu apardığımız müzakirələr üçün olduqca uyğun idi. Çünki iqlim dəyişikliyi və şəhərləşmə təzyiqləri getdikcə daha tez-tez və daha ağır təsirlər yaradır”.
A.Muhammed qeyd edib ki, Bakı Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi üçün əla məkandır.
BMT rəsmisi vurğulayıb ki, dayanıqlı urbanizasiya və mənzil siyasəti olmadan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”nin məqsədlərinə nail olmaq mümkün deyil:
“Dövrümüzün bütün böyük çağırışlarına nəzər salın, onların hamısının kəsişdiyi nöqtə məhz mənzil məsələsidir. Bu həftə forum çərçivəsində çətinliklər yaşansa da, biz səhiyyə və kənd planlaşdırılmasının mövcud çərçivələr vasitəsilə inteqrasiyası istiqamətində mühüm irəliləyişlərin şahidi olduq. Belə miqyaslı böhranın həlli böyük əməkdaşlıq və həmrəylik tələb edir. Biz isə multilateralizm üçün çətin bir dövrdə yaşayırıq. BMT Nizamnaməsinin dəyərləri və prinsipləri sınaq qarşısındadır. Gərginlik artır, etimad zəifləyir, parçalanma isə sürətlənir”.