Bakı, 22 may, AZƏRTAC
“BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı müzakirələri izləmək üçün gəlmişdim. Düşünürəm ki, əsas problemlərdən biri hökumətlə icmalar arasında əməkdaşlığın zəif olmasıdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında WUF13-ün iştirakçısı, Cənubi Afrika Respublikasında (CAR) fəaliyyət göstərən Şəhər və Kənd Yoxsulları Federasiyasının milli koordinatoru, “Shack/Slum Dwellers International” (SDİ) təşkilatının həmtəsisçilərindən biri Rose Molokoane deyib.
“Məni sevindirən məqam odur ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) vətəndaş cəmiyyəti və yerli icmaların səsinin eşidilməsinin vacibliyini qəbul edir. İstəyirəm ki, bu tədbir yalnız müzakirə deyil, real nəticələrin həyata keçirildiyi platforma olsun”, - deyə o diqqətə çatdırıb.