EN

Boşanma olmadan aliment alına BİLƏR? - İZAH

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər öz övladlarının maddi təminatını ödəməyə və onları mütləq şəkildə saxlamağa borcludurlar.
 
Bu hüquqi vəzifə övladın doğulduğu gündən başlayır və uşaq 18 yaşına (yetkinlik dövrünə) çatanadək fasiləsiz davam edir. Qanunvericiliyin ən mühüm üstünlüklərindən biri odur ki, rəsmi nikahın xitam verilməsi şərt deyil. Yəni, ər və arvad boşanmadan belə, uşağın yanında qaldığı valideyn (məsələn, ana) digər tərəfdən uşaqların saxlanması üçün müvafiq məbləğdə aliment tələb etmək hüququna malikdir.
 
Bu hüquqi prosesi başlatmaq üçün tərəflər ilk növbədə məcburi ilkin mediasiya mərhələsindən keçməlidirlər. Mediasiya haqqında qanunvericiliyə görə, məhkəməyə getmədən əvvəl rəsmi qeydiyyatdan keçmiş mediasiya təşkilatına müraciət olunmalı və bu xidmət üçün 60 manat məbləğində rüsum ödənilməlidir. Bu mərhələnin əsas məqsədi ailə daxili mübahisələri tərəflərin qarşılıqlı razılığı ilə, könüllü əsaslarla və daha qısa zamanda həll etmək, uşaqların maraqlarını qorumaqdır.
 
Əgər mediasiya sessiyaları zamanı ər və arvad arasında alimentin miqdarı və ödənilmə forması barədə ortaq məxrəcə gəlinməzsə, proses növbəti mərhələyə - məhkəmə müstəvisinə keçir. Belə olan halda, iddiaçı tərəf aliment təyin edilməsi tələbinə dair rəsmi iddia ərizəsi ilə yaşadığı ərazi üzrə məhkəməyə müraciət etməlidir. Maddi çətinlik çəkən valideynlərin və xüsusilə uşaqların hüquqlarının müdafiəsini asanlaşdırmaq məqsədilə, qanun bu növ müraciətlər zamanı vətəndaşları böyük bir yükdən azad edir; belə ki, aliment iddiaları üzrə məhkəməyə müraciət edərkən heç bir dövlət rüsumu ödənilmir.
 
Nəsimi Ələsgərli
Chosen
16
day.az

1Sources