EN

Hamı mənə gözaydınlığı verdi 31 il sonra dəfn olunan şəhidin qardaşı

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Rəşadət Piriyevin nəşi 31 ildən sonra Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.Şəhidin qardaşı Şahsuvar Piriyev bu haqda Modern.az-a danışıb.Onun sözlərinə görə, Rəşadət Piriyev Azərbaycanın ilk çağırışçılarından olub və müharibənin ən ağır dövrlərində döyüşüb:“O və döyüş yoldaşları Azərbaycanın ilk əsgərləri idilər. Füzulidə döyüşdü, sonra Ağdamda, Laçında. Müddəti qurtarsa da, müharibə gedirdi deyə, heç kimi evə buraxmırdılar. Ağdamda yaralandı, başında, boynunda, çiynində qəlpələr qalmışdı”.Şahsuvar Piriyev bildirib ki, sonradan onların hərbi hissəsi Kəlbəcərə köçürülüb:“1993-cü ilin axırlarında hərbi hissələrini Kəlbəcərə köçürdülər. Dedi ki, uşaqların yanına getmək istəyir. Dedilər problem yoxdur, qal. Amma qala bilmədi. Deyirdi uşaqlardan ayrı dura bilmir. 1994-cü ilin fevralın 8-də ən ön posta çıxıblar. Kəlbəcər uğrunda gedən döyüşlərdə 22-23 əsgər son damla qanlarına qədər Qızılqaya deyilən ərazidə döyüşüb şəhid oldular”.Şahsuvar Piriyev deyib ki, Rəşadət alənin sonbeşiyi, evin ən sevilən övladı idi:“Həm sonbeşiyimiz idi, həm də çox qoçaq idi. Səbirsiz idi, gördüyü işi tez bitirmək istəyirdi. Hamımz gedib işləyirdik. O hamıdan tez, hamıdan çox işləyirdi. Axırda da deyirdi "mənim payımı verin, tez gedim futbol oynayım". Əlinə aldığı işi tez görmək istəyirdi”.Şahsuvar Piriyev bildirib ki, bu illər ərzində şəhidin adı ailədə yaşadılıb:“Mənim nəvəmin adı da Rəşadətdir. Oğlumun oğludur, indi 3 yaşı var. Dayımın nəvəsinə də onun adını qoymuşuq. O da könüllü olaraq müharibədə iştirak edib. Torpaqlarımız azad olunandan sonra təhsil aldı, indi baş leytenant kimi dövlətimizə xidmət edir. Adı Rəşadət Məmmədzadədir”.O, torpaqların azad olunmasını həyatının ən böyük təsəllilərindən biri adlandırıb:“Səmimi deyim ki, bir vaxtlar torpaqlarımızın geri alınacağına ümidimiz yox idi. Bu sevinci bizə Ali Baş Komandan yaratdı. Şəhidlərimiz, qazilərimiz, veteranlarımız çiyin-çiyinə döyüşdülər. "Dəmir yumruğ"un hesabına torpaqlarımız alındı”.Şahsuvar Piriyev bildirib ki, itkin şəhidlərin tapılması digər ailələr üçün də böyük təsəlli olacaq:“Bu gün hamı mənə gözaydınlığı verir, mən də o səmimi sözləri qəbul edirəm. İndi bizim kimi nə qədər ailə sevinəcək. Ən azı övladlarını dəfn edəcəklər, ziyarət yerləri olacaq. Allah övladı, yaxını itkin düşən hamıya bu günü qismət etsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
1
modern.az

2Sources