EN

Ukrayna Müdafiə Nazirliyi: Rusiya döyüş meydanında 13 min dəfədən çox kimyəvi maddədən istifadə edib

Kiyev, 22 may, AZƏRTAC

Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başlanğıcından bəri Rusiya ordusunun döyüş meydanında kimyəvi sursatdan istifadə etməsi ilə bağlı 13300-dən çox hadisə rəsmi olaraq qeydə alınıb.

AZƏRTAC Ukrayna Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu barədə Minatəmizləmə, Mülki Müdafiə və Ətraf Mühitin Təhlükəsizliyi Baş İdarəsinin rəis müavini polkovnik Valeri Veber Kişineuda “Kütləvi qırğın silahlarının və materiallarının yayılmasına qarşı qlobal tərəfdaşlıq” G7 Təşəbbüsünün Texniki yardım haqqında Məlumat mübadiləsi Qrupunun iclasında bildirib.

Ukrayna nümayəndə heyəti beynəlxalq tərəfdaşlara Rusiyanın kimyəvi maddələrdən istifadəsinin dinamikasını təqdim edib.

Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ildə onların istifadəsi əsasən epizodik olsa da, hücumların intensivliyi 2024-cü ildən bəri sürətlə artıb. Bu ilin birinci yarısına olan məlumata görə, düşmənin kimyəvi sursatlardan istifadəsinin ümumi səviyyəsi bütün təmas xətti boyunca sabit yüksək olaraq qalır.

Rusiyadan gələn daimi təhdidləri nəzərə alaraq, Ukrayna tərəfdaşlarını kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsizliyi sahəsində dəstəyi gücləndirməyə çağırıb.

Bu baxımdan V.Veber xarici həmkarlarına Müdafiə Nazirliyinin hərbi obyektlərində radiasiya nəzarəti sahəsində imkanların artırılması, radiasiya təhdidlərinə cavab verilməsi, sərf olunmuş radiasiya mənbələri ilə təhlükəsiz şəkildə davranması və ekoloji təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılması üçün vacib layihə təkliflərini təqdim edib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Chosen
40
1
azertag.az

2Sources