Ajans.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, sözügedən marşrut üzrə beş yaşınadək uşaqlar ayrıca yer tutmamaq şərtilə pulsuz səyahət edə bilərlər. 5-10 yaş arası uşaqlar üçün isə səyahət sinfi, alış tarixi və mövsümdən asılı olaraq biletlərin qiymətinə 50 faizədək endirim tətbiq olunur. Qurum sərnişinlərin nəzərinə əsas daşınma qaydalarını da çatdırıb: - Beş yaşınadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq şəkildə rəsmi qaydada sənədləşdirilməlidir; - Uşaqların qatarda səyahəti yalnız etibarlılıq müddəti bitməmiş xarici pasport əsasında mümkündür; - Əgər uşaq ölkə hüdudlarından kənara yalnız bir valideynlə səyahət edirsə, digər valideynin, valideynsiz (digər şəxslərin müşayiəti ilə) səyahət edirsə, hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi (etibarnaməsi) təqdim olunmalıdır. Qeyd edək ki, biletləri ADY-nin rəsmi saytından, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.