EN

WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi

WUF13-ün əsas nəticəsi “Bakı Fəaliyyətə Çağırışı” (Baku Call to Action) sənədinin qəbul edilməsi olub.

Publika.az WUF13 Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, sözügedən sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir.

Sənəddə xüsusilə bəyanatlardan real fəaliyyət mərhələsinə keçidin vacibliyi vurğulanır. Bununla yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, iqlim maliyyələşməsinin genişləndirilməsi əsas prioritetlər kimi qeyd edilir. Eyni zamanda, mənzil siyasətinin infrastruktur, nəqliyyat, sosial müdafiə, ekologiya və iqtisadi inkişaf məsələləri ilə inteqrasiyasının əhəmiyyəti ön plana çəkilir.

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşü zamanı iştirakçılar bildiriblər ki, Kito şəhərində qəbul edilən proqramın üzərindən on il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət indi onun icrasında həlledici mərhələyə daxil olur. Görüşdə xüsusi olaraq vurğulanıb ki, mənzil yalnız tikinti məsələsi deyil, həm də sosial ədalətin, insan ləyaqətinin, dayanıqlılığın və iqtisadi imkanların əsasını təşkil edir.

Bununla yanaşı, Forum Azərbaycanın dayanıqlı inkişaf, şəhər mühitinin modernləşdirilməsi və post-münaqişə bərpası istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə tanınması baxımından da mühüm əhəmiyyət daşıyıb. Forum iştirakçıları azad edilmiş ərazilərdə aparılan bərpa işlərini, müasir şəhər həllərini və dayanıqlı ərazi inkişafı yanaşmalarını yüksək qiymətləndiriblər.

Chosen
4
16
publika.az

2Sources