EN

Erkən nikah gələcək nəsillər üçün ciddi təhlükədir

Erkən nikah problemi müasir dünyada insan hüquqlarının pozulması və qlobal inkişafa mane olan ən aktual məsələlərdən biri olaraq qalır. Bu tendensiya inkişaf etməkdə olan ölkələrin əksəriyyətində olduğu kimi, bu gün Azərbaycanda da ciddi sosial, hüquqi və demoqrafik fəsadlar törədən aktual problem kimi qarşıya çıxır. Yetkinlik yaşına çatmadan, yəni fərdin fiziki və mənəvi formalaşma dövrü hələ tamamlanmadan ailə qurmağa məcbur edilən yeniyetmələr, xüsusilə də qız uşaqları həyatlarının növbəti mərhələlərində həm fiziki, həm psixoloji, həm də sosial-iqtisadi baxımdan olduqca ağır və bəzən bərpası mümkün olmayan nəticələrlə üzləşirlər. Müxtəlif sahələrin mütəxəssisləri, sosioloqlar və hüquqşünaslar yekdilliklə hesab edirlər ki, erkən nikah qurbanı olan şəxslərin dramı yalnız bir fərdin və ya konkret bir ailənin problemi deyil. Bu, bütövlükdə cəmiyyətin gələcək genofonduna, intellektual potensialına və mənəvi sütunlarına mənfi təsir göstərən təhlükəli bir tendensiyadır. Təəssüflə qeyd etməliyik ki, qanunvericiliyin sərtləşdirilməsinə və aparılan mütəmadi monitorinqlərə baxmayaraq, ölkənin bəzi bölgələrində və müəyyən icmalarda hələ də qız uşaqlarının erkən yaşda ərə verilməsinə normal bir hal, adət-ənənənin bir parçası kimi yanaşılır. Bu mental düşüncə tərzi problemi daha da dərinləşdirir. Halbuki, yeniyetməlik dövründə, emosiyaların və şəxsiyyətin hələ tam formalaşmadığı bir mərhələdə verilən və ya valideyn təzyiqi ilə qəbul etdirilən bu qərarlar gənclərin həyatını kökündən və geri dönməz şəkildə dəyişir. Təhsil eksperti Məzahir MəmmədliMetbuat.az-a bildirib ki, erkən nikah problemi yalnız ailə məsələsi deyil, bütövlükdə cəmiyyətin gələcəyinə təsir göstərən ciddi sosial problemdir: “Qızların erkən yaşda ailə qurmağa məcbur edilməsi onların təhsil hüququnun pozulması ilə yanaşı, şəxsi inkişaf imkanlarını da məhdudlaşdırır. Təhsildən uzaq düşən yeniyetmə qızlar gələcəkdə peşəkar fəaliyyət göstərmək, iqtisadi müstəqillik qazanmaq və cəmiyyətin inkişafında fəal iştirak etmək imkanlarını böyük ölçüdə itirirlər. Bu isə həm insan kapitalının zəifləməsinə, həm də sosial asılılığın artmasına səbəb olur. Unutmaq olmaz ki, savadlı və güclü qadın cəmiyyətin əsas dayaqlarından biridir. Qadınların təhsildən kənarda qalması ölkənin intellektual potensialına və gələcək inkişafına ciddi mənfi təsir göstərir”.Fotoda: təhsil eksperti Məzahir Məmmədli
Məsələnin tibbi tərəfi də narahatedicidir və düşünmək üçün kifayət qədər əsaslı sayılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də erkən nikahların yaratdığı fəsadlar və gələcəkdə doğura biləcəyi böyük risklərlə bağlı mütəmadi olaraq ictimaiyyətə ciddi xəbərdarlıqlar və müraciətlər edir. Qurumun rəsmi məlumatlarında qeyd olunur ki, fiziki və psixoloji inkişafı tam başa çatmamış yeniyetmələrin ailə həyatı qurması birbaşa insan sağlamlığına qarşı yönəlmiş bir təhdiddir. Xüsusilə belə nikahlar fonunda baş verən erkən hamiləlik həm gənc ananın, həm də dünyaya gələcək körpənin həyatı üçün tibbi baxımdan ən böyük risk faktorlarından biri hesab edilir. Orqanizm reproduktiv funksiyanı tam yerinə yetirməyə hazır olmadığından, bu proses çox vaxt faciəvi nəticələnir.Həkim Cavid Vaqifoğlunun sözlərinə görə, 18 yaşdan əvvəl, yəni bioloji inkişaf yekunlaşmadan baş verən hamiləliklər zamanı ağır doğuş patologiyaları, kəskin ginekoloji xəstəliklər, xroniki qanazlığı (anemiya), ağır hormonal pozuntular və toksikoz halları qaçılmaz olur. Hətta ən acınacaqlısı odur ki, bu yaş qrupunda ana ölümü riski yetkin yaşlı qadınlarla müqayisədə bir neçə dəfə yüksəkdir: “Yeniyetmə qızların çanaq sümükləri və ümumi daxili orqanlar sistemi hələ tam formalaşmadığından, doğuş zamanı ağır daxili travmaların və qanaxmaların baş verməsi ehtimalı pik həddə çatır. Bununla yanaşı, erkən yaşda ana olanların zəif immuniteti, həmçinin hamiləlik dövründə düzgün və balanslı qidalanmama fəsadları birbaşa dölə təsir edir. Nəticədə körpələrin vaxtından əvvəl, az çəkili, anadangəlmə qüsurlarla və ciddi xroniki sağlamlıq problemləri ilə doğulması hallarına çox tez-tez rast gəlinir. Bu isə xəstə nəsillərin yetişməsinə rəvac verir”.Həkim bildirib ki, erkən nikahların dağıdıcı təsiri təkcə fiziki sağlamlıq problemləri ilə məhdudlaşmır, onun görünməyən nəhəng psixoloji tərəfləri də var. Onun sözlərinə görə, uşaqlıq dövründən birbaşa böyük bir ailənin idarə edilməsi, məişət qayğıları və ana olmaq kimi ağır məsuliyyətlərin altına salınan yeniyetmələrdə ağır depressiya, posttravmatik stress pozuntusu və keçici olmayan psixoloji gərginliklər yaranır: “Onlar hələ oyun oynamaq və ya dərs oxumaq yaşında ikən özlərini ağır bir yükün altında tapırlar. Sosial həyatdan, tay-tuşlarından, dost çevrəsindən tamamilə uzaq düşən, fərdi inkişafını və təhsilini yarımçıq qoyan bu gənclər, gələcəkdə həm maddi, həm də mənəvi cəhətdən tamamilə başqalarından asılı vəziyyətə düşürlər. Özünəinam hissini itirən fərd cəmiyyətdən təcrid olunur”. Cavid Vaqifoğlu qeyd edib ki, erkən nikaha məcbur edilən şəxslər gələcəkdə ailədaxili zorakılığa və istismara qat-qat daha çox məruz qalırlar: “Bunun əsas səbəbi həmin yeniyetmələrin həm hüquqi savadının olmaması, həm də öz təməl haqlarını müdafiə etməkdə, səslərini ucaltmaqda çətinlik çəkmələridir. Onlar fiziki və ya mənəvi təzyiq qarşısında hara müraciət edəcəklərini və özlərini necə qoruyacaqlarını bilmirlər. Bu vəziyyət isə cəmiyyətdə boşanmaların sayının artmasına, kimsəsiz uşaqların çoxalmasına və sosial problemlərin zəncirvari şəkildə daha da dərinləşməsinə birbaşa yol açır”. Digər tərəfdən, ekspertlər və sosioloqlar haqlı olaraq hesab edirlər ki, erkən nikah yalnız qızların deyil, oğlanların da həyatına və gələcəyinə son dərəcə mənfi təsir göstərir. Çox vaxt bu məsələdə oğlanlar diqqətdən kənarda qalsa da, erkən yaşda ailə başçısı olmaq, heç bir peşəsi və daimi gəliri olmadan ailə saxlamaq məcburiyyəti onların da çiyinlərinə ağır yük qoyur. Bu basqı oğlanların təhsildən uzaqlaşmasına, vaxtından əvvəl ağır fiziki əməyə cəlb olunmasına, bitib-tükənməyən maddi sıxıntılarla və böyük psixoloji təzyiqlərlə üzləşməsinə gətirib çıxarır. Gənc oğlan daxili böhran keçirir və nəticədə həm onun şəxsi inkişafı, həm də gələcək karyera qurmaq imkanları birdəfəlik zəifləyir. Belə ailələr iqtisadi cəhətdən çox zəif və dayanıqsız olur.Sonda vurğulamaq yerinə düşər ki, erkən nikah problemi lokallaşdırılmış və ya gizlədilməli olan adi bir məişət məsələsi deyil. Bu problem gələcək nəsillərin genetik və fiziki sağlamlığına, ümumilikdə ölkənin sosial rifah reytinqinə və uzunmüddətli iqtisadi inkişaf perspektivlərinə birbaşa təsir edən milli səviyyəli bir məsələdir. Sağlam bünövrəyə malik, savadlı, azad fərdlərdən ibarət bütöv bir cəmiyyətin formalaşması üçün erkən nikahlarla sistemli mübarizə aparmaq təkcə dövlət qurumlarının deyil, bu cəmiyyətdə yaşayan hər bir fərdin, hər bir valideynin və ziyalının ortaq və qaçılmaz məsuliyyəti hesab olunmalıdır.Aynur Abdınova / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə dərc olunub.

Chosen
69
metbuat.az

1Sources