Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motor” proqram təminatındakı xəta səbəbindən ABŞ-dən 421 mindən çox avtomobilini geri çağırır.
Bu barədə ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Məlumata görə, sözügedən problem avtomobillərdə qəfil və gözlənilməz tormozlanmaya (əyləc sistemi) səbəb ola bilər.
Bu kampaniya 2025-2026-cı illərdə istehsal edilmiş “Santa Cruz”, “Tucson”, “Tucson Hybrid” və “Tucson Plug-In Hybrid Electric” modellərinin müəyyən bir hissəsini əhatə edir.
Nəqliyyat vasitələrinin ön kameralarındakı proqram təminatında baş verən xəta əyləc sistemlərinin vaxtından əvvəl aktivləşməsinə səbəb ola bilər. Bu da qəza riskini artmasına yol açır. Dilerlər pulsuz proqram təminatı yeniləməsi təmin edəcəklər.
Bu həftənin əvvəlində “Hyundai” hibrid güc aqreqatının həddindən artıq qızması ilə əlaqəli yanğın riski səbəbindən ABŞ-də 54 mindən çox avtomobili geri çağırıb.
Oxu.az


