EN

Lukas Podolski karyerasını başa vurdu – ARENA.AZ

Futbol üzrə Almaniya milli komandasının sabiq hücumçusu Lukas Podolski peşəkar futbolçu karyerasını başa vurmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə futbolçunun çıxış etdiyi Polşanın “Qurnik” (Zabje) klubu məlumat yayıb.

Klub eyni zamanda 40 yaşlı futbolçunun “Qurnik”in səhmdarlardan birinə çevrildiyini də təsdiqləyib.

Podolskinin futbolçu kimi son oyunu Polşa çempionatının son turunda “Radomyak”a qarşı matç olacaq.

Xatırladaq ki, Lukas Podolski 2021-ci ilin iyul ayında Türkiyənin “Antalyaspor” klubundan azad agent kimi ayrılaraq “Qurnik”lə müqavilə bağlamışdı. Almaniyalı hücumçu indiyə kimi Zabje təmsilçisində 134 oyuna çıxıb. O, bu görüşlərdə 25 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub.

Təcrübəli forvard karyerası ərzində Almaniyada “Bayern”, “Köln”, İtaliyada “İnter”, İngiltərədə “Arsenal”, Türkiyədə “Qalatasaray” və “Antalyaspor”un, Yaponiyada “Vissel Kobe”nin uğurları üçün çalışıb. Lukas Almaniya yığmasının heyətində meydana çıxdığı 130 oyunda 49 qola imza atıb.

Onun əvvəlki klublarındakı statistikası belədir:

“Köln” – 181 oyun, 86 qol, 41 asist
“Bayern” – 106 oyun, 26 qol, 20 asist
“Arsenal” – 82 oyun, 31 qol, 17 asist
“Qalatasaray” – 75 oyun, 34 qol, 18 asist
“Vissel Kobe” – 60 oyun, 17 qol, 12 asist
“Antalyaspor” – 47 oyun, 7 qol, 5 asist
“İnter” – 18 oyun, 1 qol, 4 asist

Podolski 2007/2008 mövsümündə “Bayern”lə Almaniya çempionu olub, ölkə kubokunu qazanıb. O, “Arsenal”la İngiltərə Federasiya kubokunun (2013/2014), “Qalatasaray”la Türkiyə kubokunun (2015/2016) və Super Kubokunun (2015 və 2016) qalibi olub. 2014-cü ildə Almaniya yığmasıyla dünya çempionu olan futbolçu DÇ-2006 və DÇ-2010-da da bürünc medallarla kifayətlənib. Futbolçu AÇ-2008-də də gümüş medal qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
48
12
arena.az

10Sources