EN

Təhsilə verilən dəyər, gələcəyə qoyulan sərmayə



Bir ölkənin inkişafını müəyyən edən əsas amillərdən biri onun təhsil sistemidir. Güclü iqtisadiyyat, sağlam cəmiyyət, yüksək intellektual potensial və dayanıqlı dövlətçilik məhz savadlı nəslin yetişməsi ilə mümkündür. Buna görə də məktəb tikmək yalnız bir bina ucaltmaq deyil, gələcəyə sərmayə qoymaq, sabahın vətəndaşını formalaşdırmaq deməkdir. Milli Məclisin deputatı Cavanşir Feyziyevin ictimai fəaliyyətində təhsil sahəsinə göstərilən diqqət xüsusi yer tutur. Onun illər ərzində həyata keçirdiyi sosial layihələr, deputat seçildiyi bölgədə məktəblərin tikintisi və təhsil mühitinin yaxşılaşdırılmasına yönələn təşəbbüsləri, gənc nəslə, elmə və ölkənin gələcəyinə verilən önəmin göstəricisi kimi dəyərləndirilir. Bir neçə gün əvvəl millət vəkili Cavanşir Feyziyev Şəki rayonunun Böyük Dəhnə kəndində tikilməkdə olan yeni məktəb binasına baş çəkərək aparılan tikinti işləri ilə maraqlanıb. Bu ziyarət sadəcə tikinti prosesinə nəzarət xarakteri daşımır. Bu, həm də təhsilin cəmiyyət həyatında tutduğu yerə verilən önəmin, uşaqların daha yaxşı şəraitdə təhsil alması istiqamətində göstərilən diqqətin növbəti ifadəsidir. Bu gün məktəb anlayışı yalnız sinif otaqları, partalar və dərsliklərlə məhdudlaşmır. Müasir məktəb uşağın düşüncə tərzinin formalaşdığı, dünyaya baxışının yarandığı, milli-mənəvi dəyərlərlə yanaşı müasir biliklər qazandığı bir mərkəzdir. Belə bir mühitin yaradılması isə gələcək nəslin inkişafı üçün olduqca vacibdir. Cavanşir Feyziyev tərəfindən müxtəlif illərdə dəstəklənən məktəb tikintiləri, təhsil yönümlü təşəbbüslər də, məhz bu məqsədə xidmət edir. Böyük Dəhnədə yeni məktəb binasının inşası, mövcud təhsil şəraitinin yaxşılaşdırılması, kənd uşaqlarının da yüksək səviyyəli təhsil imkanlarından faydalanmasına şərait yaradır. Çünki, istedad yalnız böyük şəhərlərdə doğulmur. Ən böyük alim, həkim, müəllim, mühəndis və dövlət xadimi ucqar kənd məktəbində də yetişə bilər. Təhsilə qoyulan sərmayənin ən böyük üstünlüyü onun illər sonra cəmiyyətə qatdığı dəyərdə görünür. Bu gün müasir məktəbdə təhsil alan bir uşaq sabah ölkənin iqtisadiyyatını inkişaf etdirən mütəxəssisə, elmini irəli aparan alimə, cəmiyyətə fayda verən ziyalıya çevrilə bilər. Buna görə də hər tikilən məktəb əslində Azərbaycanın gələcəyinə açılan yeni bir qapıdır. Məktəb layihələrinin arxasında yalnız tikinti prosesi dayanmır. Burada valideynlərin arzuları, müəllimlərin zəhməti, uşaqların ümidləri və bütöv bir cəmiyyətin sabaha olan inamı var. Rahat və müasir təhsil mühiti uşaqların dərsə marağını artırır, onların potensialını üzə çıxarmağa imkan yaradır. Cavanşir Feyziyevin fəaliyyətində diqqət çəkən mühüm cəhətlərdən biri də, onun sosial məsuliyyət anlayışına yanaşmasıdır. Təhsil, səhiyyə, mədəniyyət və infrastruktur sahələrinə göstərilən diqqət, onun insan amilinə verdiyi önəmi nümayiş etdirir. Çünki, inkişaf yalnız yolların, binaların tikilməsi ilə ölçülmür, inkişaf ilk növbədə insanın inkişafıdır. Şəkinin Böyük Dəhnə kəndində inşa olunan məktəb də, gələcəyə hesablanmış belə layihələrdən biridir. Yeni məktəb binasının istifadəyə verilməsi yüzlərlə şagirdin daha müasir və təhlükəsiz şəraitdə təhsil almasına imkan yaradacaq. Bu isə yalnız bir kənd üçün deyil, bütövlükdə ölkənin təhsil potensialı üçün önəmli töhfədir. Bu gün Azərbaycan öz inkişaf yolunda insan kapitalının gücləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bu məqsədə çatmağın yolu isə keyfiyyətli təhsildən keçir. Təhsil sahəsinə göstərilən diqqət, yeni məktəblərin inşası və gənc nəslin inkişafına yönəlmiş təşəbbüslər ölkəmizin işıqlı sabahının əsas təminatıdır. Çünki, hər məktəb binası sadəcə divarlar və damdan ibarət deyil. Hər məktəb bir ümid, bir gələcək, bir həyat məktəbidir. Orada yetişən uşaqlar Azərbaycanın sabahını quracaq insanlar olacaq. Gələcəyə aparan ən etibarlı yol məhz təhsildən keçir. Təhsilə verilən dəyər isə əslində dövlətə, xalqa və gələcək nəsillərə verilən dəyərin ifadəsidir. Bu baxımdan məktəb tikintisi və təhsil layihələri cəmiyyətin inkişafında mühüm rol oynayan, uzun illər öz bəhrəsini verəcək əhəmiyyətli təşəbbüslər kimi yadda qalır. Cavanşir Feyziyevin həyata keçirdiyi təşəbbüslər də, gələcəyimiz olan uşaqların daha yaxşı şəraitdə təhsil almasına, savadlı və vətənpərvər nəsil kimi yetişməsinə xidmət edir. Deputatın təhsilə verdiyi önəm, əslində Azərbaycanın işıqlı gələcəyinə, ölkəmizin sabahını quracaq gənclərə verilən dəyərin bariz nümunəsidir.

Lamiyə İsazadə, yazıçı-publisist,

Prezident təqaüdçüsü

Chosen
42
baki-xeber.com

1Sources