EN

Ümummilli Liderimiz 28 Mayda təməli qoyulan dəyərləri hər zaman uca tutub - RƏY

28 May Azərbaycan xalqının dövlətçilik iradəsinin, azadlıq düşüncəsinin və milli birliyinin simvolu olan tarixi gündür. 1918-ci ildə çətin geosiyasi şəraitdə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşdü. Həmin dövrdə xalqımız böyük təzyiqlər, siyasi qarışıqlıqlar və xarici müdaxilələrə rəğmən öz dövlətini qura bildi. Bu gün Azərbaycan beynəlxalq müstəvidə daha güclü, söz sahibi olan, regionda mühüm siyasi mövqeyə malik dövlət kimi çıxış edir. Qloballaşan çağdaş dövrdə ölkəmizin dünya arenasında artan nüfuzu, ərazi bütövlüyünün təmin olunması və həyata keçirilən böyük layihələr göstərir ki, 28 May ruhu bu gün də yaşayır və inkişaf edir. Tarixin ağır günlərində əsası qoyulan istiqlal ideyası indi müstəqil və qüdrətli Azərbaycan reallığında öz təzahürünü tapır. 28 May tarixi bizə xatırladır ki, dövlət müstəqilliyi sadəcə keçmişin mirası deyil, həm də gələcəyə yönəlmiş məsuliyyət və milli həmrəylik çağırışıdır.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, müstəqillik insan həyatında və cəmiyyətində ən dəyərli keyfiyyətlərdən biridir.

 

Politoloq vurğulayıb ki,  azad yaşamaq lazımsız nəzərət olmadan seçim etmək və tamamilə başqalarından asılı olmadan öz məsuliyyətini dərk edərək davranmaq bacarığını ifadə edən bir məhfumdur: “Müstəqilliyi yalnız xalqların siyasi azadlığı ilə çərçivələndirmək də düzgün deyil. Bu həm də fərdlərin şəxsi azadlığı deməkdir. Bu azadlıq isə həyatın hər bir sahəsinə sosial, emosional, maliyyə və intellektual sahələrə də təsir edir. Şübhəsiz ki, müstəqillik milli səviyyədə başa düşülərkən bu suverenliyin əsası deməkdir. Əgər bir ölkə müstəqillik qazanırsa, xarici idarəçilik olmadan özünü idarə etmək hüququ əldə edir. Dünya tarixi xalqların müstəqillik uğrunda mübarizələri ilə doludur. İnsanlar özləri və gələcək nəsillər üçün azadlığı təmin etmək naminə həyatlarını qurban veriblər. Bir çox ölkələrdə qeyd olunan müstəqillik günü vətəndaşlara bu mübarizələri və azadlığın nə demək olduğunu yenidən xatırladır. Bu, birlik, cəsarət, ortaq evimiz kimi başa düşülən vətəni qurmaq əzminin ümumi ruhunu təmsil edir, həm də bütöv ruh deməkdir. Bəli, müstəqillik həm azad, həm də bütöv ruh deməkdir. Şəxsi müstəqillik də eyni dərəcədə vacibdir. Fərdlər üçün müstəqillik sərbəst düşünmək, sərbəst qərarlar vermək, şəxsi dəyərlər və məqsədlərə çatmaq uğrunda yaşamaq mübarizəsidir. Maliyyə müstəqilliyi insanlara başqalarına güvənmədən özlərini təmin etmə imkanı verir. Emosional müstəqillik insanlara çətinliklərə qarşı sinə gərməyə, mübarizə aparmağa güc, stimul verir. Şübhəsiz ki, müstəqilliyin formalaşmasında əsas fundament təhsildir. Çünki məhz bilik insanlara şüurlu, məlumatlı seçimlər etməyə, cəmiyyətə müsbət töhfə verməyə imkan və fürsətlər yaradır. Müstəqillik özü ilə bərabər bir anlayış da gətirir ki, o da məsyliyyətdir. Çünki azadlıq, heç bir məhdudiyyət olmadan istədiyin hər şeyi etmək demək deyil. Bu, başqalarının hüquqlarına hörmət etmək, düzgün seçimlər etmək deməkdir”.

 

Ş.Həsənova bildirib ki, hər kəs müstəqillikdən faydalanarsa, intizamı, əməkdaşlığı, tolerantlığı, qarşılıqlı anlaşmanı təşviq edər: “Şübhəsiz ki, bu ilkin dəyərlər olmadan sivil cəmiyyət qurula bilməz. Çünki bunun əksi xaos, münaqişə və anarxiya deməkdir. Həqiqi müstəqilliyi həm də balansda görməliyik. Yəni sənin azad yaşamağınla bərabər başqaları ilə harmoniya qurmaq qabiliyətin. Müasir dövrdə isə müstəqillik yeni ölçülər əldə edib, texnoloji inkişaf, qloballaşma, bunun hər biri fərdi seçimlərə, imkan və perspektivlərə təsirsiz ötüşmür. Yəni heç bir ölkə və fərd tamamilə təcrid olunmuş vəziyyətdə deyil. Çünki bu gün dövlətlər siyasi və iqtisadi müstəqilliklərini qurmağa çalışsalar da, ticarət, təhlükəsizlik, nəqliyyat və kommunikasiya, logistika, inkişaf üçün beynəlxaq əməkdaşlığa ehtiyac duyurlar. Fərd də bu cürdür. İnsan nə qədər müstəqil olmağa can atsa da, ailəyə, dosta, cəmiyyətə, bunların hər birinin dəstəyinə ehtiyacı var. Bu isə göstərir ki, müstəqillik ayrılmaq, parçalanmaq, haçalanmaq demək deyil. Tam əksinə, düzgün seçim etməklə, bu gücə sahib olmaqla yanaşı sağlam əlaqələr qurmaqdır. Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə malik bir xaqdır. 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı quran dahilərin izi ilə addımladığımız, o inama, qətiyyətə, fədakarlığa sahib olduğumuz üçün biz 44 günlük Vətən müharibəsində tam qələbə əldə etdik. Bəli, bu tam qələbə idi, o baxımdan ki, milli, emosional kontekstdə biz heç bir halda natamam xalq və dövlət olmadığımızı sübut etdik. Fiziki baxımdan isə müəyyən natamamlığı 2023-ci ilin antiterror əməliyyatlarında doldurduq. Bir daha sübut etdik ki, mənəvi baxımdan bizi natamam qoymağa, saxlamağa, dayandırmağa çalışan qüvvələrin qarşısında məhz xalqın əzmi dayanır. Əvəzsiz şəxsiyyət, dahi azərbaycanlı ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik. Biz özümüz, öz taleyimizin sahibiyik. Bunun üçün, yalnız bunun üçün aylarla əziyyət çəkmək olar, bunu qorumaq hər bir insanın canından da artıqdır”. Bəli, 44 günlük Vətən müharibəsində canımızı ortaya qoyduq, qanımızı tökdük və sübut etdik ki, torpaqdan dəyərli heç bir şey yoxdur. Nəfəsimiz də torpağa qurbandır. Ömrümüz də, həyatımız da bu torpaq uğrunda fədadır. Qarabağı bir dəfə olsun belə görməyən oğullar, gənc Azərbaycan oğulları gözlərini belə qırpmadan torpaq uğrunda canlarından keçdilər. Biz müstəqilliyi belə qazandığımız üçün belə də qoruduq. 28 May bizim Şanlı tariximizdir. 28 May bizim tariximizin baş tacıdır. Ümummilli Liderimiz 28 Mayda təməli qoyulan dəyərləri hər zaman uca tutub. Cənab Prezident, Müzəffər Ali Baş Komandan həmin dövrün tarixi şəxsiyyətlərini hörmətlə yad edib. Hər iki dahi şəxsiyyət müstəqilliyi əldə edən, çox qısa müddətdə olsa belə, Azərbaycan xalqına bu dadı yaşadan insanları hər zaman dərin hörmətlə anıblar. Ümummilli Liderimizin dahiliyi də, dövlət başçımızın müdrikliyi də  məhz bundadır. Bəli, biz tariximizə, onun hər səhifəsinə, hər bir tarixi şəxsiyyətimizə dəyər verməliyik, sahib çıxmalı, hər bir məsələdə milli birlik nümayiş etdirməliyik. Şübhəsiz ki, o dövrün Azərbaycanı ilə bu dövrün Azərbaycanı arasında yerlə-göy qədər fərq var. Azərbaycanı 1900-cu illərin Azərbaycanı bilirdilər. Düşünürdülər ki, 1991-dan 1993-ə qədər necə anarxiya yaratmışdılarsa, o cür də parçalayacaqlar, əzmini sındıracaqlar, qıracaqlar, işğalı da qəbul etdirəcəklər. Lakin müdrik Azərbaycan xalqı prosesin heç bir mərhələsində nə qədər çətinlik olsa da, bununla barışmadı. Bu baxımdan müstəqilliyin varisləri biz o tarixi şəxsiyyətlərimizə dərin hörmətlə yanışmalıyıq. Onların qoyduğu dəyərləri ilk öncə özümüz düzgün dərk etməli, gələcək nəsillərə aşılamalıyıq və sadəcə sözümüzdə deyil, əməlimizdə düzgün addımlar atmalıyıq. Odur ki, hər bir sözümüzün də, onun çəkisini də, yerini də düzgün müəyyənləşdirməli, tutduğumuz vəzifəyə, sahib olduğumuz mövqeyə hörmət etməli, üç rəngli, ay-ulduzlu müqəddəs bayrağımızı baştacı etməli və heç bir halda xalqdan ayrı düşməməliyik”.

 

Politoloq Yusif Bağırzadə isə deyib ki, 28 May Azərbaycanın siyasi tarixində dövlətçilik ideyasının başlanğıc nöqtəsi hesab olunur:

 

“1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika kimi tarixə düşdü. Həmin dövrdə qəbul olunan qərarlar, parlamentin yaradılması, qadınlara seçki hüququnun verilməsi, milli ordunun formalaşdırılması və dövlət atributlarının təsis olunması bu gün də müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsasları hesab olunur. Lakin o dövrün Azərbaycanı ilə bugünkü müstəqil Azərbaycan arasında həm ciddi fərqlər, həm də müəyyən tarixi paralellər mövcuddur. 1918–1920-ci illərin Azərbaycanı daha çox ideya üzərində qurulmuş dövlət idi. Yeni yaranmış respublika son dərəcə mürəkkəb geosiyasi şəraitdə fəaliyyət göstərirdi. Bir tərəfdən bolşevik Rusiyası, digər tərəfdən erməni silahlı dəstələri və regiondakı böyük güclərin maraq toqquşmaları cümhuriyyətin dayanıqlığını zəiflədirdi. Dövlətin iqtisadi bazası zəif, ordusu tam formalaşmamış, siyasi sistemi isə hələ oturuşmamışdı. Buna baxmayaraq, həmin dövrün siyasi elitası milli dövlət qurmaq ideyasını prioritetə çevirmişdi. Bugünkü Azərbaycan isə artıq ideya mərhələsini keçərək institusional dövlət modelinə sahibdir. Müasir Azərbaycan beynəlxalq təşkilatlarda təmsil olunan, regional enerji və nəqliyyat layihələrinin əsas iştirakçısına çevrilən ölkədir. Əgər Xalq Cümhuriyyəti dövründə əsas məqsəd müstəqilliyi əldə etmək idisə, bu gün əsas məsələ həmin müstəqilliyi qorumaq və geosiyasi təsir imkanlarını artırmaqdır. Ən böyük fərqlərdən biri hərbi və təhlükəsizlik sahəsində görünür. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və əsas səbəblərdən biri güclü təhlükəsizlik sisteminin olmaması idi. Müasir Azərbaycan isə xüsusilə son 20-25 ildə hərbi gücünü regionun əsas faktorlarından birinə çevirib. 2020-ci il Vətən müharibəsi və sonrakı proseslər göstərdi ki, dövlət artıq yalnız siyasi deyil, hərbi baxımdan da öz maraqlarını müdafiə etmək imkanına malikdir. Bu, əvvəlki dövrlə müqayisədə ən ciddi strateji fərqlərdən biridir. Digər mühüm məqam beynəlxalq münasibətlər sistemindəki mövqedir. Xalq Cümhuriyyəti dövründə Azərbaycan böyük dövlətlərin siyasi oyunlarının obyektinə çevrilmişdi. Bu gün isə Bakı daha çox balanslaşdırılmış və çoxşaxəli xarici siyasət yürütmək imkanında olan bir dövlətdir. Bu yanaşma müstəqilliyin yalnız hüquqi yox, praktik baxımdan da qorunmasına xidmət edir. Bununla yanaşı, iki dövr arasında ortaq məqamlar da az deyil. Həm 1918-ci ilin siyasi liderləri, həm də müasir Azərbaycan rəhbərliyi dövlətçiliyin əsas prioritet olduğunu vurğulayır. Hər iki mərhələdə milli kimlik, suverenlik və ərazi bütövlüyü əsas siyasi xətt kimi çıxış edib. 28 May bu baxımdan yalnız keçmişin xatirəsi deyil. Bu tarix həm də Azərbaycanın hansı yoldan gəldiyini və hazırda hansı mərhələdə olduğunu göstərən siyasi simvoldur. Əgər 1918-ci ildə Azərbaycan müstəqillik ideyasını dünyaya elan etmişdisə, bu gün əsas məqsəd həmin müstəqilliyi regional və qlobal reallıqlar içində davamlı gücə çevirməkdir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 23 May 2026, 12:52   
Chosen
17
pravda.az

1Sources