EN

NATO daxilində yeni çat: Vaşinqton müttəfiqlərdən nə tələb edir?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ dövlət katibi Mark Rubio NATO ilə bağlı son açıqlamasında alyans daxilində münasibətlərin artıq əvvəlki kimi “şərtsiz tərəfdaşlıq” prinsipi ilə işləmədiyini açıq şəkildə nümayiş etdirdi. 

Rubio bildirdi ki, ABŞ NATO-da iştirak məsələsini yenidən müzakirə etməlidir və əsas sual belə olmalıdır: “Bu alyans Amerikaya nə verir?” 

Xüsusilə İspaniyanın ABŞ-nin bəzi hərbi bazalardan istifadəsinə məhdudiyyət qoyması Vaşinqtonda narazılıq yaradıb. ABŞ administrasiyası hesab edir ki, NATO yalnız Avropanın təhlükəsizliyi üçün deyil, həm də Amerikanın Yaxın Şərq və digər regionlarda hərbi çevikliyini təmin edən mexanizmdir. Ekspertlərə görə, bu açıqlama həm ABŞ-NATO münasibətlərində yeni mərhələnin başladığını, həm də alyans daxilində strateji fikir ayrılıqlarının dərinləşdiyini göstərir. 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Marko Rubio əslində Donald Tramp dövründən formalaşan “Amerika üçün konkret fayda” yanaşmasını davam etdirir. Vaşinqton artıq NATO-ya ideoloji birlik kimi yox, funksional və strateji mexanizm kimi baxır. Onun sözlərinə görə, ABŞ istəyir ki, müttəfiqlər həm maliyyə yükünü daha çox paylaşsın, həm də Amerika hərbi əməliyyatlarına mane olmasın:

"Bu yanaşma xüsusilə Yaxın Şərq və Aralıq dənizi istiqamətində özünü göstərir. Vaşinqton düşünür ki, NATO üzvü olub ABŞ-yə hərbi-logistik imkan yaratmamaq alyans ruhuna ziddir. Ona görə də qarşıdakı illərdə NATO daxilində daha sərt şərtlər və öhdəlik müzakirələri görə bilərik".

ABŞ üçün NATO bazalarının Yaxın Şərq strategiyasında rolundan da danısan politoloq qeyd edib ki, ABŞ üçün Avropadakı NATO bazaları sadəcə müdafiə infrastrukturu deyil, qlobal hərbi layihələndirmə platformasıdır. İspaniya, İtaliya, Almaniya və Türkiyədə yerləşən bazalar Vaşinqtona Yaxın Şərqə sürətli müdaxilə imkanı verir. Dediyinə görə, İranla bağlı gərginliklər, Qırmızı dəniz böhranı və enerji marşrutlarının qorunması kimi məsələlərdə bu bazalar xüsusi əhəmiyyət daşıyır:

"ABŞ ordusu bir çox hallarda birbaşa Yaxın Şərqdə böyük qüvvə saxlamaq əvəzinə Avropa bazalarından çevik istifadə edir. Buna görə də hansısa NATO ölkəsinin siyasi məhdudiyyətləri Vaşinqtonda strateji risk kimi qiymətləndirilir. Rubio da məhz bunu gündəmə gətirərək müttəfiqlərə mesaj verir".

Bəs NATO daxilində ABŞ ilə Avropa arasında fikir ayrılığı dərinləşə bilərmi?

Müsahibimiz hesab edir ki,  xüsusilə təhlükəsizlik prioritetləri məsələsində fərqlər artıq açıq görünür. ABŞ daha çox Çin, İran və qlobal güc rəqabətinə fokuslanır, Avropanın bir hissəsi isə əsas təhlükəni yalnız Rusiya üzərindən görür.

Züriyə Qarayeva: ABŞ və Avropa arasında fikir ayrılığı artdıqca Türkiyə balanslaşdırıcı aktor kimi daha vacib görünür 

"Bundan başqa Avropada Amerikanın hərbi dominantlığından narahat olan siyasi qüvvələr də güclənir. Xüsusilə sol və ifrat sağ partiyalar ABŞ təsirinin azaldılmasını tələb edir" deyən Qarayeva hesab edir k, bu isə NATO daxilində strateji koordinasiyanı çətinləşdirir. Onun sözlərinə görə, amma buna baxmayaraq, yaxın perspektivdə alyansın dağılması yox, daha çox daxili transformasiyası ehtimal olunur.

Bu prosesin Türkiyə kimi NATO üzvlərinin rolunu artıra biləcəyinə gəlincə, həmsöhbətimiz bildirib ki, Türkiyə belə dövrlərdə geostrateji baxımdan daha da ön plana çıxır. Çünki Ankara həm Qara dəniz, həm Yaxın Şərq, həm də Şərqi Aralıq dənizi xəttində kritik mövqedə yerləşir. 

"ABŞ və Avropa arasında fikir ayrılığı artdıqca Türkiyə balanslaşdırıcı aktor kimi daha vacib görünür. Eyni zamanda Ankara son illərdə daha müstəqil xarici siyasət yürütməyə çalışır və bu da NATO daxilində ona xüsusi status qazandırır. Vaşinqton Türkiyənin hərbi infrastrukturu və regional imkanlarından imtina edə biləcək vəziyyətdə deyil. Buna görə qarşıdakı mərhələdə Türkiyənin NATO daxilində siyasi çəkisinin daha da artacağını düşünürəm", - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
bakivaxti.az

1Sources