EN

Nəticəsiz konfrans BMT Baş katibini məyus etdi

Cümə günü nüvə silahlarının yayılmasının qarşısının alınması üzrə konfransda iştirakçı ölkələrin konsensus əldə edə bilməməsi BMT-nin Baş katibi Antonio Quterreşi məyus edib.

Publika.az BMT-nin məlumatına istinadla xəbər verir ki, təşkilatın sözçüsü Stefan Ducarrikin açıqlamasına görə, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSYM) tərəflərinin 11-ci İcmal Konfransının əsas məsələlər üzrə konsensusa gələ bilməməsi və dünyanı daha təhlükəsiz etmək üçün bu vacib fürsətin əldən buraxılması Baş katibin məyusluğuna səbəb olub.

NSYM nüvə silahlarının yayılmasının qarşısını almağa, nüvə silahsızlanmasını təşviq etməyə və atom enerjisindən dinc məqsədlərlə istifadəni dəstəkləməyə yönəlmiş beynəlxalq sənəddir. BMT-nin sözçüsü əlavə edib ki, Quterreş tərəfdaş dövlətlərin səmimi və mənalı iştirakını alqışlayıb, lakin beynəlxalq təhlükəsizliyi təhdid edən bu cür təcili çağırışların olduğu bir vaxtda konfransın uğursuz olması onda təəssüf hissi doğurub.

BMT-nin bəyanatında deyilir: “Dərin gərginlik və nüvə silahlarının yaratdığı yüksək risklə xarakterizə olunan mövcud beynəlxalq mühit təcili tədbirlər görülməsini tələb edir”.

Əlavə olaraq, BMT rəhbəri ölkələri gərginliyi azaltmaq, nüvə risklərini minimuma endirmək və nəticədə nüvə təhdidini aradan qaldırmaq üçün bütün mövcud dialoq, diplomatiya və danışıqlar vasitələrindən tam istifadə etməyə çağırıb.

Chosen
1
3
publika.az

4Sources