EN

Azərbaycanın növbəti uğuru: WUF13 qlobal şəhərsalma xəritəsini dəyişdi!

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müasir dünyada qlobal miqrasiya, iqlim böhranı və əhalinin sürətlə şəhərlərə axını fonunda dayanıqlı urbanizasiya məsələsi dövlətlərin milli təhlükəsizlik və iqtisadi dayanıqlıq strategiyalarının mərkəzinə çevrilib. Məhz belə bir məsuliyyətli dövrdə Bakıda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) iştirakı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal şəhərsalma tarixinə yeni bir mərhələ kimi həkk olundu. 176 ölkədən 57 000-dən çox nümayəndənin, dövlət rəsmilərinin və urbanizm ekspertlərinin Bakıda bir araya gəlməsi Azərbaycanın qlobal dialoq platforması kimi sarsılmaz statusunu növbəti dəfə təsdiq etdi.

Bu irimiqyaslı tədbirin ölkəmizdə yüksək səviyyədə təşkili Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin, eləcə də Azərbaycanın beynəlxalq arenada artan geosiyasi çəkisinin bariz nümunəsidir. Bakı cəmi bir neçə gün ərzində bəşəriyyətin gələcək mənzil siyasətinin, inklüziv inkişafının və ekoloji dayanıqlılığının idarə olunduğu əsas beyin mərkəzinə çevrildi.

Forumun “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” kimi fundamental bir mövzuya həsr olunması təsadüfi deyil. BMT-nin statistikasına görə, bu gün yer kürəsində təxminən 2.8 milyard insan qeyri-qənaətbəxş və elementar ehtiyaclardan məhrum şəraitdə ömür sürür. Bakı Forumu sadəcə problemlərin dilə gətirildiyi deyil, real həll yollarının tapıldığı bir platforma oldu. Tədbirin ən mühüm qlobal nəticəsi olan “Bakı Fəaliyyətə Çağırışı” sənədinin qəbul edilməsi şəhərsalma diplomatiyasında önəmli nöqtədir.

Sənədin əsas fəlsəfəsi indiyə qədər qəbul edilmiş bəyanatların və nəzəri proqramların artıq real icra müstəvisinə keçirməsini tələb edir. Mənzil təminatı sadəcə bir tikinti və ya infrastruktur layihəsi deyil; o, həm də sosial ədalətin, insan ləyaqətinin və iqtisadi bərabərliyin əsasıdır.

Bu sənəd iqlim maliyyələşdirilməsinin genişləndirilməsini, mənzil siyasətinin sosial müdafiə və ekologiya ilə inteqrasiyasını nəzərdə tutur və 2026-cı ilin iyulunda BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında qlobal yol xəritəsi kimi müzakirəyə çıxarılacaq.

Bakı Forumunun Azərbaycan üçün ən strateji tərəflərindən biri ölkəmizin post-münaqişə dövründə həyata keçirdiyi misilsiz quruculuq işlərinin dünya ictimaiyyətinə təqdim edilməsi oldu. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində sıfırdan qurulan "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri forum iştirakçılarının xüsusi heyranlığına səbəb oldu. Ermənistanın 30 illik işğal dövründə tamamilə xarabalığa çevirdiyi ərazilərin yaşıl enerji zonası kimi yenidən doğulması Azərbaycanın daxili intellektual və iqtisadi gücünün nümayişidir.

Forum çərçivəsində Azərbaycanın təşəbbüsü, UN-Habitat, Beynəlxalq Miqrasiya Təşkilatı və Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin birgə tərəfdaşlığı ilə təqdim olunan “Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məskənləri” (4SRP) proqramı beynəlxalq şəhərsalma elminə böyük bir töhfədir. Bu təşəbbüs dünyada münaqişələrdən zərər çəkmiş regionların bərpası, məcburi köçkünlərin təhlükəsiz repatriasiyası (geri qayıdışı) və ekoloji adaptasiya prinsiplərini ehtiva edən yeni qlobal standart rolunu oynayacaq.

Nəticə etibarilə, WUF13 sessiyası təkcə beynəlxalq təşkilatların Azərbaycana olan böyük etimadını və minnətdarlığını nümayiş etdirmədi, həm də Bakı rəsmi olaraq gələcək şəhərlərin daha təhlükəsiz, ekoloji təmiz və inklüziv qurulmasının memarı kimi adını tarixə yazdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
modern.az

1Sources