
Latviyanın cənub-şərqində yerləşən Dridzis gölünə naməlum pilotsuz uçuş aparatı (PUA) düşərək partlayıb.
AFN.az xəbər verir ki, bu barədə Latviya Dövlət Polisi məlumat yayıb.
Qurumun X sosial şəbəkəsində yaydığı məlumata görə, səhər saat 08:00 radələrində sakinlərdən polisə gölə pilotsuz aparatın düşməsi barədə məlumat daxil olub. Bildirilib ki, aparat su ilə təmas zamanı partlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə gələn polis əməkdaşları hadisə yerində PUA-nın qalıqlarını aşkar ediblər. Dronun hansı ölkəyə məxsus olduğu və üzərində hər hansı tanınma nişanlarının olub-olmadığı barədə məlumat verilməyib.
Latviya polisi hadisə baş verən ərazidə araşdırmaları davam etdirir. Ərazinin geniş olması səbəbindən əlavə qüvvələr, o cümlədən pilotsuz aparatlarla təchiz olunmuş polis dəstələri də axtarış işlərinə cəlb edilib. Yerli sakinlərə naməlum dronun düşdüyü əraziyə yaxınlaşmamaq tövsiyə olunub.
Bu, son bir həftə ərzində Latviyada baş verən ikinci oxşar hadisədir. Daha əvvəl, 21 may tarixində Latviya Müdafiə Nazirliyi ölkənin hava məkanında ən azı bir naməlum pilotsuz aparatın qeydə alındığını bildirmişdi. Hadisə ilə əlaqədar ölkənin üç rayonu və bir bölgəsində hava həyəcanı elan edilmiş, NATO qırıcıları döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.
Ötən həftə, mayın 17-də isə Latviya Milli Silahlı Qüvvələri ölkə üzərindən naməlum dronun uçduğunu açıqlamışdı.