EN

Şərəfli ömür yolu: müəllimlik, vətənpərvərlik və zəhmət

Elxan Quliyev:Bu peşədə öz bilik və bacarıqlarını şagirdlərə aşılaya bildiyini görmək müəllim üçün ən böyük motivasiya mənbəyidir və peşəsini sevən heç bir müəllim öz işindən yorulduğunu deməz

Müəllimlik sadəcə bir peşə deyil. Bu, insan taleyinə işıq tutan, cəmiyyətin gələcəyini formalaşdıran müqəddəs və şərəfli bir missiyadır. Müəllim sinif otağında yalnız dərs keçmir, o, bir insanın düşüncə tərzini formalaşdırır, həyata baxışını dəyişir, gələcəyinə istiqamət verir. Hər bir uğurlu insanın həyat yolunun başlanğıcında mütləq bir müəllimin izi, zəhməti və qayğısı dayanır. Çünki müəllim sadəcə bilik verən deyil, həm də mənəviyyat aşılayan, şəxsiyyət yetişdirən, insanın daxilindəki potensialı üzə çıxaran müqəddəs bir peşə sahibidir.

Bir millətin gələcəyi məktəbdə qurulur. Sabahın həkimi, mühəndisi, hüquqşünası, müəllimi, jurnalisti, alimi və dövlət xadimi məhz müəllimin qarşısında əyləşən şagirdlərdir. Müəllimin söylədiyi hər fikir, aşıladığı hər dəyər, verdiyi hər tövsiyə gələcəyin formalaşmasına təsir edir. Buna görə də müəllimlik yalnız peşə deyil, böyük məsuliyyət, sonsuz səbir və yüksək mənəviyyat tələb edən həyat yoludur. Bu yolun ən böyük mükafatı isə yetişdirdiyi şagirdlərin uğurunu görmək, onların cəmiyyətdə layiqli insan kimi formalaşmasına şahid olmaqdır.

Belə nümunəvi və dəyərli pedaqoqlardan biri də Quliyev Elxan Şahlar oğludur. Müəllimlər ailəsində dünyaya göz açan Elxan müəllim uşaqlıq illərindən elmə, biliyə və müəllimlik sənətinə xüsusi maraq göstərmişdir. Bakı şəhəri 7 nömrəli orta məktəbi uğurla başa vurduqdan sonra, 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix və əlavə sovet hüququ fakültəsinə daxil olmuş, ali təhsilini müvəffəqiyyətlə tamamlayaraq ömrünü müqəddəs müəllimlik peşəsinə həsr etmişdir.

Elxan müəllim 1988-ci ildən Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir. Uzun illər ərzində yüzlərlə şagird yetişdirən, onların elmə və tarixə marağını artıran Elxan müəllim öz peşəsinə daim böyük sevgi, məsuliyyət və vicdanla yanaşmışdır. O, tarix fənnini şagirdlərə yalnız bir dərs kimi deyil, xalqın keçmişini, milli yaddaşını və vətən sevgisini öyrədən mühüm bir mənəvi məktəb kimi təqdim etmişdir. Onun dərsləri hər zaman maraqlı müzakirələr, düşündürücü yanaşmalar və həyatla bağlı nümunələrlə yadda qalmışdır.

Elxan müəllim pedaqoji fəaliyyəti boyunca şagirdlərinə yalnız kitab biliyi verməklə kifayətlənməmiş, onları vətənini sevən, milli-mənəvi dəyərlərə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi yetişdirməyə çalışmışdır. O, müəllim nüfuzunu daim qoruyan, şagirdlərinin uğuruna öz uğuru kimi sevinən, onların problemlərinə həssas yanaşan ziyalı pedaqoqlardandır. Məhz bu xüsusiyyətlərinə görə həm şagirdləri, həm valideynlər, həm də həmkarları tərəfindən böyük hörmət və rəğbətlə qarşılanır.

Onun təhsil sahəsindəki səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Elxan müəllim uzunmüddətli pedaqoji fəaliyyətinə görə Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi və Dövlət İmtahan Mərkəzi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. Təhsilin inkişafındakı xidmətlərinə görə 2015-ci ildə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir. Bu ad yalnız peşəsinə ürəklə bağlı olan, ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən müəllimlərə verilən ən böyük qiymətlərdən biridir.

Elxan müəllimin həyat yolu müəllim adının necə böyük məsuliyyət və müqəddəslik daşıdığının canlı nümunəsidir. O, illər keçsə də, şagirdlərinin yaddaşında sadəcə tarix müəllimi kimi deyil, düzgün yol göstərən, mənəvi dayaq olan, həyatda iz qoyan bir insan kimi qalır. Çünki əsl müəllim yalnız sinif otağında deyil, yetişdirdiyi insanların taleyində yaşayır.

Uzun illərdir təhsil sahəsində səmərəli fəaliyyəti, şagirdlərinə aşıladığı milli-mənəvi dəyərlər və müəllimlik peşəsinə olan sonsuz sevgisi ilə seçilən Əməkdar müəllim Quliyev Elxan Şahlar oğlu ilə söhbətimizdə həm onun həyat və pedaqoji fəaliyyəti, həm də Azərbaycan təhsilinin keçmişi, bu günü və gələcəyi ilə bağlı maraqlı fikirlərini öyrənəcəyik.

Səmimi və maraqlı keçən müsahibəni oxucularımıza təqdim edirik.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Müəllimlər ailəsində böyümək həyatınıza və xarakterinizə necə təsir edib?

— Mən özümü Azərbaycan təhsil ordusunun sıravi müəllimlərindən biri kimi təqdim edərdim. Uzun illərdir ki, həyatımı gənc nəslin təlim-tərbiyəsinə həsr etmişəm və bu yolu özüm üçün ən şərəfli həyat yolu hesab edirəm. Müəllimlər ailəsində böyümək mənim xarakterimin, dünyagörüşümün və həyata baxışımın formalaşmasında mühüm rol oynayıb. Uşaqlıq illərimdən evimizdə elmə, kitaba, təhsilə və müəllim adına xüsusi hörmət olub. Ailəmdə müəllimlərin şagirdlərə olan münasibətini, onların peşələrinə necə məsuliyyətlə yanaşdıqlarını görmək məndə də bu sənətə böyük sevgi yaradıb. Düşünürəm ki, bu mühit məni daha məsuliyyətli, səbirli və insanlara faydalı olmağa çalışan bir insan kimi formalaşdırıb.

-Müəllimlik sizin üçün ilk növbədə nə deməkdir və sizcə, yaxşı tarix müəllimi necə olmalıdır?

— Mənim üçün müəllimlik sadəcə peşə deyil, həyat tərzi, amal və böyük mənəvi məsuliyyətdir. Müəllim insan həyatına toxunan, gələcəyin formalaşmasında mühüm rol oynayan şəxsdir. Xüsusilə tarix müəllimi yalnız keçmiş hadisələri danışan insan olmamalıdır. O, şagirdlərdə Vətən sevgisi, milli kimlik, dövlətçilik düşüncəsi və vətəndaş məsuliyyəti formalaşdırmalıdır. Yaxşı tarix müəllimi şagirdin yaddaşına sadəcə tarix faktları deyil, tarixdən nəticə çıxarmağı, keçmişdən dərs götürməyi və gələcəyə daha düzgün baxmağı aşılamağı bacarmalıdır.

-Niyə məhz tarix müəllimliyi? Bu sahəyə marağınız və bağlılığınız necə formalaşıb?

— Tarixə marağım məktəb illərində yaranıb. Bizə tarix dərsi deyən müəllimim bu fənni o qədər maraqlı və sevdirərək tədris edirdi ki, tarix mənim üçün adi bir dərs olmaqdan çıxmışdı. Hər dərs sanki bizi keçmişə aparır, yaşanmış hadisələri göz önündə canlandırırdı. O müəllimimin dərsləri mənə çox böyük təsir göstərdi və məhz həmin illərdə qərar verdim ki, gələcəkdə tarix müəllimi olum. Tarix fənninə olan marağım zaman keçdikcə daha da artdı və bu sahə mənim həyat yoluma çevrildi.

-İlk dərs gününüzü necə xatırlayırsınız? O gün yaşadığınız həyəcan və duyğular yaddaşınızda necə qalıb?

— İlk dərs günüm həyatımın ən unudulmaz günlərindən biridir. O gün böyük həyəcan keçirirdim. İlk dəfə müəllim kimi sinfə daxil olmaq, şagirdlərin qarşısında dayanmaq və onlara nəsə öyrətmək çox fərqli hisslər idi. Həm məsuliyyət hissi vardı, həm də böyük sevinc. İllər keçsə də, həmin günü çox yaxşı xatırlayıram. İlk şagirdlərimlə qarşılaşanda o günün həyəcanı və xoş xatirələri yenidən yadıma düşür. Müəllimlik fəaliyyətimin başlanğıcı olduğu üçün həmin gün mənim üçün xüsusi əhəmiyyət daşıyır.

-1988-ci ildən 276 nömrəli tam orta məktəbdə fəaliyyət göstərirsiniz. Uzun illər eyni məktəbdə çalışmaq sizə nə qazandırıb?

— Uzun illər eyni məktəbdə fəaliyyət göstərmək mənə böyük təcrübə, dəyərli insanlarla ünsiyyət və doğma kollektiv qazandırıb. Bu məktəbin hər guşəsi, hər sinfi mənim üçün əziz və doğmadır. Burada neçə-neçə şagird yetişib, neçə nəsil məktəbi bitirib. Mən özümü bu məktəbin bir parçası hesab edirəm. Uzun illər ərzində məktəblə mənim aramda sadəcə iş münasibəti yox, mənəvi bağlılıq yaranıb. Bu məktəbin uğurları mənim uğurum, sevinci mənim sevincim olub.

-Müəllimlik sənətinin görünməyən və ən çətin tərəfləri nələrdir? Bu peşədə insanı ən çox nə yorur, nə motivasiya edir?

— Müəllimlik peşəsinin görünməyən tərəfləri çoxdur. İnsan bəzən dərs dediyini görür, amma müəllimin arxa planda nə qədər zəhmət çəkdiyini tam dərk etmir. Fərqli xarakterə, fərqli ailə mühitinə malik uşaqlarla işləmək, onların daxili dünyasını anlamaq və hər birinə doğru yanaşma tapmaq asan deyil. Müəllim daim öz üzərində işləməli, yenilənməli və səbirli olmalıdır. Amma bütün bu çətinliklərə baxmayaraq, şagirdlərinin uğur qazandığını görmək müəllim üçün ən böyük sevinc və motivasiyadır. Peşəsini sevən müəllim heç vaxt gördüyü işdən yorulduğunu hiss etmir.

-Uzun illər ərzində Azərbaycan təhsil sistemində hansı əsas dəyişiklikləri və yenilikləri müşahidə etmisiniz?

— Son illərdə Azərbaycan təhsil sistemində bir sıra mühüm yeniliklər və müsbət dəyişikliklər müşahidə etmişəm. Dərsliklərin yenilənməsi, tədris proqramlarının müasirləşdirilməsi və milli-mənəvi dəyərlərimizin daha dolğun şəkildə tədris olunması sevindirici hallardandır. Müasir düşüncəli, yeniliyə açıq və peşəsini sevən müəllimlərin yetişməsi də təhsilimizin inkişafına böyük töhfə verir. Bu dəyişikliklər gələcək nəsillərin daha savadlı və dünyagörüşlü yetişməsinə xidmət edir.

-Tarix müəllimi kimi dərslərinizdə şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılması üçün hansı üsullardan istifadə edirsiniz?

— Mən hesab edirəm ki, tarix müəlliminin əsas vəzifələrindən biri şagirdlərdə Vətən sevgisi və milli ruh formalaşdırmaqdır. Dərslərimdə çalışıram ki, tariximizi sadəcə faktlarla yox, canlı nümunələrlə, maraqlı hadisələrlə və şagirdlərin düşüncəsinə təsir edən məqamlarla təqdim edim. Müasir tariximizin bir çox mühüm hadisələrinin canlı şahidi olmuş bir insan kimi gördüklərimi və yaşadıqlarımı da şagirdlərlə bölüşürəm. Məqsədim onların tariximizi dərindən bilməsi və Vətəninə bağlı, milli dəyərlərinə sahib çıxan gənclər kimi yetişməsidir.

-Sizcə, tarix fənninin şagirdlərin dünyagörüşünün və vətəndaş mövqeyinin formalaşmasında rolu nə qədər vacibdir?

— Tarix fənninin rolu çox böyükdür və hər zaman aktual olub. Bu məqamda bir məsəli xatırlatmaq istərdim: “Keçmişini bilməyəni gələcək topa tutar.” İnsan öz tarixini bilməlidir ki, keçmişdə baş verən hadisələrdən nəticə çıxarsın, səhvləri təkrarlamasın və gələcəyə daha düzgün addımlasın. Tarix şagirdlərdə milli kimlik, vətəndaşlıq mövqeyi və dövlətçilik düşüncəsi formalaşdırır. Tarixi bilən insan öz Vətəninə, xalqına və dövlətinə daha bağlı olur.

-Texnologiyanın inkişaf etdiyi bir dövrdə tarix dərslərində şagirdlərin marağını artırmaq üçün hansı müasir metod və texnologiyalardan istifadə edirsiniz?

— Müasir dövrdə texnologiyanın imkanlarından istifadə artıq zərurətə çevrilib. Mən də dərslərimdə elektron resurslardan, videomateriallardan, elektron kitablardan və süni intellekt texnologiyalarından istifadə etməyə çalışıram. Bu vasitələr dərslərin daha maraqlı və yadda qalan keçməsinə kömək edir. Şagirdlər texnologiyaya maraq göstərdikləri üçün müasir metodlardan istifadə onların dərsə diqqətini və fəallığını artırır.

-Sağlam və uğurlu təhsil mühitinin formalaşmasında müəllim–şagird–valideyn əməkdaşlığı hansı rolu oynayır?

— Müəllim–şagird–valideyn əməkdaşlığı hər zaman vacib olub və bu gün daha böyük əhəmiyyət daşıyır. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə uşaqlar müxtəlif təsirlərlə qarşılaşırlar. Belə bir zamanda müəllim və valideynin birgə fəaliyyəti çox vacibdir. Şagirdlərə sərbəst düşünməyi öyrətməklə yanaşı, onlara düzgün istiqamət vermək də əsas məsələdir. Sağlam təhsil mühiti yalnız qarşılıqlı anlayış, etimad və əməkdaşlıq nəticəsində formalaşa bilər.

-Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi və DİM tərəfindən fəxri fərmanlarla təltif olunmusunuz. Bu uğurlar sizdə hansı hissləri yaradıb?

— Bu mükafatlar və fəxri fərmanlar məndə həm böyük qürur, həm də böyük məsuliyyət hissi yaradıb. İnsan əməyinin qiymətləndirildiyini görəndə daha çox çalışmağa həvəslənir. Bu uğurlar mənim üçün həm stimul, həm də müəllimlik yolunda düzgün istiqamətdə addımladığımın göstəricisidir.

-2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüsünüz. Bu ad sizin üçün nə ifadə edir?

— “Əməkdar müəllim” adı mənim üçün uzun illər ərzində çəkdiyim zəhmətə verilən ən böyük dəyər və ən ali qiymətdir. Bu ada layiq görülmək həm qürurvericidir, həm də məsuliyyətimi daha da artırır. Bu ada layiq görülmək mənə müəllimlik yolunda daha böyük həvəslə çalışmağa stimul verir.

-Müəllimlik yolunuzda sizə ən çox təsir edən müəlliminizin və ya bir insanın hansı tövsiyəsini heç vaxt unutmursunuz?

— Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri mənim müəllimlik fəaliyyətimdə daim əsas amal olub. Həmişə çalışmışam ki, millətimizin gələcəyi naminə öz sahəmdə faydalı və uğurlu addımlar atım. Bu fikir mənim müəllimlik yolumda əsas prinsipə çevrilib.

-Siz şagirdlərinizə həyat və təhsil yolunda ən çox nəyi tövsiyə edirsiniz?

— Mən hər bir şagirdimə ilk növbədə seçdiyi peşəni sevməyi və ona mükəmməl yiyələnməyi tövsiyə edirəm. İnsan öz işini sevəndə həm uğur qazanır, həm də cəmiyyətə daha faydalı olur. Eyni zamanda şagirdlərimə dürüst, məsuliyyətli, Vətənini sevən və daim öz üzərində çalışan insan olmağı tövsiyə edirəm.

-Pedaqoji fəaliyyətiniz boyunca yaddaşınızda silinməz iz qoyan bir xatirənizi bizimlə bölüşə bilərsinizmi?

— Müəllimlik fəaliyyəti boyunca şagirdlərimin qazandığı hər bir uğur mənim üçün ən böyük sevinc və qürur mənbəyi olub. Çünki müəllim üçün ən böyük mükafat yetişdirdiyi şagirdlərin uğurunu görməkdir. Uzun illər ərzində müxtəlif yarış və müsabiqələrdə iştirak edən şagirdlərimin əldə etdiyi nailiyyətlər yaddaşımda silinməz izlər buraxıb. Xüsusilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş respublika müsabiqəsində iştirak edən şagirdimin duyğulu çıxışı və birincilik qazanması mənim üçün çox qürurverici anlardan biri olub.

Eyni zamanda ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində qazandığımız uğur da yaddaşıma xüsusi həkk olunub. Həmkarım Elxan Quliyev müəllimlə birlikdə şagirdlərimizlə qısa zaman ərzində böyük əzmkarlıq, məsuliyyət və həvəslə çalışdıq. Gərgin zəhmətin nəticəsi olaraq respublika üzrə I yerə 2 nəfər, II yerə 1 nəfər, III yerə isə 3 nəfər layiq görüldü. Mayın 7-də keçirilən mükafatlandırma mərasimi bizim üçün çox unudulmaz və qürurverici anlarla yadda qaldı. Şagirdlərimizin sevincini görmək müəllim kimi mənə xüsusi qürur hissi yaşatdı. Bu uğur bir daha sübut etdi ki, müəllim əməyi, şagirdin zəhməti və valideyn dəstəyi bir araya gəldikdə böyük nəticələr əldə olunur.

Fürsətdən istifadə edərək Bakı Şəhəri üzrə Təhsil İdarəsini, məktəb kollektivimizi, valideynləri və əziyyət çəkən bütün şagirdlərimizi ürəkdən təbrik edirəm. Düşünürəm ki, belə uğurlar həm müəllimlər, həm də şagirdlər üçün yeni motivasiya və gələcək nailiyyətlərə aparan böyük stimul olur.

-Bu günün gənclərində ən çox görmək istədiyiniz əsas keyfiyyətlər hansılardır?

— Bu günün gənclərində ən çox dürüstlük, vətənpərvərlik, məsuliyyət və peşəkarlıq görmək istəyirəm. Gənclər həm savadlı, həm də milli-mənəvi dəyərlərinə bağlı olmalıdırlar. Mən inanıram ki, sağlam düşüncəli və vətənini sevən gənclər ölkəmizin gələcəyini daha da güclü edəcəklər.

-Təcrübəli tarix müəllimi kimi gənc müəllimlərə hansı tövsiyələri vermək istərdiniz?

— Gənc müəllimlərə ilk növbədə öz peşələrini sevməyi tövsiyə edərdim. Müəllimlik sevgisiz mümkün deyil. İnsan bu peşəni ürəkdən sevməlidir ki, şagirdlərinə də faydalı ola bilsin. Müəllim daim öz üzərində işləməli, yeniliklərə açıq olmalı və şagirdlərinə nümunə olmağı bacarmalıdır.

-Azərbaycan təhsilinin ötən dövrünü, hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini necə dəyərləndirirsiniz?

— Azərbaycan təhsilinin inkişafını ümumilikdə müsbət qiymətləndirirəm. Son illərdə təhsildə mühüm yeniliklər həyata keçirilib və gələcəklə bağlı ümidlərim böyükdür. İnanıram ki, gələcəkdə təhsilimiz daha da inkişaf edəcək, dünya standartlarına uyğun şəkildə irəliləyəcək və daha savadlı gənclərin yetişməsinə töhfə verəcək.

-Gələcəklə bağlı şəxsi planlarınız və həyata keçirmək istədiyiniz yeni ideya və layihələr nələrdir?

— Əsas məqsədim bilik və təcrübəmi daha çox şagirdə çatdırmaqdır. Eyni zamanda gələcəkdə daha mükəmməl dərsliklərin hazırlanmasında iştirak etməyi, təhsil sahəsində faydalı təklif və tövsiyələr verməyi arzulayıram. Düşünürəm ki, müəllim daim öyrənməli və öyrətdikləri ilə cəmiyyətə fayda verməlidir.

-Uzun illərini təhsil sahəsinə və şagirdlərə həsr etmiş bir müəllim kimi, müəllimlik yolunuzun sonunda necə xatırlanmaq istərdiniz?

— Hər bir müəllim kimi mən də ilk növbədə şagirdləri tərəfindən sevilən və hörmətlə xatırlanan müəllim olmaq istərdim. İnsan üçün ən böyük xoşbəxtlik yetişdirdiyi şagirdlərin yaddaşında yaxşı insan və yaxşı müəllim kimi qalmaqdır. Mənim üçün ən böyük uğur illər sonra şagirdlərimin məni hörmət və sevgi ilə xatırlamasıdır.

Söhbətimizin sonuna yaxınlaşdıqca bir daha aydın oldu ki, Quliyev Elxan Şahlar oğlu üçün müəllimlik sadəcə bir peşə deyil, ömrünün mənasına çevrilmiş müqəddəs və şərəfli bir həyat yoludur. Onun hər fikrində müəllim adına olan böyük sevgi, illərin zəngin pedaqoji təcrübəsi və gənc nəslin yetişməsinə duyduğu sonsuz məsuliyyət hiss olunurdu. Elxan müəllim yalnız tarix fənnini tədris edən pedaqoq deyil, eyni zamanda şagirdlərinin dünyagörüşünü formalaşdıran, onlara vətən sevgisini, milli-mənəvi dəyərləri, düzgün düşünməyi və həyatda layiqli insan olmağı aşılayan əsl ziyalı müəllimdir. Onun danışığında müəllim peşəsinə sədaqət, şagirdlərinə bağlılıq və illərin qazandırdığı müdriklik xüsusi şəkildə hiss olunurdu.

Söhbətimiz boyu bir daha şahid olduq ki, müəllimlik yalnız bilik vermək deyil, həm də insan yetişdirmək sənətidir. Elxan müəllim illər ərzində yüzlərlə şagirdin həyatında silinməz iz qoymuş, onların uğurlarında öz zəhmətinin bəhrəsini görmüşdür. O, şagirdlərinə sadəcə tarixi öyrətməyib, həm də onlara keçmişini tanımağı, milli kimliyinə sahib çıxmağı, Vətənə bağlı və məsuliyyətli vətəndaş olmağı öyrədib. Çünki əsl müəllim yalnız dərs dediyi sinif otağında deyil, yetişdirdiyi insanların taleyində yaşayır.

Bu müsahibə bizə bir daha göstərdi ki, uğurun, hörmətin və müəllim nüfuzunun arxasında böyük zəhmət, sonsuz səbir və peşəyə olan dərin sevgi dayanır. Elxan müəllimin həyat yolu və fəaliyyəti müəllim adının necə böyük mənəvi yük və məsuliyyət daşıdığını bir daha sübut edir. O, illər keçsə belə, şagirdlərinin yaddaşında sadəcə müəllim kimi deyil, həm də yol göstərən, dəstək olan, həyat dərsi verən unudulmaz bir insan kimi qalacaq.

Hörmətli Elxan müəllim, sizə bu müqəddəs və şərəfli fəaliyyətinizdə daim yeni uğurlar arzulayırıq. Uzun illər ərzində qazandığınız hörmətin, sevginin və müəllim nüfuzunun bundan sonra da daim sizinlə olmasını diləyirik. Yetişdirdiyiniz hər bir savadlı və layiqli şagird sizin zəhmətinizin, vicdanlı əməyinizin və müəllim adına olan sədaqətinizin ən böyük göstəricisi olsun.

Arzu edirik ki, həyatınız hər zaman uğurlarla, xoş anlarla və qürurverici nəticələrlə zəngin olsun. Uca Tanrı sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və tükənməz həyat enerjisi bəxş etsin. İllərlə qazandığınız zəngin pedaqoji təcrübə bundan sonra da neçə-neçə gəncin həyatına işıq saçsın, onların gələcəyinə doğru yol göstərsin.

Bu səmimi və dəyərli müsahibəyə görə sizə dərin təşəkkürümüzü bildiririk. Həyat və pedaqoji fəaliyyətinizlə bağlı bölüşdüyünüz dəyərli fikirlər bizim üçün çox qiymətli oldu. Sizin kimi müəllimlərlə həmsöhbət olmaq, onların həyat yoluna və düşüncələrinə yaxından şahidlik etmək böyük qürur və xüsusi məmnunluqdur. Çünki cəmiyyətin gələcəyini formalaşdıran, insan yetişdirən müəllimlər hər zaman ən böyük hörmətə layiqdirlər.

Chosen
21
ikisahil.az

1Sources