EN

Tramp ərəb ölkələrinin liderlərini “İbrahim sazişi”nə qoşulmağa çağırıb

ABŞ prezidenti Donald Tramp bir neçə ərəb və digər müsəlman ölkələrinin rəhbərləri ilə telefon danışıqları zamanı onların “İbrahim sazişi”nə qoşulmasında israr edib. Bu barədə mənbəyə istinadən “Axios”  məlumat yayıb. Tramp Yaxın Şərqdə müharibə başa çatdıqdan sonra həmin sənədi imzalamağı xahiş edib. Prezident bildirib ki, o, ərəb dünyası ilə İsrail arasında münasibətlərin normallaşacağına ümid edir.

Trampın bu müraciəti etdiyi ölkələr arasında İsraillə rəsmi diplomatik münasibətləri olmayan Səudiyyə Ərəbistanı, Qətər və Pakistan, həmçinin Türkiyə, Misir, İordaniya və Bəhreyn nümayəndələri də olub. Amerikalı rəsmilərdən birinin sözlərinə görə, Trampın müraciətindən sonra telefon xəttində sükut yaranıb. Tramp zarafatla həmsöhbətlərindən xəttdə qalıb-qalmadıqlarını soruşub, daha sonra isə bildirib ki, yaxın həftələrdə bu məsələ ilə nümayəndələri Cared Kuşner və Stiv Uitkoff məşğul olacaq.

Donald Tramp ötən ilin noyabrında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmandan birbaşa şəkildə sazişi imzalamağı xahiş etmişdi. Bundan əvvəl şahzadə İsraillə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirsə də, həmin görüşdə prezidentə imtina cavabı verib. Axios yazır ki, İranla müharibə və krallığın BƏƏ ilə fikir ayrılıqları Ər-Riyadı İsrailin ifrat sağçı hökumətinə qarşı daha sərt mövqe tutmağa vadar edib.

Chosen
19
banker.az

1Sources