EN

Britaniya müdafiə nazirinin olduğu təyyarə  radioelektron müdaxiləyə məruz qalıb

Rusiya sərhədi yaxınlığında təyyarənin GPS və peyk siqnalları təxminən üç saat ərzində bloklanıb...

Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus və göyərtəsində ölkənin müdafiə naziri Con Hili olan təyyarə Rusiya sərhədi yaxınlığında radioelektron mübarizə vasitələrinin təsirinə məruz qalıb.

Poliqon xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, hadisə Con Hili Estoniyanın cənub-şərqində yerləşən Britaniya hərbi kontingentinə səfər etdikdən sonra baş verib. Geri dönüş uçuşu zamanı təyyarənin GPS və peyk rabitə siqnalları təxminən üç saat ərzində bloklanıb.

Məlumata əsasən, siqnalların itməsi təyyarənin naviqasiya və rabitə sistemlərinin fəaliyyətinə təsir göstərib. Bununla belə, ekipaj alternativ sistemlərdən istifadə edərək uçuşu təhlükəsiz şəkildə davam etdirə bilib.

The Times qeyd edir ki, Baltik regionunda son illər GPS siqnallarının pozulması halları artıb və Qərb ölkələri bu cür müdaxilələrin arxasında Rusiyanın dayandığını ehtimal edir. Moskva isə buna dair ittihamları adətən rədd edir.

Britaniya Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Poliqon.info

Chosen
47
poliqon.info

1Sources