EN

İlham Qəhrəman: "Məhkəmə AYB-nin iddiasını haqlı saymadı, nə üzr istədim, nə də təzminat ödədim" - Müsahibə

Kulis.az Ülvi Bahadırın şair İlham Qəhrəmanla müsahibəsini təqdim edir.

– İlham bəy, Laçın azad olunandan sonra ora getmisiniz?

– Laçın azad olunandan təxminən iki il sonra – 2022-ci ilin aprelində getdim. O vaxt getmək çox çətin idi. Qubadlı tərəfdən gedəndə Laçının ilk kəndi Güləbirddi. Sarı Aşığın qəbri də həmin kənddədir. Orada “Laçın” sözü yazılmış banner vardı. Maşından düşüb bannerə sarıldım, kövrəldim, özümü saxlaya bilmədim. Vaxtilə yazdığım “Laçın” şeirinin ilk bəndini xatırladım:

“Bu gün gah kürətək qızmar,
Gah da qış kimi ayazam.
Dünya bir ağ kağız ola,
Mən də bircə kəlmə yazam:
Laçın.”

Mənə elə gəldi ki, sarıldığım banner şeirdəki həmin ağ kağızdır. Sonra Həkəri çayına enib üzümə su vurdum, sudan içdim. Otuz bir ilin həsrətinə qovuşmaq başqa hiss idi. Yadımdadı sosial şəbəkədə Güləbirddə çəkilən şəklimi paylaşıb altında belə qeyd yazmışdım: Həsrəti yeyə-yeyə gəlib Laçına çatdım. Hamı mənə gözaydınlığı verirdi. Sonra uşaqlığımız keçən doğma yerlərə getdik. Tələsirdim ki, şəhəri görüm.

– Özünüz hansı kənddənsiniz?

– Mən Laçının Sus kəndində doğulmuşam. Uşaq vaxtı dədəm bizi çayqırağı Sus bağlarına köçürmüşdü. Orada bağ qoruqçuları üçün tikilmiş dəyələrə “dəf” deyirdilər. Bir müddət həmin qoruqçu dəfində yaşamışıq. İşğaldan sonra Sus kəndi çayın qırağına köçürüldü, amma köhnə kənd Mərkiz dağının başında qaldı. İşğala qədər Bəylik kəndində evimiz vardı. Laçın alınanda mənə demişdilər ki, bizim ev salamat qalıb. Atamın adı Umud idi, deyirdilər ki, Umud dayının evi durur. Evimiz böyük evlərdən idi. Hətta kənd uşaqları deyirdilər ki, Bəylik kəndində kosmosdan görünən yeganə salamat ev Umud dayının evidir. Amma gedib gördüm ki, evimizin yeri dümdüzdür. Heç daşı da qalmamışdı. Şəhərə gedəndə xatirələr məni çox sarsıtdı. Mən məktəbi Laçın şəhərində oxumuşam. Hər gün çaydan şəhərə doqquz kilometr yolu piyada gedib-gəlirdim. Əlaçı idim, müəllimlər də məni çox istəyirdilər. Sinifdə üç İlham olduğuna görə mənə “Çaylı İlham” deyirdilər. Çünki Həkərinin kənarında yaşayırdıq. Laçın şəhərinin girişində bir “Ana” heykəli vardı. Daşdan yonulmuşdu, qucağında körpə uşaq tutmuşdu. Əsl Azərbaycan qadınının simvolu idi. Laçına gələn hər kəsi o qarşılayırdı. Elə bil anan səni qarşılayırdı. Gedib gördüm ki, heykəl yoxdur. Bu məni çox kədərləndirdi. Göz yaddaşında olanları yerində görməmək adama pis təsir edir. Bir də şəhərdə Böyük Vətən müharibəsinə aid böyük bir abidə vardı. Təpənin üstündə olan bu abidənin təxminən yüz pilləkəni vardı. İlk olaraq ora qalxdım. Ermənilər abidədəki bəzi memarlıq elementlərini dəyişdirmişdilər. O abidənin bizim üçün çox xatirəsi vardı. Oradan baxanda şəhərin özü,Həkəri çayı, Güləbird tərəflər, Zabuğun arxası, Hoçaz qayası, hətta Ermənistanın Dığ kəndi əl içi kimi görünürdü. İndi həmin abidənin ancaq yeri durur. Şəhəri gəzdikcə gördüm ki, uşaqlığımızın, gəncliyimizin xatirəsi olan binalar artıq yoxdur. “Şəhərin başı”, “Şəhərin ayağı” deyilən yerlərə getdim. Cavanlıqda şəhəri piyada başdan-başa gəzməkdən doymazdıq.

– Hər iki tərəfiniz Sus kəndindəndir?

– Yox. Atam Sus kəndindəndir, anam isə Qızılca kəndindən. Qonşu kəndlərdir.

– Laçını yenidən görəndən sonra poeziyanızda dəyişiklik oldumu? Axı qarabağlı şairlərin yaradıcılığında həmişə bir həsrət xətti olub.

– Laçın işğal altında olanda mənim bir neçə şeirim vardı, toylarda, məclislərdə onları oxuyardılar. “Evimiz yadıma düşdü”, “Gedəcəm” kimi şeirlər yurd həsrəti ilə dolu idi. Bir də “Yaddaş” adlı poema yazmışam. Laçın azad olandan sonra isə başqa hisslər yarandı. Elə həmin gecə, 2020-ci il dekabrın 1-də ordumuz Laçına girəndə atam dünyasını dəyişdi. Sonra Laçına həsr olunmuş yeni şeirlər yazdım. “Bir yurd qan ağlayır Bəylik kəndində” adlı şeirim də həmin dövrdə yarandı. Laçına ilk səfərimdən sonra çox ağrılı bir yazı yazdım. Məqalənin manşeti təxminən belə idi: “Artıq bu binalar yoxdur...”. Amma əsas olan torpağın düşməndə qalmamasıdır. İndi bacım və qardaşım Sus kəndində yaşayırlar. Gedəndə qalmağa yerimiz var. Şükür! Amma mənim ən böyük arzum Laçına köçmək, orada yaşamaqdır. Torpaq adamı çəkir.

– Bu, həm də mənəvi hazırlıq məsələsidir...

– Bəli. Yadımdadır, cənab Prezident Şuşada çıxışında demişdi ki, Qarabağa yalnız sakinlər yox, mədəni mühiti canlandırmaq üçün sənət adamları da köçürülməlidir. Tarzən də, şair də, aktyor da orada yaşamalıdır. Mən də özümü o insanların sırasında görürəm. İşğal dövründə Laçını unutmadım, unudulmağa qoymadım. İstəyərdim ki, bir şair kimi yaradıcılığımı Laçında davam etdirim.

– Siz həm də folklor toplayıcısı və araşdırmaçısınız. Bu maraq haradan yarandı?

– Bu, maraqdan çox ağrıdan yarandı. İşğal illərində hiss edirdim ki, zaman keçdikcə insanlar ümidini itirir. Mən də düşündüm ki, torpaq əldən getsə də, o torpağın sözü itməməlidir. Anamla atam çoxlu folklor nümunələri bilirdilər. Onlardan toplamağa başladım. Anam savadsız olsa da, inanılmaz yaddaşı və səlis nitqi vardı. Hər hadisəyə uyğun bir atalar sözü çəkirdi. 2005-ci ildə deputatlığa namizəd olmuşdum. O vaxt qaçqın düşərgələrində, kəndlərdə laçınlılarla görüşürdüm. Bir dəfə İsmayıllıda Mələk nənə adlı bir laçınlı qadınla rastlaşdım. Mənə bir bayatı dedi, tüklərim biz-biz oldu:

“Ərəbəm, oxumuşam,
Nə dərdi çoxumuşam.
Nə gələn var, nə gedən,
Elə bil yoxumuşam”.

Bu qadın vaxtilə Laçında qonaqlı-qaralı həyat yaşamışdı. Amma qaçqınlıqda özünü sanki həyatdan silinmiş hiss edirdi. O bayatı mənim folklor toplamaq qərarımı daha da möhkəmləndirdi. Sonra altı il boyunca laçınlıların izinə düşdüm. Nabrandan Daşburuna qədər 59 rayonu gəzdim. Qapı-qapı dolaşırdım. Harada eşidirdim ki, hansısa kənddən bir ağsaqqal, bir ağbirçək folklor bilir, gedirdim onun yanına. Bərdənin Gərənə kəndində Zeynəb nənə ilə görüşüm yadımdadır. Əvvəl dedi ki, Laçın yoxdur, söz nədir? Sonra gördü ki, mən bu işə ürəkdən bağlıyam, başladı danışmağa. Belə insanlardan folklor toplamaq üçün onları danışdırmağı bacarmaq lazımdır, mən buna eydirmək deyirəm. Sən bir tapmaca deyirsən, o biri tapmacanı o deyir, bir bayatı deyirsən, ardınca onlarla bayatı gəlir.

Topladığım “Laçın folkloru” kitabı ötən il ikinci dəfə çap olundu. Folklor İnstitutunda əlyazmanı oxuyanda dedilər ki, mətnlərdə heç bir qarışıq yoxdur, hamısı orjinaldır. Çünki mən onları birbaşa insanların dilindən yazmışam. Kitabda Xıdır Nəbi, İlaxırçərşənbə, sayaçı sözləri, holavarlar, zərb-məsəllər, qədim adətlər haqqında çox qiymətli materiallar var. O mətnləri oxuyan adam görür ki, Laçının necə zəngin mənəvi dünyası olub. Bəzi nümunələrdə bu gün üçün vulqar qəbul olunan sözlər var idi ki, keçmişdə ayıb sayılmırdı, insanlar onları gündəlik danışıqda normal şəkildə işlədirdilər. Onları da qeyd edirdim. Beləcə, altı il Laçın folklorunu topladım və kitab 2009-cu ildə çap olundu. Sonra gördüm ki, insanlar mənə yeni materiallar gətirirlər. Deyirdilər ki, şair, belə bir iş görmüsən, bizim rəhmətlik filankəs də bunları danışardı. Mən də deyirdim ki, qurd-quzunun heç nəyini yeməyib, danışın, qoy itib-batmasın. Bu kitab yenə çap oluna bilər. Mən etməsəm də, başqası edər, əsas odur ki, material toplansın. Beləliklə, 2009-cu ildən 2025-ci ilə qədər təxminən 16 il ərzində passiv şəkildə də olsa, əlimə keçən bütün Laçın folkloru nümunələrini toplamağa davam etdim.


– Bir dəfə demişdiniz ki, materialları topladıqca əvvəlki nəşrlərdə səhvlər olduğunu gördünüz. Misralar yanlış yazılmışdı. Deyəsən, Aşıq Alı ilə bağlı da belə məqamlar vardı.

– Azərbaycan aşıq sənətində “haqq aşıqları” deyilən altı böyük sənətkar var. Mən onların ikisinin irsini toplamışam. Bunlardan biri Sarı Aşıqdır, o biri isə Aşıq Alıdır. Sarı Aşıq cinas bayatıların ustasıdır. Aşıq Alı isə təcnis ustası kimi tanınır. Təcnislər də cinaslar üzərində qurulur. Hər iki sənətkar öz sahəsində zirvə hesab olunur. Onların irsi çox böyük və qiymətlidir. Bir gün Salman Mümtazın 1935-ci ildə çap olunan “Sarı Aşıq və bayatıları” kitabını oxuyurdum. Milli Kitabxanada oxu zalında oturub kitabı vərəqləyirdim. Gördüm ki, bayatılarda bir çox cinaslar səhv verilib. Bayatıların məna sistemi pozulub. Dili dərindən bilməyən oxucu bunu başa düşə bilməzdi. Kitabı götürüb zirzəmidə surətini çıxartdırdım, sonra da kitab kimi üzlətdirib evə gətirdim. Təxminən 1995-ci il idi. Başladım bayatıları yenidən kompüterə yığmağa və səhvləri düzəltməyə. Məsələn, belə bir bayatı var:

“Mən aşiq bağça, Pəri,
Bağbandı bağça pəri,
Qaşın bağ, gözün bağban,
Kirpiyin bağ çəpəri.”

Kitabda bayatının 4-cü misrası belə getmişdi“Kirpiyin bağça, Pəri”. Əslində isə“bağ çəpəri” olmalıdır, yəni kirpik gözə – bağa çəkilən çəpər mənasındadır. Sonra akademik Məhərrəm Qasımlı mənə dedi ki, Bəhlul Bəhcətin Sarı Aşıq haqqında olan kitabına da baxım. Baxdım və gördüm ki, orada Sarı Aşığın 329 bayatısı var, onların təxminən 130-u Salman Mümtazın kitabında yoxdur. Onları da əlavə etdim. Bir dəfə Tehranda bir nəşriyyatda kitab rəfində ərəb əlifbası ilə çap olunmuş Sarı Aşıq kitabı gördüm. Ərəb əlifbasının ana dilimizdə çap versiyasını oxuya bilirəm. Kitabı vərəqləyəndə başa düşdüm ki, bu, böyük tapıntıdır. Nəşriyyatın rəhbəri olan xanım kitabı mənə hədiyyə etdi. Mənə elə gəldi ki, sanki yerin altından küp tapmışam. Həmin kitabdakı cinasları da bərpa etdim. Bütün səhv verilmiş cinasları düzəltdim. Kitab üç dəfə çap olundu. Sonuncu nəşr bu il çıxdı. Yeni nəşrə ehtiyac ona görə yarandı ki, mənbələrdən Sarı Aşığın daha 21 bayatısını tapdım. Onlardan 3-ü Salman Mümtazın 1927-ci ildə ərəb əlifbası ilə çap etdirdiyi “Aşıq Abdulla” kitabında idi. Qalan 18 nümunəni isə professor Sədnik Paşa Pirsultanlının kitabından əldə etdim. Həmin mənbələrdə Sarı Aşığın bağlamaları və tapmacaları da vardı. Bir çoxunun cavabı yox idi. Biz o cavabları da tapıb yerinə qoyduq. Məsələn, belə bir bağlama var:

“Mən aşığam, gələn yaz,
Al əlinə qələm, yaz.
Aşı payız bişirdi,
Yağın tökdü gələn yaz.”

Sosial şəbəkədə paylaşmışdım. Laçından və Şuşadan olan iki xanım cavabı yazdı:

“Mən aşığam, gələn yaz,
Al əlinə qələm, yaz.

Taxılı payız əkdi,
Suyun verdi gələn yaz.”

Yəni bağlamanın açması budur – payız əkilən taxıl.

Başqa bir tapmaca:

“Mən Aşıq, içi dəri,
İçinin içi dəri.
Bu gün bir loxma yedim,
Üzü ət, içi dəri.”

Bunun açması toyuğun pətənəyidir.

Bir başqa nümunə:

“Mən Aşıq, bu da qatar,
O dağı bu dağ atar.
Torpaqsız yerdə bitər,
Yarpaqsız budaq atar.”

Bunun cavabı maral buynuzudur.

Bir tapmacanın cavabını isə laçınlı Aşıq Cabbar verdi:

“Qarşımızda usta kar,
Çəkic çalar ustakar.
Bir hikmət görmüş Aşıq,
Şagirdi lal, usta kar.”

Bunun cavabı kirpikdir. Kirpik kirpiyə dəyir, sanki çəkic vurur, amma səs çıxmır və eşidilmir. Ona görə deyir “şagirdi lal, usta kar”. Beləcə, Sarı Aşığın bağlamalarının, tapmacalarının cavablarını da son nəşrdə yerinə qoyduq. Kitaba geniş ön söz də yazdım. O ön sözü oxuyandan sonra Folklor İnstitutunun direktoru Hikmət müəllim mənə dedi ki, İlham müəllim, siz dilin riyaziyyatını bilirsiniz.

Bu ifadənin tam mənasını bilmirəm, amma onu bilirəm ki, dili bildiyimə verilən qiymətdir və mənim tərəfimdən bərpa olunan “Gül dəftəri” kitabı AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olundu.

- Aşıq Alının da kitabını tərtib etmisiniz…

- Aşıq Alı da Azərbaycan aşıq sənətində böyük təcnis ustası hesab olunur. Aşıq Alının təcnislərini oxudum. Hardasa 80-ə yaxın təcnisi var. Eyni zamanda cinas üzərində qurulan gəraylıları, cığalı təcnisləri də mövcuddur. Bunların hamısı söz ustalığı tələb edən nümunələrdir. Məndən əvvəl çap edilən kitablarını oxuyanda görürdüm ki, bəzi sözlər səhv yazılıb. Haradasa “də” ayrı, hardasa bitişik yazılmalı, haradasa başqa söz işlənməli idi. Oxuduqca başa düşdüm ki, məndən əvvəl bu mətnləri çap edənlər çox səhvlərə yol veriblər. Elə bil Sarı Aşığın cinas bayatıları, Aşıq Alının təcnisləri mənə deyirdi ki, sən bizi anlayırsan, hansı söz olduğumuzu hiss edirsən, bizi düzgün tərtib et. Aşıq Alının kitabını da evə gətirdim və bütün mətnləri özüm kompüterdə yığmağa başladım. Bu ağır işdir, indi gözlərimdən müalicə alıram. Çünki bir işə başlayanda dayanmıram, fasiləsiz işləyirəm. El arasında deyirlər, canavar ova təpildisə, əl çəkməz. Məndə də o xasiyyət var, işə başladım, yarımçıq qoymaram. Allahımdan da razıyam, mənə bu işləri görməyə möhlət verdi. 2020-ci ildə Aşıq Alının kitabı çap olundu. Sonra məlum oldu ki, onun mənim bilmədiyim daha doqquz şeiri var. Bayatı bağlamaları, təsnifləri də tapıldı. Yenidən mənbələrə baxdım, dörd təcnisini, bir neçə gəraylısını, qoşmasını, müxəmməsini, atası və anası haqqında yazdığı şeirləri üzə çıxardım. Bir də Hacı Hüseyn adlı bir şəxsə həsr etdiyi şeirini tapdım və kitaba əlavə etdim. Kitabın ilk nəşri çıxanda Folklor İnstitutunun o vaxtkı direktoru, professor Muxtar müəllim xəbər tutdu. Dedi ki, iki nüsxə mənə gətir. Birini iş yerində kitabxanaya qoyacağam, birini də özüm üçün götürəcəyəm. Getdim yanına. Kitabın qiyməti 12 manat idi. Muxtar müəllim cibindən bir onluq, bir beşlik çıxarıb stolun üstünə qoydu. Dedim ki, Muxtar müəllim, bura onun üçün gəlməmişəm. Kitab istəmisiniz, gətirmişəm. Sonra başladım əvvəlki nəşrlərdəki səhvlərdən danışmağa. Dedim ki, məsələn, bir yerdə “mim”, “cim”, “nun” sözləri yanaşı yazılıb. Halbuki burada Məcnundan söhbət gedir. Çünki ərəb əlifbasında bu hərflər birləşəndə “Məcnun” sözü alınır. Amma bunu oxucuya izah edən olmayıb. Bir başqa səhv də “Aşıq Alının Türkiyə səfəri” dastanında idi. Orada Aşıq Alının Aşıq Əsmərlə deyişməsində Alının dilindən belə bir misra var:

“Mən məhək daşıyam, qəlbi tanıram.”

Dedim ki, məhək daşı ilə qəlbi tanımırlar axı, qəlpi, yəni saxtanı tanıyırlar. Qızılın, gümüşün saxta olub-olmadığını məhək daşında yoxlayırlar. Kontekstdən görünür ki, burada “qəlp” sözü işlənməlidir. Bunu deyəndə Muxtar müəllim stolun üstündəki pulu götürüb cibinə qoydu, seyfi açdı, oradan əllilik çıxarıb gətirdi. Dedi ki, İlham müəllim, sən sözü çox dəqiq anlayırsan.

Dedim, söz özü adamı çağırır. Kontekstə diqqət etməsən, mətni başa düşmək olmaz. Sarı Aşıq və Aşıq Alının irsini toplamağımın əsas səbəbi də buydu, onların cinaslarını, təcnislərini düzgün qurmaq, mətnləri bərpa etmək. Alının keçən il ikinci dəfə işıq üzü görən kitabı da AMEA Folklor İnstitutu Elmi Şuranın qərarı ilə ilə çap olunub. Ümumiyyətlə, toplayıb tərtib etdiyim dörd folklor kitabı Elmi Şuranın qərarı ilə çap olunub.

– Siz uzun illərdir bu işlə məşğulsunuz. Sizcə, Azərbaycanın ən böyük aşığı kimdir?

– Birinci onu deyim ki, bizim aşıq sənətimizin xocası Dirili Qurbandır. Ondan sonrakılar əvvəlkilərdən bəhrələniblər. Dirili Qurbanın əlində yazılı mənbə olmayıb, amma dili çox güclü olub. Oxuyanda adam zövq alır. Sarı Aşıq cinas bayatıların zirvəsidir. Aşıq ədəbiyyatında belə bir fikir var: “Abbas və Gülgəz” dastanının mükəmməlliyinə görə Tufarqanlı Abbas aşıq səltənətinin padşahı sayılır. “Dirili Qurban və Pəri” dastanına görə isə Dirili Qurban həmin səltənətin vəziri hesab olunur. Tufarqanlı Abbasın dili o qədər axıcıdır ki, misralar adamın dilində yağ kimi əriyir. Məsələn:

“Könül, Məcnun kimi yayın dağlara,
Əyil bu lalənin budağından öp.
Pərvanətək dolan yarın başına,
Arala tellərin qabağından öp”.

Dil heç yerdə ilişmir.

Və ya:

“Səhər-səhər sərt çeşmələr başında,
Gün kimi aləmə yayılan Pərim.
Hər kəs məndən sənə yaman qandısa,
Ya əqrəb dişləsin, ya ilan, Pərim”.

Bu şeirlərdə dil rəvan və yüyrəkdir..

Amma dərinliyə gəlsək, Aşıq Alı həm Seyid Əzim, həm də Nəsimi səviyyəsində şairdir. Onun təcnislərini, qoşmalarını, cığalı təcnislərini, divanilərini oxuyanda görürsən ki, çox dərin sənətkardır.

– Şəxsən sizi ən çox kim heyrətləndirir?

– Mən hamısını sevirəm. Ələsgəri də, Alını da. Amma, görünür, Alı məni daha çox çəkir. Çünki bir az diqqətdən kənarda qalıb. Bəlkə də ona görə ürəyim ona yanır.

Alıda həm dərinlik var, həm də genişlik:

“Camalın şəmsidi, xilqət səcdədə,
Dövrəndə dövranı bir adət eylər.
Könlümün baharı virandı sənsiz,
Nəzərin min bəhrə kəramət eylər”.

– Bəs Dədə Ələsgər aşıq ədəbiyyatında harada dayanır?

– Dədə Ələsgər məişətimizdə, adət-ənənəmizdə, bayramlarımızda, təbiətdə elə bir mövzu olmayıb ki, onu poeziyaya gətirməsin. Dili də çox şirindir. Bizim altı böyük haqq aşığımız var: Dirili Qurban, Sarı Aşıq, Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Alı və Dədə Ələsgər.

Xəstə Qasım daha çox irfani, sufi şeirlər yazıb. Deyirlər ki, uzun illər dini təhsil alıb. Ələsgər isə xalq həyatını, məişəti, təbiəti, adətləri poeziyaya gətirib. Nə olursa olsun, Azərbaycan aşıq ədəbiyyatı bizim ən böyük mənəvi sərvətlərimizdən biridir. Dastanlarımız da elə. Hansı yaşda oxusan, insana zövq verir, istər qəhrəmanlıq dastanı olsun, istər məhəbbət dastanı. Mənə görə folkloru oxumayan dilimizi dərindən biməyəcək.

– Son vaxtlar sizinlə bağlı ən çox müzakirə olunan məsələ AYB ilə yaşadıqlarınızdır. Bu problem necə başladı?

– Mən 2004-cü ildən Yazıçılar Birliyində ev növbəsində idim. O vaxt rəhmətlik Arif Əmrahoğlu göstəriş vermişdi ki, İlham Qəhrəmanı ev növbəsinə götürün. Şeirlərimi oxumuşdu, deyirdi ki, istedadlı şairsən. Mən də düşünürdüm ki, Yazıçılar Birliyi istedadlı adamlara, ədəbiyyata xidmət edən insanlara dəstək olmalıdır. Bu nizamnamədə də belədir. Mən o vaxtdan Sabunçuda, Nobel qardaşlarının tikdiyi köhnə zirzəmidə yaşayırdım. Sonralar oranı birtəhər yaşayış yerinə uyğunlaşdırmışdıq. Ev deməyə də adamın dili gəlmir. Təxminən 19 kvadratlıq bir yerdir, girişdə balaca koridoru, mətbəxi, əlüzyuyan yeri var. Şərait çox ağırdı. Ev bölgüsü vaxtı məndən 2 dəfə sənəd istədilər. Getdim MİS-dən sənədi yenidən təsdiqlətdirib gətirdim. Həmin şəraitdə yaşadığımı göstərən sənədləri təqdim etdim. Mənə dəfələrlə demişdilər ki, sən ev alacaqsan.

Sonuncu bölgüdən əvvəl Xanəmir, Dəyanət Osmanlı və mən birlikdə Anar müəllimin qəbuluna girdik. Ev şəraitimizin ağır olduğunu dedik. Ondan əvvəl dörd nəfərə mənzil əvəzinə 25 min manat pul verilmişdilər ki, yaşayış şəraitlərini yaxşılaşdırsınlar. Anar müəllim dedi ki, gedin İlqar Fəhmiyə yeni ərizə verin, siz ev alacaqsınız. Biz də sevincək ərizələri yazıb İlqar Fəhmiyə təqdim etdik. Evə gəldim, bir neçə gün sonra oğlumu, gəlinimi, nəvələrimi götürüb apardım ki, gedək bizə mənzil veriləcək binaya baxaq. Əvvəllər də Dəyanətlə, Xanəmirlə danışmışdıq ki, əgər bizə ev verməsələr, orada çadır qurub etiraz edəcəyik. Tikinti gedən yerə çatdıq. Hər tərəf toz-torpaq idi. Oradakı iş icraçısı ilə də söhbət etdik. Bir müddət sonra xəbər yayıldı ki, evlər bölünüb. Baxdım ki, mənim adım yoxdur. Zəng elədim Rauf Aslanova, o həmişə məni inandırırdı ki, ev alacağam. Dedim ki, Rauf müəllim, bu nə məsələdir? Sonradan başa düşdüm ki, Anar müəllimin qəbuluna gedənlərə təsir edən ayrıca bir çevrə var. Mən bilmirəm bunu hamıya edirlər, yoxsa yox. Amma həmişə mənə deyirdilər ki, sən yaxşı şairsən. Əkrəm Əylislinin bir sözü vardı: “Bu ədəbiyyatda mən öz yerimin harada olduğunu bilirəm”. Mən də çağdaş poeziyada yerimi bilirəm. Kimdən aşağıda, kimdən yuxarıda olduğumu da bilirəm. Təvazökarlıqdan uzaq səslənsə də, bu, belədir. Bir dəfə jurnalist Anar müəllimdən soruşdu ki, evləri hansı meyarla bölürsünüz? O da cavab verdi ki, kim məni daha yaxşı inandırırsa ki, evi yoxdur, ona ev veririk.

Amma AYB-nin son ev bölgüsündəBakıda üç villası olan adam da ev aldı, beş evi olan da. Mənə maraqlıdır, bu adamlar Anarı necə inandırırlar ki, evsizdirlər? AYB-də evi olanın evsiz olduğuna inandılar, evsiz olana inanmadılar.

– O üç villası olan kim idi?

– Bir xanım idi... Ad çəkməyim. Bu ayrı-seçkilik adamın içini yandırır. Sənin haqqın olanı vermirlər, haqqı olmayana verirlər. Sonra da o adam cəmiyyət içində özünü üstün tutur. Bu, düzgün deyil. Mən dəfələrlə İlqar Fəhmidən soruşmuşam. Deyirdi, təkcə məndən asılı deyil. Orada yığıncaq olur, sənin tərəfini saxlayan adamlar olmalıdır. Deməli, mənim tərəfimi saxlayan olmayıb. Məncə, onlar düşünüblər ki, filankəsə ev verilməsə, qalmaqal salacaq, baş-beyin aparacaq. İlham Qəhrəman isə sakit adamdır, şikayət eləməz. Mənə çox deyiblər ki, Heydər Əliyev Fonduna, Mehriban xanıma məktub yaz. Amma xarakterimdə yoxdur. Yazmıram. İllərlə haqqımı gözlədim, vermədilər. İndi də gözləyirəm ki, Anarın dövrü bitsin. Qurultay olsun. Özü də deyir ki, namizəd olmayacaq. Amma ətrafında elə adamlar var ki, guya Azərbaycan ədəbiyyatı onsuz dağılar. Halbuki mən Yazıçılar Birliyinə rəhbərlik edə biləcək, ədəbi meyarları qoruyan adamların adını çəkə bilərəm. Məsələn, Nizami Cəfərovun, Aqil Abbasın. Aqil Abbasla yaxın olmamışam, amma yazılarını oxumuşam. İnanıram ki, onlar haqqı nahaqqa verməzlər.

– Bəs məhkəmə prosesi necə başladı?

– Yazıçılar Birliyi iddiaçı kimi məhkəməyə müraciət etdi ki, guya mən onlara qarşı şər və böhtan yazmışam, təşkilatın nüfuzuna xələl gətirmişəm. İddia etdilər ki, mən 5000 manat təzminat ödəyim, yazıya təkzib verim və üzr istəyim. Mənim Kulis.az-da bir yazım çıxmışdı. Sonra başqa saytlar da yaydı, böyük rezonans doğurdu. Proses bir ilə yaxın Sabunçu Rayon Məhkəməsində davam etdi. Hakim məndən tələb edirdi ki, Yazıçılar Birliyi ilə bağlı yazdıqlarıma sübut gətirim. Mən yazmışdım ki, Anar qədər ədəbi meyarları saymayan ikinci adam tanımıram. O vaxt Teleqraf saytının jurnalisti Qurban Yaquboğlu Anardan müsahibə almışdı. Söhbət zamanı soruşmuşdu ki, AYB istedadlı şair İlham Qəhrəmanı məhkəməyə verib, bu haqda nə deyə bilərsiniz? Anar cavab vermişdi ki, yaradıcılığı haqqında heç nə deyə bilmərəm, oxumamışam. Amma bizə şər atır.

Mən də məhkəmədə dedim ki, əgər Anar mənim yaradıcılığımı oxumayıbsa, onda hardan bilir yaxşı şairəm, yoxsa yox? Mənə Yazıçılar Birliyinin üzvlük vəsiqəsini şəxsən özü təqdim edib.

Hakim deyirdi ki, sübut gətir. Mən də deyirdim ki, bu mücərrəd məsələdir, buna necə sübut gətirim? Başqa məsələlər də vardı. Məsələn, deyirdilər ki, filankəsin səndən pul istədiyini sübut et. Mən deyirdim ki, telefon danışıqları Azercell-in arxivində var. Deyirdilər, məhkəmə onu çıxarda bilməz. Məhkəmə uzandı. Hakim də görürdü ki, mənə AYB-nin verdiyi heç bir imtiyaz şamil olunmayıb. Nə yaradıcılıq evinə göndərilmişəm, nə xarici ezamiyyətə getmişəm. Təsəvvür edin, sonradan eşitdim ki, Şabranda yazıçılar üçün yaradıcılıq evi tikilib. Bir dəfə də demədilər ki, İlham Qəhrəman, sən əlilsən, get orada dincəl. 27 il Yazıçılar Birliyinin üzvü oldum. Həmkarlar ittifaqı bir dəfə də demədi ki, səni istirahətə göndərək. Bir dəfə də şeirlərimi tərcümə edib xarici ölkədə təqdim etmədilər. Gedib görmək istədiyim yerlər vardı. Məsələn, Səmərqəndi, Şərqi Anadolunu görmək istəyirdim. Getsəydim, qayıdıb yaxşı yazılar yazardım. Heç biri olmadı.

Məndə elə hiss yaranırdı ki, ədəbi mühit bir növ qruplaşma yeridir. Gərək siyasət aparasan, münasibət qurasan. Bir dəfə Şuşada Vaqif Poeziya Günlərində bir nəfər dedi ki, dövlət xətti ilə 97 ölkə gəzib. Sonra məlum oldu ki, onu müxtəlif əlaqələrlə göndəriblər, yəni elə də əlahiddə istedad sahibi deyil. Mən isə dövlət xətti ilə bir dəfə də harasa göndərilmədim.

Axırda məhkəmə qərar çıxardı ki, AYB-nin iddiası qismən təmin olunsun. Mən 500 manat təzminat ödəyim, təkzib verim və üzr istəyim. Dostlarım dedi ki, 5000 manatı 500-ə salıblar, bu sənin üçün uğurdur. Amma mən başqa şeyi düşünürdüm. Təzminatın ödənməsinə kömək etmək istəyənlər də vardı. Amma mənim üçün prinsipial məsələ üzr istəmək idi. Düşündüm ki, sabah nəvələrim böyüyəcək, baxacaqlar ki, babaları illərlə folklor toplayıb, araşdırma aparıb, ədəbiyyata xidmət edib. AYB sədrinin babamıza olan qərəzli münasibətinə görə babamızdan bizə heç nə qalmadı, bəs onun təmiz adına nə gəldi?! Mən bunu qəbul edə bilmədim. Hüquqşünaslar da dedilər ki, üzr istəməsən, hər il əlavə cərimə ola bilər. Mən də apellyasiya şikayəti yazdım. Bir hüquqşünas dostdan xahiş etdim ki, Asan İmza ilə göndərməyə kömək etsin. O da sənədlərlə tanış olandan sonra gülüb dedi ki, şair, sənin burada Apellyasiya Məhkəməsi tərəfindən hüquqlarının tanınması istiqamətində sənə kömək ediləcəyinə heç bir ümid yoxdur. Sənin yeganə arqumentin budur ki, yazmısan, bunlar iddia edirlər ki, İlham Qəhrəman onların əleyhinə yazı yazıb və onu populyar, çox oxunan saytda yayıb. Belə çıxır ki, həmin yazını az oxunan, tanınmayan bir sayta versəydin, səni məhkəməyə verməyəcəkdilər. Dedim, Allaha pənah, iddiamı“Asan İmza” ilə Bakı Apellyasiya Məhkəməsinə göndərsinlər. O da sənədləri hazırladı, onlayn qaydada göndərdi. Sonra mənə dedi ki, tez get, MilliÖn-də 51 manat ödəniş etməlisən. Getdim, ödənişi etdim. Bir neçə gündən sonra mənə SMS gəldi ki, iddiam Apellyasiya Məhkəməsinin icraatına qəbul olunub. Bir hüquqşünas dostum da var idi. Açıq şəkildə ortaya çıxa bilmirdi. Deyirdi ki, şair, müəyyən səbəblərə görə mən görünə bilmirəm. Mən isə hər iki məhkəmədə vəkilsiz iştirak etmişəm. Elə vəkil dostlar da var idi ki, biz utanırıq ki, gəlib səni müdafiə edə bilmirik deyirdilər. Pulum yox idi ki, vəkil tutum. Pulsuz kömək etmək istəyənlər də vardı, amma müxtəlif səbəblərdən bunu edə bilmirdilər. Bir müddət sonra bildiriş gəldi ki, filan gün Apellyasiya Məhkəməsinə, filan zala gəlməliyəm. Deyilən gün getdim. Gedəndə Eldar Baxışın, Aşıq Alının, Sarı Aşığın topladığım kitablarını, “Laçın lətifələri”, “Laçın folkloru” kitablarını, öz kitablarımı da götürüb aparmışdım. Düşünürdüm ki, bu qədər iş görmüşəmsə, Anar məni görmək üçün mən ağzımla quş tutmalı idim?! Məndən sonra növbəyə düşən, hətta evə ehtiyacı olmayan adamlara ev verdilər, amma mənə vermədilər. Hakimlər kitabları görəndə dedilər ki, qarşı tərəfin nümayəndəsi yoxdur, İlham müəllim. Amma mənə çıxış üçün söz verdilər. Sonra bildirdilər ki, məhkəmə növbəti iclasa saxlanılır. Təxminən 10-15 gün sonraya tarix təyin etdilər. Həmin gün yenə getdim. Bu dəfə qarşı tərəfin vəkili də gəlmişdi. Hakim qarşı tərəfin vəkilindən soruşdu ki, İlham Qəhrəman təkzib versə, razısınız? Vəkil dedi, icazə verin, çıxım zəng edib danışım. Mən özbaşına qərar verə bilmərəm.

Razı oldular?

– Bəli. Çıxıb qayıdandan sonra sevincək dedi ki, razıdırlar.

Yazıçılar Birliyi razı idi ki, mən təkzib verim və məsələ bağlansın. Hakim gördü ki, tərəddüd edirəm. Üzünü vəkilə tutub soruşdu ki, Yazıçılar Birliyinin nizamnaməsi yanınızdadır? Vəkil dedi, yox.

Hakim yenə soruşdu, Nizamnaməyə görə Yazıçılar Birliyi hər hansı bir üzvünü, o cümlədən sədri müdafiə edə bilərmi? Vəkil dedi ki, bilmirəm. Hakim dedi, növbəti məhkəməni fevralın 16-na təyin edirəm. Nizamnamə ilə gələrsiniz.

Fevralın 16-da yenidən məhkəməyə getdik. Hakim ilk olaraq qarşı tərəfin nümayəndəsinə üzünü tutub soruşdu ki, Nizamnamədə nə yazılıb?

Vəkil çətin vəziyyətdə qaldı. Dedi, möhtərəm hakim, birbaşa yazılmayıb ki, kimisə müdafiə edə bilərlər. Amma kimisə tutub özünü müdafiə etdirmək mümkündür.

Hakim dərhal dedi ki, qətnaməni elan edirəm. Hamı ayağa qalxdı. Sonra qərarı oxudu.

Yazıçılar Birliyinin iddiası üzrə Sabunçu Rayon Məhkəməsinin mənə qarşı qəbul etdiyi qərar ləğv olundu. Nə təkzib verdim, nə üzr istədim, nə də təzminat ödədim.

Qərar oxunan kimi qarşı tərəfin vəkili məhkəmə zalından çıxıb getdi. Görünür, iş onların istədiyi kimi alınmamışdı.

Sonradan vəkil dostlarım dedilər ki, ola bilər, məsələ Ali Məhkəməyə çıxarılsın. Hətta dedilər ki, Ali Məhkəmədə sizi prosesə də çağırmaya bilərlər. Amma o vaxtdan xeyli vaxt keçib. Bilmirəm, indi nə olar. Yenə də düşünürəm ki, orada vicdanlı adamlar var və görürlər ki, sübutum olmasa da yazdıqlarım düzdür, növbəm olub, haqqım tapdalanıb.

Rəhmətlik Arif Əmrahoğlu, heç olmasa, vəziyyətimi soruşardı. Bilirdi ki, xəstəyəm, ikinci qrup əliləm, qaraciyər xəstəliyim var, dərmanlara çox pul gedir. Deyirdi ki, bir ərizə yaz, maddi yardım al. Arifdən sonra o da olmadı. İndi orada üz tutmağa bir adam yoxdur ki, gedib deyəsən ki, dərmana ehtiyacım var, pensiya ilə dolanıram.

Bizim işimiz də elədir ki, gəlir gətirmir. Kitab satılmır. “Akademkitab”a təxminən yeddi ay əvvəl kitablarımı qoymuşam: Eldar Baxış, Aşıq Alı, Sarı Aşıq, şeirlər kitabım, “Laçın folkloru”, “Laçın lətifələri”... Yeddi ayda bir kitab da satılmayıb. Digər mağazalarda da eyni vəziyyətdir.“Novella” mağazasında kitablarım üç il qaldı, amma biri də satılmadı. Halbuki sərgidə kitabın yanında dayananda vəziyyət tamam başqa olur. Oxucu gəlir, sən ona bir lətifə danışırsan, bir bayatı deyirsən, Aşıq Alıdan, Sarı Aşıqdan, Eldar Baxışdan nümunə deyirsən, ya da öz şeirini oxuyursan. Adam maraqlanır, soruşur ki, bu hansı kitabdandır? Sonra da kitabı alır. Mağazada isə kitab satılmır. Bir problem də nəşriyyat məsələsidir. Məsələn, yaxınlarda “Qanun” nəşriyyatı Aşıq Alının kitabını çap etdi. Mən indiyə qədər heç bir nəşriyyata borclu qalmamışam. Kredit götürüb kitabın pulunu vaxtında ödəmişəm. Axırıncı dəfə Sarı Aşığın kitabını çap etdirəndə “Ol” MMC-də dedilər ki, şair, kağızın pulunu düzəlt, ilin sonuna qədər vaxt veririk.

Sonra “Qanun” təklif etdi ki, kitabı satış şəbəkələrinə çıxarsınlar. Soruşdum, faiz necə olacaq? Dedilər, 60 faiz bizim, 40 faiz sənin.

12 manatlıq kitabın 60 faizi 7 manat 20 qəpik edir. Belə şərtlə razılaşmaq ziyana işləməkdir. Ölkədə qəribə paradokslar var. Bu sistemin bütün ağırlığı da gəlib qələm adamının üstünə düşür. Bu gün bizim işimiz şeytan fəhləliyidir.

Chosen
19
1
kulis.az

2Sources