EN

Temunun 4 manatlıq donuna etibar edənlər, niyə yerli məhsullardan qorxur ?

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son dövrlərdə onlayn alış-verişin geniş yayılması ilə insanlar müxtəlif beynəlxalq platformalardan, o cümlədən aşağı qiymətləri ilə seçilən satış saytlarından daha çox istifadə etməyə başlayıblar. Müşahidələr göstərir ki, bir çox alıcılar 3-5 manat kimi çox ucuz qiymətə geyim və digər məhsulları xarici platformalardan sifariş edirlər, lakin eyni qiymət intervalında yerli bazardan alış-verişə o qədər də üstünlük vermirlər. Bu isə maraqlı bir sual doğurur ki, niyə insanlar xarici platformalara daha çox etibar edir, yerli bazara isə daha ehtiyatla yanaşır?Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, Azərbaycanın indiki nəsil istehlakçıları keçmişdə mövcud olmuş istehsal mədəniyyətinin formalaşdırdığı yanaşmanın davamçıları hesab olunur:“Tarixən ölkədə istehsal olunan geyim və tekstil məhsullarına münasibət birmənalı olmayıb və bu, istehlakçı davranışlarına da təsir göstərib. Bir dövrdə yerli istehsal olunan məhsulların keyfiyyəti ilə bağlı müəyyən problemlərin olması cəmiyyətin bu sahəyə etibarını zəiflədib. Buna görə də uzun illər ərzində istehlakçılar daha çox xarici məhsullara üstünlük verməyə meyilli olublar. Hətta bəzi hallarda yerli istehsal olan geyim və ayaqqabılar üzərində xarici brend etiketlərindən istifadə olunaraq onların daha çox satılması halları da müşahidə edilib. Eyni zamanda, bazarlarda və yarmarkalarda müxtəlif keyfiyyətdə məhsulların, o cümlədən çox ucuz qiymətə satılan geyimlərin geniş yayılması istehlakçı seçimlərinə təsir göstərib. Bu tip məhsullar daha çox əlçatan qiymətə görə alıcı cəlb etsə də, keyfiyyət baxımından hər zaman standartlara uyğun olmaya bilər”.O deyib ki, ölkədə tekstil sənayesinin inkişaf səviyyəsi də bu məsələdə mühüm rol oynayır:“Xammalın emalı və tam istehsal zəncirinin formalaşması sahəsində məhdud imkanlar yerli məhsulların maya dəyərinə təsir edir. Parça materiallarının əsasən xarici ölkələrdən idxal olunması son məhsulun qiymətini artırır və bu da istehlakçı seçimlərinə təsirsiz ötüşmür. Nəticə etibarilə, istehlakçı davranışlarında formalaşan etimad məsələsi yalnız keyfiyyətlə deyil, həm də istehsal infrastrukturunun inkişaf səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahədə inkişafın təmin olunması isə həm yerli istehsala marağı artıra, həm də bazarda daha sabit və rəqabətqabiliyyətli mühit formalaşdıra bilər”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
demokrat.az

1Sources