EN

Dünyanın xəbəri olmayan dünyaşöhrətli yazıçımız Saffari yazır…

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Əlbəttə, söz yox ki, Çingiz Abdullayev Azərbaycanda ən çox tanınan və oxunan yazıçılardan biridir. Fəqət Çingiz Abdullayev yeganə ən çox tanınan və oxunan yazıçılardan biridir ki, qətiyyən yazıçı deyil.

Xüsusilə müasir dövrdə çox oxunmağın və tanınmağın heç də peşəkarlığa dəxli olmadığını nəzərə alsaq, Çingiz Abdullayevə yazıçı deməməyimiz üçün heç bir əsas qalmır.

Məsələn, bu gün Çingiz Abdullayevi yazıçı hesab edən bircə ciddi ədəbiyyat adamı da yoxdur. Elə qeyri-ciddi yazıçılar var ki, onları heç olmasa, üç nəfər də olsa nəyəsə xatir yazıçı hesab edir. Ancaq Çingiz Abdullayev bu mənada təkdir. Konkret desək, Çingiz Abdullayevi Yazıçılar Birliyindən kənarda heç kim tərifləmir. Heç bir ciddi yazıçı hansısa müsahibəsində, çıxışında da onun adını çəkmir.

Ümumiyyətlə, Çingiz Abdullayev o adamlar üçün yazıçıdır ki, onlar ya kitab oxumağa təzə başlayıblar, ya da Çingiz Abdullayevdən başqa yazıçı oxumayıblar. Çingiz Abdullayevi yazıçı kimi bircə Elxan Elatlı ilə müqayisə etmək olar, ancaq qəsdən hansının yaxşı olmağını da deməməlisən. İkisi də bu barədə ciddi-ciddi düşünüb bir qənaətə gəlməməlidirlər.

Çingiz Abdullayevin çox tanınmağında və oxunmağında istedad amili bir dəfə də olsun iştirak etməyib. Məsələn, bu dünyada heç kim Çingiz Abdullayevə məxsus bircə istedadlı cümlə misal çəkə bilməz.

Yazıçılığı bir yana qalsın, uzun illərdir ki, Çingiz Abdullayev haqqında həqiqətə yaxın düşə bilməyən iddialar səsləndirilir.

Məsələn, deyirlər ki, Çingiz Abdullayev dünyaşöhrətli yazıçıdır.

Bəs o, doğrudan da belədirmi?

Bəzi mənbələrdə deyilir ki, Çingiz Abdullayev 32 dildə nə az, nə çox, düz 30 milyon kitabı nəşr olunub.

Burada sadə bir məsələ var. Bu cür bir nəşri olan adamın AYB-nin katibliyində nə işi var?

Ümumiyyətlə, 30 milyon tirajla çap olunan adama nə AYB, nə Anarı müdafiə etmək, nə də başqa nəsə lazım olmamalıdır. Ancaq Çingiz Abdullayev bu ölkədə hər şeyi istəyir, hər şeyə vaxt tapır.

Hazırda da yaşayan çox ciddi yazıçıları var ki, onlar həqiqətən də dünyada tanınırlar və heç vaxt bu qədər nəşrləri olmayıb. Olanlar isə məlumdur, Çingiz Abdullayev onların üfiqlərində ola bilməz.

Dünyada ortabab şöhrəti olan heç bir yazıçı da Çingiz Abdullayevi tanımır. Onları heç vaxt bir arada görə bilmərik.

İndi Çingiz Abdullayev katib vəzifəsində otura-otura bunu necə qazanıb?

O hansı dünyadır ki, Çingiz Abdullayev orada tanınır? Çingiz Abdullayevi Azərbaycanda birtəhər tanıyıblar, dünya o qədər boş-bikardı? Dünyanın üstünə bu boyda şər atmağa nə ehtiyac var?

Məsələn, bu günə qədər Çingiz Abdullayevin hansısa ciddi də yox, ortabab bir mükafata layiq görüldüyünü görən olubmu?

Bu günə qədər dünyada onu yazıçı hesab edib hansısa nüfuzlu tədbirə dəvət ediblərmi?

Bircə dəfə də dünyada məşhur olan verilişlərdə, tədbirlərdə, sayt və qəzetlərdə çap olunmayan, çağırılmayan, görülməyən adam necə dünyaca məşhur yazıçı ola bilər?

32 dildə 30 milyon nəşri olan adam müxtəlif siyahılarda olmalı idi. Ancaq dünyada kitabı ən çox satılan yazıçıların adlarının yanında da onun adını görmək mümkün deyil.

Çingiz Abdullayev, ən yaxşı halda Azərbaycanda şöhrətli adamdır. Onu daha çox əsgərlər bikar olanda, bir də bədii kitablara təzə dadanan tələbələr oxuyur. Universitet və əsgərlik bitən kimi, Çingiz Abdullayevə yaxın durmaq mümkün deyil.

Göründüyü kimi, Çingiz Abdullayev ətrafında uzun illər bu cür yalanlar dolaşıb.

Azərbaycanlı yazıçı Çingiz Abdullayevin Azərbaycan dilində danışa bilməməsi isə bir ayrı faciədir. Ümumiyyətlə, indən belə bu barədə danışmaq da lazım deyil heç. Özü bilər, Allahl bilər. İllərdir, buna görə tənqid edilməyinə baxmayaraq, o, heç vaxt bu dili mənimsəyə bilmədi.

Çingiz Abdullayevin 200-dən çox kitabı var.

Əslində, fiziki olaraq bu qədər kitabı yazmaq da şübhə doğurur.

Məsələn, Çingiz Abdullayev nə vaxt yatır, nə vaxt durur, işə necə gedir, necə gəlir, özünə, ailəsinə, dostlarına, tədbirlərə, məişətə necə vaxt ayırır ki, bu qədər kitab da yaza bilir?

Aylara, illərə, günlərə böləndə də fiziki olaraq bu qədər kitab yazmaq olmasa da, Çingiz Abdullayev bunu da bacarıb.

Görünən odur ki, Azərbaycanda neft çıxır, günəş çıxır, bir də Çingiz Abdullayev kitabları.

Ancaq ortada mətn, ədəbiyyat adına nə bir kitab var, nə də bir cümlə.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
icma.az

1Sources