EN

Hindistanda yerli istehsal olan T-90 tankının 1000-cisi buraxılıb: Bunun əhəmiyyəti nədir?

Hindistanın cənubundakı Çennay yaxınlığında yerləşən Avadi şəhərindəki Heavy Vehicles Factory zavodunda yerli istehsal edilən T-90 "Bhishma" əsas döyüş tankının 1000-ci nümunəsi hazırlanıb...

Poliqon xəbər verir ki, bu barədə Defence Blog yazır.

Məlumata görə, bu hadisə 20 ildən çox əvvəl Rusiya çertyojları və idxal olunan hissələr əsasında başlayan genişmiqyaslı istehsal proqramının tamamlanması deməkdir. Proqramın nəticəsi olaraq tankın təxminən 80%-i Hindistanda lokallaşdırılıb, o cümlədən mühərrik tamamilə ölkə daxilində istehsal olunur.

Dövlətə məxsus Armoured Vehicles Nigam Limited (AVNL) şirkəti 1000-ci T-90IM "Bhishma" tankının Hindistan ordusuna təhvil verildiyini bildirib. IM (indigenously manufactured) – "yerli istehsal" deməkdir və bu versiyanı ilk Rusiya istehsalı T-90-lardan fərqləndirir.

Son 20 ildə Hindistan texnologiyaların mərhələli şəkildə transferini həyata keçirib: mühərrik istehsalından tutmuş qüllə sistemlərinin elektromexaniki idarəetməsinə qədər bir çox sahələr mənimsənilib.

T-90 – 1990-cı illərin əvvəlində sovet T-72 platforması əsasında hazırlanmış Rusiya üçüncü nəsil əsas döyüş tankıdır. Hindistan ilk T-90 müqaviləsini 2001-ci ilin fevralında imzalayıb və əvvəlcə 124 hazır tank alıb, daha sonra isə qalan texnika yerli yığım üçün komplekt şəklində tədarük olunub.

2006-cı ildə imzalanan lisenziya sazişi Hindistana HVF zavodunda 1000 T-90S tankının yerli istehsalına imkan verib. 2009-cu ildə zavod ilk tam yerli yığılmış T-90S tankını ordusuna təhvil verib.

Avadi zavodu 1961-ci ildən Hindistanda ağır zirehli texnikanın əsas mərkəzi sayılır. Burada "Vijayanta" (Britaniya konstruksiyası əsasında), T-72 "Ajeya", "Arjun" və T-90 tankları istehsal edilib. Ümumilikdə zavod 4600-dən çox zirehli texnika buraxıb.

Mütəxəssislər bildirirlər ki, Rusiya tərəfindən texnologiya transferi gözləniləndən zəif olsa da, Hindistan uzunmüddətli təcrübə hesabına yüksək səviyyəli lokalizasiya əldə edib.

T-90IM proqramı çərçivəsində hətta ən mürəkkəb sistemlər də mənimsənilib. Məsələn, V-92S2 dizel mühərriki Hindistanda tam istehsal olunur. Bu, yüksək dəqiqlikli maşınqayırma və mürəkkəb metallurgiya tələb edən ciddi nailiyyət sayılır.

Yeni partiyalarda 1350 at gücünə malik Hindistan istehsalı mühərrikdən istifadə olunur ki, bu da tankın hərəkət qabiliyyətini artırır.

Hazırda Hindistan 1300-dən çox T-90 və T-72 tankı ilə Asiyanın ən böyük zirehli parklarından birinə sahibdir.

Analitiklərin fikrincə, ölkə eyni zamanda iki fərqli istiqamətdə hərbi ehtiyaclarını təmin etməyə çalışır: qərbdə Pakistanla düzənlik ərazilərdə və şimalda isə Çin sərhədində yüksək dağlıq və çətin relyefli bölgələrdə.

Ukraynada müharibənin dronların tanklara qarşı effektivliyini göstərməsindən sonra Hindistan hərbçiləri artıq zirehli texnikanı improvizə edilmiş dron əleyhinə "kletka" tipli qoruyucularla təchiz etməyə başlayıb.

Mütəxəssislər hesab edirlər ki, 1000-ci tankın istehsalı Hindistan üçün təkcə hərbi deyil, həm də iqtisadi əhəmiyyət daşıyır və ölkənin müdafiə sənayesinin gələcək ixrac imkanlarını gücləndirir.

Poliqon.info

Chosen
27
poliqon.info

1Sources