EN

Dr.Şəbnəm Əlirzayeva: “Xəstəliyin vaxtında aşkarlanması həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır”

2009-cu ildən etibarən hər il mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir. Həmin gün qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə təsis olunub.

Azərbaycanda Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.

Statistikaya görə, dünya əhalisinin üçdə bir hissəsi qalxanabənzər vəzinin fəaliyyətinin pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir. Böyüklərin təxminən 30 faizinin boğaz nahiyələrində düyünlər müşahidə edilir.

Müasir dövrdə stress, qeyri-düzgün qidalanma, yod çatışmazlığı və həyat tərzindəki dəyişikliklər qalxanabənzər vəzi xəstəliklərinin artmasına səbəb olur. Bir çox hallarda bu xəstəliklər ilkin mərhələdə gizli simptomlarla özünü göstərdiyi üçün insanlar onları sadə yorğunluq və ya gündəlik gərginlik kimi qiymətləndirirlər. Halbuki vaxtında diaqnostika və düzgün müalicə ciddi fəsadların qarşısını almaqda mühüm rol oynayır.

Ümumdünya Qalxanabənzər Vəzi Günü münasibətilə Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Şəbnəm Əlirzayeva ilə qalxanabənzər vəzi xəstəliklərinin əlamətləri, risk faktorları, müasir diaqnostika və profilaktika üsulları barədə ətraflı söhbət etdik. Bu müsahibədə Şəbnəm həkim insanların ən çox yol verdiyi yanlışlıqlardan, hormon preparatları ilə bağlı mövcud stereotiplərdən və erkən müraciətin əhəmiyyətindən bəhs edir.

- Şəbnəm xanım, qalxanabənzər vəzi nədir və orqanizmdə hansı funksiyanı yerinə yetirir?

- Qalxanabənzər vəzi boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. O, T3 və T4 hormonlarını ifraz edərək orqanizmin metabolizmini, enerji balansını, ürək ritmini və bədən temperaturunu tənzimləyir. Bu vəzi “bədən idarəetmə mərkəzi” kimi fəaliyyət göstərir və onun pozulması bütün sistemlərə təsir edir. Bu vəzinin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına aparıb çıxarır. Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod elementi insan orqanizminin fəaliyyəti üçün çox böyük əhəmiyyət daşıyır.

- Qalxanabənzər vəzi xəstəlikləri adətən hansı əlamətlərlə özünü göstərir?

-Bu xəstəliklərin ilkin əlamətləri çox vaxt qeyri-spesifik olur və insanlar tərəfindən adi yorğunluq kimi qəbul edilir. Xəstələrdə səbəbsiz çəki artımı və ya azalması, ürək döyüntüsünün sürətlənməsi, yuxu pozğunluğu, tərləmə və ya əksinə üşümə kimi əlamətlər müşahidə oluna bilər. Emosional dəyişikliklər - əsəbilik və ya depressiv hal da tez-tez rast gəlinir.

- Bəs bu xəstəliklər nə dərəcədə yayılıb?

- Qalxanabənzər vəzi xəstəlikləri dünyada kifayət qədər geniş yayılıb və hər 5 nəfərdən biri həyatının müəyyən dövründə bu problemlə qarşılaşa bilər. Qadınlar risk qrupundadır və bu, hormonal dəyişikliklərlə əlaqəlidir.

- Əsas risk faktorları hansılardır?

- Qalxanabənzər vəzi xəstəliklərinin yaranmasında bir neçə əsas faktor rol oynayır. Bunlara yod çatışmazlığı, autoimmun xəstəliklər, genetik meyillilik, stress və radiasiya təsiri daxildir. Qeyd edim ki, hamiləlik dövründə hormonal dəyişikliklər də bu vəzə təsir göstərə bilir.

- Diaqnoz necə qoyulur və bu proses nə qədər çətindir?

- Diaqnostika nisbətən sadədir və qan analizi (TSH, T3, T4), ultrasəs müayinəsi və lazım olduqda biopsiya ilə aparılır. Lakin əsas problem ondan ibarətdir ki, xəstələr adətən həkimə gec müraciət edirlər. Burada əsas məsələ xəstəliyin erkən mərhələdə aşkarlanmasıdır. Bu halda aparılan müalicə daha effektiv olur.

- Hormon preparatlarının qəbulu ilə bağlı xəstələrdə hansı yanlış fikirlər var?

- Pasiyentlər arasında hormon dərmanlarına qarşı əsassız qorxu mövcuddur. B preparatlar orqanizmdə çatışmayan hormonları əvəz edir və insulin kimi həyati əhəmiyyət daşıyır. Düzgün dozada qəbul edildikdə bu müalicə təhlükəli deyil, əksinə, həyati vacibdir.

- Qalxanabənzər vəzi psixoloji vəziyyətə təsir edə bilərmi?

- Qalxanabənzər vəzi pozğunluqları psixoloji vəziyyətə birbaşa təsir göstərir. Hipotiroidizm zamanı depressiya, yorğunluq və yaddaş zəifliyi, hipertiroidizm zamanı isə əsəbilik, narahatlıq və panik hisslər müşahidə oluna bilər. Bu səbəbdən bəzi hallarda xəstələr yanlışlıqla psixoloji müalicəyə yönləndirilir.

- Bu xəstəliklərin qarşısını almaq üçün nə etmək lazımdır?

- Yodlaşdırılmış duzdan istifadə, müntəzəm tibbi yoxlanış, stressin idarə olunması və risk qrupunda olan şəxslərin hormon analizlərini vaxtaşırı etdirməsi çox önəmlidir.

- Sonda oxuculara hansı mesajı vermək istərdiniz?

- Qalxanabənzər vəzi kiçik orqan olsa da, onun disfunksiyası bütün orqanizmin balansını poza bilər. İnsanlar yorğunluq, çəki dəyişiklikləri və əhval pozğunluqlarını adi hal kimi qəbul etməməli, erkən diaqnostika üçün həkimə müraciət etməlidirlər. Erkən aşkarlama həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Ona görə də, özünüzdə bu əlamətləri hiss etdikdə, mütləq həkimə müraciət edin.

- Maraqlı müsahibəyə görə minnətdarlığımızı bildiririk. Sağ olun.

Müsahibəni apardı

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilarə Zamanova

Chosen
41
2
sia.az

3Sources