Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “HunTech” şirkəti və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Rəqəmsal inkişafın memarları” adlı tədbir keçirilib.
APA xəbər verir ki, tədbirin əsas məqsədi tələbələrin rəqəmsal texnologiyalar sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların müasir əmək bazarının tələbləri ilə tanış edilməsi, texnologiyayönümlü düşüncə tərzinin formalaşdırılması və karyera imkanları barədə məlumatlandırılması olub.
Açılış nitqi ilə çıxış edən AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov rəqəmsal transformasiyanın müasir təhsil sistemində oynadığı roldan danışıb. O bildirib ki, ali təhsil müəssisələrinin əsas məqsədlərindən biri tələbələrə yalnız nəzəri biliklər aşılamaq deyil, eyni zamanda onları sürətlə dəyişən texnologiya mühitinə uyğun praktiki bacarıqlarla hazırlamaqdır. Prorektor universitet–sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayaraq bu kimi təşəbbüslərin tələbələrin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Daha sonra “HunTech” şirkətinin direktoru Elşad Xanışlı, “Megasec” şirkətinin süni intellekt mühəndisi Abdulla Axundzadə və “Crocusoft” şirkətinin proqramlaşdırma mühəndisi Nadir Məmmədov çıxış edərək texnologiya sektorunda müşahidə olunan son tendensiyalar, süni intellektin inkişaf perspektivləri, kibertəhlükəsizlik sahəsində mövcud çağırışlar, proqram təminatının hazırlanması prosesləri və texnologiya sahəsində uğurlu karyera qurma yolları barədə tələbələrlə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində “HunTech” şirkətinin gənclərin texnologiya sahəsində inkişafına yönəlmiş fəaliyyət istiqamətləri və “HunTech Lab” platforması haqqında da məlumat təqdim olunub.
Bildirilib ki, platforma tələbələrin yeni bacarıqlar qazanmasına, real layihələrdə iştirak etməsinə və peşəkar inkişaf imkanları əldə etməsinə şərait yaradır.
Təqdimatlar, interaktiv müzakirələr və sual-cavab sessiyaları ilə davam edən tədbirdə iştirakçılar əmək bazarının aktual tələbləri, iş dünyasının gözləntiləri, texnoloji bacarıqların inkişaf istiqamətləri və startup ekosistemində mövcud imkanlar barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, AzMİU-da təşkil olunan bu kimi tədbirlər tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə zənginləşdirilməsinə, onların müasir texnologiyalar və əmək bazarının tələbləri ilə yaxından tanış olmasına, universitet–sənaye əməkdaşlığının gücləndirilməsinə, peşəkar kadr hazırlığının daha da inkişaf etdirilməsinə mühüm töhfə verir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.