Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı ilə bağlı fətva verib.
Bu barədə Day.Az-a QMİ-dən bildirib.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na - Miladi təqvimlə 27 may tarixinə təsadüf edəcək. Bu il Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may 2026-cı ildə qəbul edilən yekdil fətvası ilə bayram günü 27 may tarixi kimi təsdiqlənib. Şəriətə uyğun olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq 3 gün davam edə bilər. May ayının 27-də məscidlərdə Bayram namazları qılınacaq.
Fətvada, həmçinin bildirilir ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək yalnız Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan şəxslərin qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir ailələrə paylamaq - böyük savab sayılır.
Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir il, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.
Qeyd edək ki, Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri qeyri-iş günü hesab edilir.