ain.az, Azertag saytına istinadən bildirir.
İstanbul, 25 may, AZƏRTAC
Türkiyənin İstanbul radiosunun “TRT Türkü” kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının bugünkü buraxılışı 28 May - Müstəqillik Gününə həsr edilib.
Bununla bağlı AZƏRTAC-a danışan proqramın müəllifi və aparıcısı, İstanbul Üniversitesinin doktorantı Səidə Ömər Azərbaycanın dünya tarixində çox önəmli mövqeyə malik ölkələrdən biri olduğunu xatırladaraq deyib: “Ölkəmiz həm zəngin mədəniyyəti, qədim tarixi, coğrafiyası, həm də bir çox sahədə qazandığı uğurlarla seçilir. Azərbaycanın bir çox dəyərlərinin UNESCO Dünya İrs Siyahısında yer alması da ölkəmizin qlobal miqyasda mühüm gücə sahib olduğunu göstərir”.
O, “Azərbaycan rüzgarı” proqramının artıq üç ilə yaxındır ki, yayımlandığını qeyd edib: “Bundan əvvəl proqram Türkiyədə televiziya layihəsi olaraq fəaliyyət göstərib. Layihəmiz bu gün də Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını və milli-mənəvi dəyərlərini Türkiyə dinləyicilərinə tanıtmağa davam edir. Qarabağ Zəfərindən sonra səslənən hər bir mahnı, oxunan hər bir şeir artıq böyük bir qürur və şərəf hissi ilə səslənir. Proqramımızda tez-tez Azərbaycanın tarixi günlərini, coğrafiyasını, mədəniyyətini, ədəbiyyatını tanıdan, həmçinin qardaş ölkədən və Türk dünyasının birliyindən bəhs edən xüsusi verilişlər hazırlanır. Türkiyədə artıq müəyyən auditoriyaya sahib olan “Azərbaycan rüzgarı” radio proqramı sevilir və maraqla dinlənilir. Bu da məni Azərbaycanı təmsil edən bir gənc olaraq həm qürurlandırır, həm də daha çox həvəsləndirir. Ölkəmin mədəniyyətini təmsil etməkdən qürur duyuram”.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.