EN

® Şəbnəm Əlirzayeva: Qalxanabənzər vəzi pozğunluqları psixoloji vəziyyətə birbaşa təsir göstərir

2009-cu ildən etibarən hər il mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir. Həmin gün qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə təsis olunub.

Azərbaycanda Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin və ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.

Statistikaya görə, dünya əhalisinin üçdə bir hissəsi qalxanabənzər vəzinin fəaliyyətinin pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir. Böyüklərin təxminən 30 faizinin boğaz nahiyələrində düyünlər müşahidə edilir. Müasir dövrdə stres, qeyri-düzgün qidalanma, yod çatışmazlığı və həyat tərzindəki dəyişikliklər qalxanabənzər vəzi xəstəliklərinin artmasına səbəb olur. Bir çox hallarda həmin xəstəliklər ilkin mərhələdə gizli simptomlarla özünü göstərdiyi üçün sadə yorğunluq və ya gündəlik gərginlik kimi qiymətləndirilir. Halbuki vaxtında diaqnostika və düzgün müalicə ciddi fəsadların qarşısını almaqda mühüm rol oynayır.

Ümumdünya Qalxanabənzər Vəzi Günü münasibətilə Mərkəzi Gömrük Hospitalının həkim-endokrinoloqu Şəbnəm Əlirzayeva ilə qalxanabənzər vəzi xəstəliklərinin əlamətləri, risk faktorları, müasir diaqnostika və profilaktika üsulları barədə ətraflı söhbət etdik. O, həmin xəstəliklə əlaqədar ən çox yol verilən yanlışlıqlardan, hormon preparatları ilə bağlı mövcud stereotiplərdən və erkən müraciətin əhəmiyyəti barədə danışıb.

- Həkim, qalxanabənzər vəzi nədir və orqanizmdə hansı funksiyanı yerinə yetirir?

- Qalxanabənzər vəzi boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. O, T3 və T4 hormonlarını ifraz edərək orqanizmin metabolizmini, enerji balansını, ürək ritmini və bədən temperaturunu tənzimləyir. Həmin vəzi “bədən idarəetmə mərkəzi” kimi fəaliyyət göstərir və onun pozulması bütün sistemlərə təsir göstərir. Onunla əlaqədar xəstəliklər zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına aparıb çıxarır. Qalxanabənzər vəzi xəstəlikləri, əsasən, orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod elementi insan orqanizminin fəaliyyəti üçün çox böyük əhəmiyyət daşıyır.

- Qalxanabənzər vəzi xəstəlikləri, adətən, hansı əlamətlərlə özünü göstərir?

- Xəstəliyin ilkin əlamətləri çox vaxt qeyri-spesifik olur və əksər hallarda adi yorğunluq kimi qəbul edilir. Xəstələrdə səbəbsiz çəki artımı və ya azalması, ürək döyüntüsünün sürətlənməsi, yuxu pozğunluğu, tərləmə və ya əksinə üşümə kimi əlamətlər müşahidə oluna bilər. Emosional dəyişikliklər - əsəbilik və ya depressiv hal da tez-tez rast gəlinir.

- Bəs onun yayılma arealı necədir?

- Qalxanabənzər vəzi xəstəlikləri dünyada kifayət qədər geniş yayılıb və hər beş nəfərdən biri həyatının müəyyən dövründə həmin problemlə üzləşə bilər. Qadınlar risk qrupundadır və bu, hormonal dəyişikliklərlə əlaqədardir.

- Əsas risk faktorları hansılardır?

- Qalxanabənzər vəzi xəstəliklərinin yaranmasında bir neçə əsas faktor rol oynayır. Bunlara yod çatışmazlığı, autoimmun xəstəliklər, genetik meyillilik, stres və radiasiya təsiri daxildir. Qeyd edim ki, hamiləlik dövründə hormonal dəyişikliklər də bu vəzə təsir göstərə bilir.

- Diaqnoz necə qoyulur və həmin proses nə qədər çətindir?

- Diaqnostika nisbətən sadədir və qan analizi (TSH, T3, T4), ultrasəs müayinəsi və lazım olduqda biopsiya ilə aparılır. Lakin əsas problem ondan ibarətdir ki, xəstələr, adətən, həkimə gec müraciət edirlər. Burada əsas məsələ xəstəliyin erkən mərhələdə aşkarlanmasıdır. Bu halda aparılan müalicə daha effektiv olur.

- Hormon preparatlarının qəbulu ilə bağlı xəstələrdə hansı yanlış fikirlər var?

- Xəstələr arasında hormon dərmanlarına qarşı əsassız narahatlıq hissi mövcuddur. Həmin preparatlar orqanizmdə çatışmayan hormonları əvəz edir və insulin kimi həyati əhəmiyyət daşıyır. Düzgün miqdarda qəbul edildikdə həmin müalicə təhlükəli deyil, əksinə, həyati vacib göstərişdir.

- Qalxanabənzər vəzi psixoloji vəziyyətə təsir edə bilərmi?

- Qalxanabənzər vəzi pozğunluqları psixoloji vəziyyətə birbaşa təsir göstərir. Hipotiroidizm zamanı depressiya, yorğunluq və yaddaş zəifliyi, hipertiroidizm zamanı isə əsəbilik, narahatlıq və panik hisslər müşahidə oluna bilər. Ona görə bəzi hallarda xəstələr yanlış olaraq psixoloji müalicəyə yönləndirilirlər.

- Həmin xəstəliklərin qarşısını almaq üçün nə etmək lazımdır?

- Yodlaşdırılmış duzdan istifadə, müntəzəm tibbi yoxlanış, stresin idarəedilməsi və risk qrupunda olanların hormon analizlərini vaxtaşırı aparılması çox vacib məsələdir. Qalxanabənzər vəzi kiçik orqan olsa da, onun disfunksiyası bütün orqanizmin balansını poza bilər. Yorğunluq, çəki dəyişiklikləri və əhval pozğunluqları adi hal kimi qəbul olunmamalı, erkən diaqnostika üçün həkimə müraciət etmək lazımdır. Xəstəliyin erkən aşkarlanması həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Ona görə də həmin əlamətləri hiss ediləndə mütləq həkim tərəfindən yoxlanılmaq lazımdır.

Müsahibəni apardı: Dilarə Zamanova
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi

 

Chosen
3
2
azertag.az

3Sources