EN

Berlinin hərbi aktivliyi Kremlin narahatlığını artırır- Nələr baş verir?

Avropada təhlükəsizlik arxitekturasının sürətlə dəyişdiyi bir dövrdə Almaniyanın müdafiə siyasətində atdığı addımlar beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Berlinin hərbi büdcəni artırması, ordunun modernləşdirilməsi və Ukraynaya davamlı dəstəyi Rusiyanın yaratdığı təhlükə fonunda yeni geosiyasi balans formalaşdırır. Bu proses isə Almaniyanın gələcəkdə Moskva ilə mümkün qarşıdurma ehtimalını yenidən gündəmə gətirir.

Siyasi analitik Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trump administrasiyasının yürüdüyü siyasət və Avropada NATO-nun gələcək roluna dair artan narahatlıqlar iri Avropa dövlətlərini yeni təhlükəsizlik doktrinası formalaşdırmağa sövq edir:

“Xüsusilə Almaniya bu istiqamətdə aktivliyi ilə seçilir. Ölkənin inkişaf etmiş sənaye və iqtisadi potensialı ona imkan verir ki, hərbi sahədə Avropanın aparıcı güclərindən birinə çevrilsin. Tarixdə iki dünya müharibəsinin təşəbbüskarı olmuş Almaniyanın yenidən hərbi güc kimi yüksəlməsi təkcə Rusiyada deyil, Avropanın bəzi aparıcı dövlətlərində də narahatlıq yaradır. Məsələn, İspaniyanın bu prosesə ehtiyatlı yanaşdığı müşahidə olunur.

Rusiya isə Almaniyanı Avropada özünə əsas rəqiblərdən biri hesab edir. Hazırda münasibətlər açıq düşmənçilik mərhələsinə keçməsə də, tərəflər arasında gərginliyin artdığı hiss olunur. Almaniya Ukraynaya göstərdiyi müxtəlif dəstəklərlə faktiki olaraq Rusiyaya qarşı aparılan mübarizədə iştirak edir. Lakin Berlin bunu hələlik ehtiyatlı şəkildə həyata keçirir. Çünki açıq və birbaşa hərbi dəstək Almaniyanı Rusiyanın əsas hədəflərindən birinə çevirə bilər.

Hesab edirəm ki, ən azı 2030-cu ilə qədər Almaniya ilə Rusiya arasında birbaşa açıq qarşıdurma ehtimalı aşağıdır. Bunun əsas səbəbi hər iki tərəfin müxtəlif amillərə görə hələ tam güclənməməsidir. Tərəflərin hərbi və siyasi baxımdan daha hazırlıqlı vəziyyətə gəlməsi üçün müəyyən zaman tələb olunur.

Ukrayna müharibəsinin nəticəsindən asılı olaraq gələcəkdə Rusiya–Almaniya qarşıdurması ehtimalı istisna edilmir. Müharibənin uzanması həm də Avropanın öz hərbi potensialını gücləndirməsi üçün əlavə vaxt qazandırır. Əgər Rusiya Ukraynada ciddi strateji üstünlük əldə edə bilməsə, Avropanın təhlükəsizlik baxımından mövqelərini möhkəmləndirmək imkanları artacaq. Əks halda, Rusiyanın gələcəkdə Avropaya daha sərt müdaxilə ehtimalı yüksələ bilər”.

//Gülnarə Abasova, Editor.az

Chosen
16
editor.az

1Sources