EN

Xalq dilinin poetik gücü və fəlsəfi düşüncənin vəhdəti “Labirint” haqqında dilçi alimin düşüncələri

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 25 may, AZƏRTAC

Yazıçı İmamverdi İsmayılovun “Labirint” povesti müasir Azərbaycan nəsrində psixoloji-fəlsəfi düşüncənin bədii ifadəsi baxımından diqqəti cəlb edən əsərlərdən biridir. Həyatın özünü labirint kimi təqdim etdiyi bir dünyada insanın daxili sükutu, qorxuları və mənəvi çıxılmazlıqları əsərin əsas ideya xəttini təşkil edir. Müəllif görünməyən daxili gərginlikləri bədii düşüncənin predmetinə çevirərək oxucunu insan şüurunun dərin qatlarına aparır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün məqaləsində yar alıb. Məqlədə bildirilir ki, povestdə hadisələrdən daha çox qəhrəmanın daxili aləmi ön plana çəkilir. Onun düşüncələri, tərəddüdləri, qorxuları və həyatla bağlı sualları metaforik koridorlar vasitəsilə təqdim edilir. “Labirint” anlayışı burada yalnız məkan mənası daşımır, həm də insan şüurunun dolaşıq və çıxılmaz vəziyyətinin bədii simvoluna çevrilir. Ölüm, zaman, sükut və qaranlıq kimi anlayışlar fəlsəfi məna qazanaraq əsərin ideya-estetik yükünü daha da gücləndirir.

İmamverdi İsmayılovun yaradıcılığını fərqləndirən əsas xüsusiyyətlərdən biri onun özünəməxsus dili və üslubudur. Yazıçının dili sadə görünməsinə baxmayaraq, dərin psixoloji və fəlsəfi qatlarla zəngindir. O, xalq dilinin canlı ifadə imkanlarından ustalıqla istifadə edir, danışıq üslubunun təbiiliyini qorumaqla mətnin emosional təsir gücünü artırır.

T.Şükürlıü qeyd edib ki, müəllifin əsərlərində xalq dilindən, atalar sözlərindən və aforistik ifadələrdən geniş istifadə olunması xüsusi diqqət çəkir. Bu ifadələr yalnız bədii təsvir vasitəsi deyil, həm də milli təfəkkürün və həyat fəlsəfəsinin daşıyıcısı kimi çıxış edir. “İnsan çiy süd əmib”, “Şərait bəzən elə gətirir ki, özünü özündən belə qoruya bilmirsən”, “Bəzən ağappaq, tərtəmiz qar ləpəsinə də qurd düşər” kimi ifadələr xalq hikmətinin əsərdə bədii-fəlsəfi məna qazanmasının nümunəsidir.

Yazıçının yaratdığı aforizmlər də diqqəti cəlb edir. “Niyə fəsillər birdən gəlmir, meyvələr niyə bir vaxtda yetişmir: tələsməklə deyil, hər şeyin zamanı var, dəyişkən fəsillər öz qəlbimizdir...” və “Allah fəsilləri bəlkə darıxmayaq deyə yaradıb? Hər birinə də öz barını, nemətini verib” kimi fikirlər müəllifin həyat və zaman haqqında fəlsəfi baxışlarını əks etdirir. Bu cür hikmətli ifadələr əsərin təsir gücünü artırmaqla yanaşı, ədəbi dilimizin də zənginləşməsinə xidmət edir.

Müəllifin fikrincə, “Labirint”də dialektizmlərin işlənməsi də xüsusi üslubi məna daşıyır. Müəllif dialekt sözlər vasitəsilə obrazların nitqini fərdiləşdirir, onların regional-mədəni mühitlə bağlılığını daha inandırıcı şəkildə təqdim edir. Xalq dilinin canlı çalarları xüsusilə daxili monoloqlarda və emosional nitq parçalarında daha qabarıq şəkildə hiss olunur.

Əsərdə daxili monoloqlar qəhrəmanın psixoloji vəziyyətini, mənəvi təlatümlərini və tənhalığını dolğun şəkildə açır. “Tənhalıq ağırdı, çox bəlaya qucaq açar...” kimi ifadələr insanın daxili ağrılarını ümumiləşdirilmiş fəlsəfi qənaətə çevirir. Müəllif bir çox hallarda cavab verməkdən daha çox sual qoymağa üstünlük verir. “Səni aparacaq ölüm, yoxsa səni yaşadacaq ölüm – fərqindəsənmi?” kimi suallar oxucunu düşünməyə vadar edir və əsərin fəlsəfi diskursunu dərinləşdirir.

“Povestdə dini-mənəvi motivlər də mühüm yer tutur. Duaların və Allaha müraciətlərin mətnə daxil edilməsi əsərin mənəvi-fəlsəfi qatını gücləndirir. “Ey məni məndən gözəl bilən Rəbbim!” kimi müraciətlər dilin poetik və emosional imkanlarını üzə çıxarır, insanın Yaradan qarşısındakı acizliyini və mənəvi axtarışlarını ifadə edir.

İmamverdi İsmayılovun “Labirint” povesti müasir Azərbaycan nəsrində fəlsəfi axtarışları, psixoloji dərinliyi və xalq dilinin bədii imkanlarını özündə birləşdirən mühüm əsərlərdən biridir. Əsər oxucunu yalnız hadisələri izləməyə deyil, həm də öz daxili dünyasına nəzər salmağa, həyatın mürəkkəb labirintində mənəvi çıxış yolu axtarmağa çağırır”, - deyə məqalədə bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
4
azertag.az

5Sources