EN

Moskvanın İrəvan planına Qərb zərbəsi: Sızdırılan gizli sənədlər və pərdəarxası məqamlar – ÖZƏL

Erməni platformalarında 2026-cı il parlament seçkiləri ərəfəsində Nikol Paşinyan hakimiyyətini dəyişmək planını əks etdirən geniş sənəd paketi yayılıb. Sızdırılan materiallarda Köçəryan və Sarkisyanın yüksək antireytinqi fonunda Gürcüstanın "Bidzina İvanişvili modeli"nə bənzər yeni və mənfi imici olmayan siyasi güc mərkəzinin yaradılması hədəflənir. Bu rol üçün "Ana Ermənistan" bloku və iş adamı Samvel Karapetyanın adları çəkilir. Planda hakimiyyətin daxili çevriliş, impiçment və ya etiraz aksiyaları ilə devrilməsi, həmçinin koordinasiyalı media kampaniyası, gənclərlə iş və Rusiya ilə əlaqələrin gücləndirilməsi kimi ssenarilər və geniş media siyahısı yer alır.

Bu sənədlərin sızması Ermənistandakı seçkiönü proseslərə necə təsir edəcək? Ermənistanda İvanişvili modelinin və Samvel Karapetyan faktorunun uğur qazanmaq şansı varmı?

"Ermənistanda yaxınlaşan parlament seçkiləri öncəsi Rusiyanın müxtəlif təxribat planları üzərində işləyəcəyi, hakimiyyətin yenidən Rusiya yönümlü qüvvələr tərəfindən ələ keçirilməsinə cəhd göstərəcəyi gözlənilən idi. Görünür, Qərb kəşfiyyatının və Qərb analitik düşüncə mərkəzlərinin bu barədə kifayət qədər etibarlı məlumatları olduğuna görə, məhz Ermənistanda seçki prosesinə nəzarətin gücləndirilməsi məqsədilə Avropa İttifaqının yeni müşahidə missiyası təyin edilib".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, seçkilərdə Rusiyanın təsir imkanlarını azaltmaq üçün Qərb institutları tərəfindən Ermənistandakı seçki prosesinə böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Heç də təsadüfi deyil ki, bu ayın əvvəlində Ermənistanda Avropa Siyasi Birliyinin sammiti keçirildi və sabah Ermənistana növbəti yüksək rütbəli amerikalı rəsmi - ABŞ dövlət katibi Entoni Blinkenin səfərinin baş tutacağı gözlənilir. Bütün bu sadalanan faktorlar onu deməyə əsas verir ki, Qərb də Ermənistanda Rusiyanın potensial təhdid və təhlükələrini neytrallaşdırmaq üçün həm kəşfiyyat, həm maliyyə, həm də siyasi-diplomatik dəstəyini əsirgəmir. Eyni zamanda Qərb, Rusiyanın Ermənistanda hakimiyyəti ələ keçirməyə yönəlmiş planlarını davamlı şəkildə ifşa etməyə çalışır. Bu məlumatların mətbuata sızması da təsadüfi hadisə, yaxud hansısa istedadlı hakerin fəaliyyəti kimi qiymətləndirilməməlidir. Bunu daha çox Qərb xüsusi xidmət orqanlarının uzunmüddətli və davamlı əməliyyat planının tərkib hissəsi kimi dəyərləndirmək lazımdır. Belə görünür ki, rusiyalı xüsusi xidmət orqanları əməkdaşları uzun müddət nəzarətdə saxlanılıb və onların şəxsi məlumatlarının izlənilməsi nəticəsində bu informasiyalar əldə olunub.

Ekspert qeyd edib ki, məlumatın məhz belə həssas dövrdə ictimailəşdirilməsi həm də Ermənistan cəmiyyətinə və erməni xalqına verilən bir mesaj kimi qiymətləndirilə bilər. Mesaj ondan ibarətdir ki, bu gün Nikol Paşinyan hakimiyyətinə qarşı mübarizə aparan və onu devirməyə çalışan qüvvələr Ermənistanın milli maraqları üçün deyil, yenidən Rusiyanın vassalına çevriləcək, Moskvanın regiondakı aləti olacaq bir hakimiyyət formalaşdırmağa xidmət edən siyasi dairələrdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, nə Moldovada, nə də Ermənistanda Gürcüstan ssenarisinin təkrarlanması asan görünür. Bundan sonrakı mərhələdə də Rusiyanın Gürcüstan modelini Ermənistanda reallaşdırmaq imkanları inandırıcı deyil.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
olaylar.az

1Sources