Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qədim insanların dəfn ayini, yoxsa meşə yanğını?
Bəşəriyyət tarixində insanın odla dəfn edilməsinə (kremasiya) dair ən qədim sübutlar tapılmış ola bilər. "Proceedings of the National Academy of Sciences" elmi jurnalının yaydığı məlumata görə, beynəlxalq arxeoloqlar qrupu Efiopiyanın Afar rift dərəsində yerləşən Xalibi arxeoloji abidəsində apardıqları qazıntılar zamanı "Homo sapiens"ə məxsus yüksək temperaturda yandırılmış sümük qalıqları aşkar ediblər. 1981-ci ildən bəri tədqiq edilən bu ərazidə tapılan sümüklərin üzərində, həmçinin yırtıcı heyvanların diş izləri və cəsədlərin sürətlə torpağa basdırıldığını göstərən əlamətlər qeydə alınıb. Bununla belə, mütəxəssislər yanıq izlərinin qədim meşə yanğınları nəticəsində də yarana biləcəyini istisna etmirlər və dəfn ayini fərziyyəsini tam təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.
Tədqiqat həmçinin qədim insanların həyat tərzinə qlobal iqlim dəyişikliklərindən daha çox regional hidroloji amillərin – xüsusilə Avaş çayının daşma dövrlərinin təsir etdiyini üzə çıxarıb. Ərazidən tapılan minlərlə daş alət qədim insanların vaxtaşırı su altında qalan bu düzənliyə qısamüddətli dövrlərlə dəfələrlə geri qayıtdığını sübut edir. Tapıntıların geoloji proseslər və ya su axınları tərəfindən zədələnmədən, ilkin laylarda toxunulmaz qalması alimlərə qədim ekosistemi yüksək dəqiqliklə bərpa etmək imkanı verib.
Alətlərin təxminən 2 faizinin bölgədə rast gəlinməyən vulkanik şüşədən (obsidian) hazırlanması erkən insanların uzaq məsafələrə hərəkət etdiyini və mürəkkəb davranış formalarına sahib olduğunu göstərir. Ərazidən tapılan 3 mindən çox heyvan sümüyünün analizi isə meymunlar, gəmiricilər və iri məməlilərdən ibarət zəngin bir fauna mühitinin mövcudluğunu təsdiqləyib. Tədqiqatçılar bu unikal tapıntıların Şərqi Afrika rift dərəsində yaşamış ilk insanların dəyişən ətraf mühitə necə uyğunlaşdıqlarını anlamaq baxımından böyük elmi əhəmiyyət kəsb etdiyini vurğulayırlar.
Ə.Arzu
XQ