Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara yeni kiberdələduzluq üsulu ilə bağlı xəbərdarlıq edib.
News365.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, son dövrlər dünyada dələduzların ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəyərək onların biometrik məlumatlarını ələ keçirməyə çalışdığı hallar yayılmaqdadır.
Qeyd olunub ki, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü və bəzi hallarda toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər.
ETX beynəlxalq mühitdə yaşanan bu kimi hallardan qorunmaq üçün vətəndaşlara aşağıdakı preventiv kibergigiyena tədbirlərinə əməl olunmasını tövsiyə edib:
- Tanımadığınız şəxslərin mobil telefonlarına toxunmayın;
- Naməlum şəxslərin telefonunda heç bir təsdiq əməliyyatı aparmayın;
- Kamera və ya səsli təsdiq tələb edən hallarda ehtiyatlı olun;
- Şəxsi və biometrik məlumatlarınızı üçüncü şəxslərlə paylaşmayın;
- Yaşlı şəxsləri və azyaşlıları bu üsullar barədə məlumatlandırın.
Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Elektron Təhlükəsizlik Xidmətinin
[email protected] elektron poçt ünvanına, həmçinin "1654" qaynar xəttinə məlumat verilməsi xahiş olunur.