Süni intellekt sahəsinə investisiyalar son bir ildə rekord səviyyəyə yüksəlib və qlobal rəqabəti daha da gücləndirib. Stanford Universitetinin araşdırmasına görə, 2025-ci ildə dünya üzrə süni intellekt yatırımları 129,9% artaraq 581,7 milyard dollara çatıb.
Far.Az xəbər verir ki, bu investisiyaların təxminən yarısı ABŞ tərəfindən həyata keçirilib. ABŞ-dan sonra Çin və Böyük Britaniya gəlir.
Yalnız 2025-ci ildə özəl sektorun süni intellekt yatırımları 344,7 milyard dollar təşkil edib. Bu da əvvəlki illə müqayisədə 127,5% artım deməkdir.
Araşdırmada qeyd olunur ki, artımın əsas səbəbləri çip istehsalı, qrafik prosessorlar, məlumat mərkəzləri və enerji infrastrukturuna artan tələbatdır.
ABŞ şirkətləri bu sahədə liderliyini qoruyur. Çin isə elmi nəşrlər, patentlər və texnoloji araşdırmalar üzrə ön plana çıxır.
Süni intellekt artıq səhiyyə, nəqliyyat, enerji, bankçılıq və müdafiə kimi sahələrdə geniş tətbiq olunur və qlobal iqtisadi rəqabətin əsas istiqamətlərindən birinə çevrilib.