Azərbaycanda toy artıq təkcə ailə qurmaq mərasimi deyil. Son illərdə nişan, xınayaxdı, subay gecəsi, cehiz, restoran yarışı və sosial şəbəkələrdə “ideal toy” görüntüsü ailələri ciddi maliyyə yükü qarşısında qoyub. Bir çox hallarda gənclər ailə həyatına kredit borcu ilə başlayırlar. Metbuat.az xəbər verir ki, rəsmi statistika son illər qurulan ailələrin sayının sürətlə azaldığını təsdiqləyir. Buna səbəb nədir? Apardığımız araşdırma nəticəsində aydın olur ki, ölkədə orta səviyyəli toyun ümumi xərci 30-60 min manat arasında dəyişir. Buraya restoran, qızıl, cehiz, gəlinlik, avtomobil, foto-video çəkilişləri və digər mərasimlər daxildir. Ən böyük yük isə adətən oğlan tərəfinin üzərinə düşür. Restoran xərcləri təkbaşına 10 min manata yaxınlaşır. Üstəlik, qızıl dəstləri, ev əşyaları, kirayə və ya ev təmiri məsələsi də əlavə olunur. Bir çox ailə bu xərcləri qarşılamaq üçün bank krediti götürür və ya illərlə yığdığı pulu bir gün ərzində xərcləyir. Məsələ burasındadır ki, evlənmək, yuva qurmaq bir-iki mərasimlə yekunlaşmır. Azərbaycanda artıq evlilik prosesi mərhələli “mərasim paketinə” çevrilib. Evlənmək istəyən gənclər bu mərhələləri bir-bir keçməlidirlər: - Tanışlıq - Elçilik - Nişan- Nikah mərasimi - Xınayaxdı - Qız toyu- Oğlan toyu - Bahalı foto və video çəkilişləri - Bal ayıBəzi ailələr üçün təkcə xınayaxdı mərasimi 3-5 min manata başa gəlir. Sosial şəbəkələrdə yayılan dəbdəbəli görüntülər isə xüsusilə gənclər üzərində psixoloji təzyiq yaradır. “Filankəs belə etdi, biz də etməliyik” düşüncəsi artıq açıq sosial yarışa çevrilib. Paytaxt sakini Ceyhun Vəliyev saytımıza açıqlamasında bir il əvvəl ailə həyatı qurduğunu deyib. Onun sözlərinə görə, əlində 6-7 min manat nəğd pul olsa da, bu vəsait toy xərclərini ödəməyə bəs etməyib. “Məcbur olub bankdan 10 min manat götürdüm. İki ildir banka kredit ödəyirəm. Əgər gecikməm olmasa, gələn ilin aprelində borcumu bağlayacam”. Ceyhun bildirib ki, lüzumsuz xərclər gəncləri evlənmək fikrindən daşındırır: Özünüz təsəvvür edin, hələ iki il əvvəl fotosessiya üçün 500 manat ödədik. Nikah mərasimindən sonra 40 nəfərlik ziyafətə təxminən 2500 manat xərcimiz çıxdı. Düz yeddi dəfə - ailələrin tanışlıq mərasimi, elçilik, nişan, nikah, xınayaxdı, qız toyu və oğlan toyu üçün restorana yığışdıq. Yəqin ki, evlənmək istəyən gənclər Azərbaycandan başqa dünyanın heç bir ölkəsində belə problemlərlə üzləşmirlər”. Ekspertlər hesab edir ki, toyların nümayiş xarakteri alması ailə büdcəsini dağıdan əsas səbəblərdəndir. Son illərdə aparılan sosial araşdırmalarda qeyd olunur ki, bir çox ailə toy xərcindən sonra uzun müddət borc ödəməyə məcbur qalır. Mövzunun ən narahatedici tərəfi isə budur: gənclərin bir hissəsi artıq evlənməkdən çəkinir. Qiymət artımı, yaşayış xərcləri və toy təzyiqi ailə qurma qərarını gecikdirir. Azərbaycanda ailə büdcəsinin onsuz da çətin vəziyyətdə olduğunu deyən iqtisadçılar bildirirlər ki, orta gəlirli ailələr üçün belə böyük mərasimlər ciddi risk yaradır. Cəmiyyətin bir hissəsi artıq daha sadə toy modelinə keçidin vacib olduğunu düşünür. Kiçik məclislər, ailədaxili mərasimlər və kreditdən uzaq planlama son illərdə daha çox müzakirə olunur. Çünki bir günlük təmtəraq bəzən gənc ailənin illərlə davam edən maliyyə probleminə çevrilir. Bəs nisbətən rahat olan bu mərhələyə keçid niyə baş tutmur? Ailələri 1 qonaq üçün restorana 50-60, bəzən isə 150-200 manat ödməyə nə vadar edir? Psixoloq Vüsalə Rüstəm bildirib ki, keçmişdən qalan belə toy adətlərimizin kökü nağıl və dastanlardan gəlir. Onun sözlərinə görə nağıllarımızdakı “yeddi gün, yeddi gecə” toy söhbətləri bunun sübutudur:
Fotoda: psixoloq Vüsalə Rüstəm “Müasir dövrdə bu cür qarışıq, maddi yük hesab edilən toyların kökündə isə bir qrup insanın biznes marağı dayanır. Bir qrup əmioğlunun restoran şəbəkəsi olur, digərinin nişan, xına məclisi üçün satılan aksesuar və geyim mağazası, digərinin kirayəlik toy maşınları, gəlin və bəy paltarları. Nəticədə bu insanlar sürətlə varlanır, ailə quran gənclər və onların valideynlərin isə çətinlik içərisində qıvrılır”. Psixoloqun sözlərinə görə, bəhsə girmək, özünü təsdiq hissi insanları belə ağır yükün altına girməyə vadar edir:"Atasının maddi vəziyyətini nəzərə almayan gənc oğlan və qızların çoxu "həyatda bir dəfə olur” düşüncəsi ilə ailəni borca yuvarlayır. Sonra nə baş verir? Oğlan tərəf bu qədər pul xərcləyəndən sonra qız evinə boş mənzil göstərir və onu doldurmalı olduqlarını deyir. Çox adamın buna maddi imkanı çatmadığı üçün kredit götürməli olur. Nəticədə bu dəfə qız tərəf maddi problemlərin girdabına sürüklənir. Gənclər özləri bu lüzumsuz xərclərdən qaçmalıdırlar. Bir çıxış yolu da cəmiyyətdə tanınan, nüfuz sahibi olan ailələrin sadə toy edib başqalarına müsbət nümunə göstərməsidir. Ailə iki nəfərin sevgisi və anlayışı ilə üzərində qurulmalıdır. Sadə toy modeli tətbiq olunsa, valideynlərin və yaxın qohumların dəstəyi yeni evlənən gənclərin bir çox maddi problemini çözə bilər. Gənclər borca düşməkdən ehtiyatlandıqları üçün bu ügn Azərbaycanda toy qorxulu prosesə çevrilib”. Nazim Hüseynzadə / Metbuat.az