EN

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində, mayın 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb və sakinlərin doğma yurda qayıdışı təmin edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, doğma ocaqlarına qovuşan ilk sakin qrupu 14 ailədən ibarətdir. Beləliklə, uzun illərin həsrətinə son qoyan 64 nəfər Böyük Qaladərəsi kəndində öz evlərində məskunlaşıb.

Kəndə çatan köç karvanı sevinclə qarşılanıb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri evlərin açarlarını ailələrə təqdim ediblər.

Rəsmi şəxslər sakinləri təbrik edərək, kənddə qısa müddətdə infrastrukturun qurulduğunu və əhalinin dayanıqlı məskunlaşması üçün bütün zəruri addımların atıldığını vurğulayıblar.

1Sources