EN

“Meta”nın növbəti hədəfləri açıqlanıb

“Meta” şirkəti Avropa bazarında rəqib süni intellekt xidmətləri ilə bağlı siyasətini yenidən dəyişməyə hazırlaşır. Şirkət Avropa Komissiyasına təqdim etdiyi yeni təklifdə “WhatsApp” platformasını müəyyən istifadə həddinə qədər üçüncü tərəf süni intellekt çatbotlarına pulsuz açmağı planlaşdırdığını bildirib. Məlumata görə, yeni model çərçivəsində “OpenAI”ın “ChatGPT”si, “Anthropic”in “Claude” modeli, “Perplexity AI” və digər süni intellekt xidmətləri müəyyən limit daxilində “WhatsApp”a ödənişsiz inteqrasiya oluna biləcək. İstifadə həddi keçildikdən sonra isə ödəniş sistemi tətbiq ediləcək.

Bu dəyişiklik Avropa Komissiyasının “Meta” üzərindəki təzyiqlərindən sonra gündəmə gəlib. Xatırladaq ki, “Meta” yanvar ayında “WhatsApp” platformasında bütün üçüncü tərəf süni intellekt köməkçilərini bloklamışdı. Bu qərar “ChatGPT”, “Microsoft” “Copilot” və digər xidmətlərin fəaliyyətinə təsir etmişdi. Daha sonra mart ayında şirkət rəqib süni intellekt xidmətlərinə yenidən giriş icazəsi versə də, hər mesaj üçün 0.0625 dollar ödəniş tələb etmişdi. Həm tənzimləyici qurumlar, həm də AI şirkətləri bu modeli kommersiya baxımından sərfəli hesab etməmişdilər. Yeni təklif isə kompromis variantı kimi qiymətləndirilir. Əsas məsələ istifadə limitinin necə müəyyən olunacağıdır. Limit kifayət qədər yüksək olarsa, bu addım Avropada süni intellekt çatbot bazarında rəqabətə ciddi təsir göstərə bilər. Əks halda, aşağı limit əvvəlki ödəniş modelinin fərqli formada təqdimatı kimi qəbul edilə bilər.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

1Sources