EN

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

Yazını böyüt
Yazını kiçilt

28 May - Müstəqillik Günü münasibətilə İstanbulda təntənəli tədbir keçirilib.

Hafta.az xəbər verir ki, İstanbul-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD) və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) tərəfindən birgə təşkil edilən tədbirdə çoxsaylı qonaqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, iş adamları və media mənsubları iştirak ediblər.

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi, hər iki ölkənin şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayan proqram birlik və qardaşlıq ruhunun ön plana çıxdığı rəngarəng anlarla yadda qalıb.

Tədbirdə çıxış edən İSTAD-ın sədri Səfər Qaraqoyunlu Azərbaycanın müstəqillik mübarizəsinin Türk dünyası üçün tarixi əhəmiyyət daşıdığını vurğulayaraq deyib: “Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Şərqin ilk respublikası olaraq qurulub. Bu hadisə türk millətinin müstəqillik iradəsinin ən önəmli göstəricilərindən biridir. Azərbaycan xalqı tarixboyu ağır mübarizələrdən keçsə də, müstəqillik ruhundan heç vaxt geri dönməyib”. O, çıxışında Osmanlı imperiyasının Qafqaz İslam Ordusu vasitəsilə Azərbaycana verdiyi dəstəyin qardaşlıq tarixinin ən mühüm nümunələrindən biri olduğunu qeyd edərək 2020-ci ildə qazanılan Qarabağ Zəfərinin yalnız Azərbaycan deyil, bütün Türk dünyası üçün tarixi dönüş nöqtəsi olduğunu bildirib.

S.Qaraqoyunlu Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlığın Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndiyini vurğulayıb.

TADEF-in sədri Ədalət Turan isə çıxışında Azərbaycanın bu gün güclü və qalib dövlət kimi yoluna inamla davam etdiyini deyib: “44 günlük Vətən müharibəsində Türkiyə-Azərbaycan qardaşlığını və həmrəyliyini bir daha gördük. Bu birliyin bütün dünyaya ən gözəl şəkildə nümayiş etdirilməsində başda Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan olmaqla əməyi keçən hər kəsə təşəkkür edirik”.

Tədbirdə Azərbaycandan iştirak edən “Zirvə” İslahatlara Dəstək İctimai Birliyinin sədri Elçin Axundzadə də çıxışında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın sarsılmaz olduğunu bildirərək deyib: “Azərbaycan və Türkiyə ən çətin zamanlarında bir-birinin dəstəyini görüb. Əsrlərlə davam edən bu qardaşlıq bütün dünya üçün bir nümunədir”.

Proqramda, həmçinin Dünya İğdır Dərnəkləri Federasiyasının sədri İmdat Atabəy, Avropa Azərbaycan Diasporasının nümayəndəsi Əkbər Gəncə, Türkiyə Kipr Cəmiyyətinin sədri Rüşat Aydoğan və MHP İstanbul üzrə sədrinin müavini Batuhan Pınar çıxış edərək Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümünü təbrik edərək birlik və bərabərlik mesajları veriblər.

Tədbir çərçivəsində İSTAD nəzdində fəaliyyət göstərən, dirijor Tekin Böyükkayanın rəhbərlik etdiyi “Türkiyə-Azərbaycan Qardaşlıq Xoru” səhnəyə çıxıb. Bədii hissədə Türkiyə və Türk dünyasının müxtəlif bölgələrinə aid musiqi əsərləri səsləndirilib.

Sonda proqramın təşkilinə dəstək göstərən iş adamı və İYİ Partiya GİK üzvü Özdemir Polat və TADEF sədr müavini Pərviz Məmmədzadəyə Türk dünyasına verdikləri töhfələrə görə “Türk Dünyası Şərəf Plaketi” təqdim olunub.

Chosen
18
1
hafta.az

2Sources