Son bir həftədə Böyük Qafqazın cənub ətəklərində yerləşən Şəkinin dağ çaylarına gələn sel su meliorasiya sistemləri sahəsində çalışanların işlərini daha da çətinləşdirib. İdarənin rəis müavini Əsgər Abdullayev bildirir ki, leysan xəbərdarlığı alan gündən idarənin bütün maşın və texnikaları dağ çaylarının sahillərinə cəlb olunub, fasiləsiz olaraq 24 saat ərzində növbəlilik təşkil olunub. Əsgər Abdullayev bildirir ki, güclü leysan yağışlarından sonra çaylarda su səviyyəsi üç dəfəyə yaxın artıb. Belə ki, Daşağılçay, Küngütçay, Zəyzidçay, Quruçay, Kişçay və Şinçayın hövzələrində sahilbərkitmə işlərinin aparılmasına baxmayaraq, leysan yağışları bəzi torpaq bəndlərin yuyulmasına, nəticə etibarilə təhlükəli vəziyyətin yaranmasına səbəb olsa da, idarənin ağır texnika və maşınlarının, əməkdaşların fasiləsiz iş başında olması gözlənilən bütün təhlükələrin aradan qaldırılması ilə nəticələnib. Rəis müavininin sözlərinə görə, baş verən sel daşqınları zamanı Baş Kümcüt kəndinin mərkəzindən keçən çayın üzərindəki keçid körpünü, eləcə də Zəyzidçay ərazisində sel suları 3 ötürücü körpünü yuyub aparıb. Həmçinin Cunud və Baş Şabalıd kəndlərinə gedən yolların üzərindəki ötürücü körpülər də sel daşqınlarına məruz qalıb. O bildirib ki, ölkəmizdə dağıdıcılığına, daşqınların səviyyəsinə görə fərqlənən Şin çayında qabaqlayıcı tədbirlər daha da gücləndirilib. Belə ki, çayın “Kilsəburun” ərazisindən keçən hissəsində məcrasında qalması və axının maneəsiz keçməsi üçün bir neçə ağır texnika ərazidə fasiləsiz işləyərək gözlənilən təhlükəni minimuma endirib. Görülən bu tədbirlər rayonun bir neçə iri yaşayış məntəqəsini sel təhlükəsindən qorumaqla yanaşı, həm də yüz hektarlarla əkin sahələrini də sel təhlükəsindən mühafizə edib. Rəis müavini bu səbəbdən çayın axını boyu gün ərzində bir neçə texnikanın məcratənzimləmə işləri apardığını, axşamlar isə növbəli nəzarət həyata keçirildiyini bildirib.