EN

Süni intellekt şirkətlər üçün əməkdaşlardan daha baha başa gəlir

Korporativ süni intellekt xərcləri sürətlə artır, “Microsoft” və “Uber” kimi şirkətlər büdcə problemləri ilə üzləşib, ekspertlər isə yaxın illərdə qiymətlərin azalacağını gözləmir...

Korporativ mühitdə süni intellekt texnologiyalarının geniş tətbiqi gözləniləndən daha yüksək maliyyə yükü yaradıb və bəzi hallarda şirkətlər üçün insan əməkdaşlarının saxlanılmasından daha baha başa gəlməyə başlayıb.

Poliqon xəbər verir ki,bu barədə Amerikanın biznes jurnalı “Fortune” məlumat yayıb. 

Məlumata görə, Microsoft şirkəti artıq Anthropic tərəfindən hazırlanmış kodlaşdırma agenti Claude Code üçün daxili lisenziyaların böyük hissəsini ləğv etməyə başlayıb və əməkdaşları öz ekosisteminə aid alətlərə, xüsusilə GitHub Copilot CLI sisteminə yönləndirir. Bu qərarın şirkətin minlərlə əməkdaşına Claude Code istifadəsinə icazə verilməsindən təxminən altı ay sonra qəbul edildiyi bildirilir. Səbəb kimi isə yüksək istifadə nəticəsində sürətlə artan xərclər göstərilir.

Nəşrin məlumatına əsasən, problem yalnız “Microsoft”la məhdudlaşmır. Uber şirkətinin texnologiya rəhbərliyi bu ilin ilk dörd ayında proqramçılar üçün nəzərdə tutulmuş süni intellekt alətlərinin büdcəsinin artıq bütün 2026-cı il üçün ayrılmış limiti aşdığını açıqlayıb. Şirkətin daxildə süni intellekt istifadəsini təşviq etdiyi, hətta komandaların aktivliyini ölçən reytinq sistemindən istifadə etdiyi qeyd olunur. 

Mütəxəssislər bildirirlər ki, əsas problem süni intellekt sistemlərinin token əsaslı qiymətləndirmə modelidir. İstifadə artdıqca və daha mürəkkəb “agent” sistemləri tətbiq olunduqca, əməliyyat xərcləri sürətlə yüksəlir. Hətta texnologiyanın vahid hesablama dəyəri ucuzlaşsa belə, ümumi istehlakın artması yekun maliyyə yükünü azalda bilmir.

Amerikanın tədqiqat şirkəti Gartner də xəbərdarlıq edib ki, 2030-cu ilə qədər korporativ süni intellekt xərclərinin əhəmiyyətli dərəcədə ucuzlaşacağı gözlənilmir. Şirkətin proqnozuna görə, bir tokenin və ya hesablama vahidinin qiyməti azalsa belə, daha mürəkkəb süni intellekt agentlərinin çoxsaylı hesablama tələb etməsi səbəbindən müəssisələrin ümumi xərcləri artmağa davam edə bilər.

Ekspertlərin fikrincə, bu vəziyyət bir sıra iri şirkətlərin süni intellekt strategiyasına yenidən baxmasına səbəb ola bilər. Çünki məhsuldarlığın artırılması məqsədilə tətbiq olunan texnologiyalar gözlənilən iqtisadi səmərəni vermədiyi halda, şirkətlər üçün əlavə maliyyə yükünə çevrilir və insan əməyinin tam əvəzlənməsi ilə bağlı ilkin optimist proqnozları daha mürəkkəb göstərir. 

Poliqon.info

Chosen
41
poliqon.info

1Sources