“Xalqımız tarix boyunca dəfələrlə yadelli qəsbkarların hücumlarına məruz qalsa da, heç vaxt azadlıq ideallarından geri çəkilməyib və zaman-zaman bu ideallar uğrunda mücadilə aparıb. Bu mücadilələrin məntiqi nəticəsi olaraq Azərbaycan xalqı 108 il bundan əvvəl - 28 may 1918-ci ildə öz müstəqilliyini elan edib və milli dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini (AXC) yaradıb”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, AXC-nin yaradılması dövlətçilik tariximizdə çox mühüm mərhələni təşkil edir. Həmin dövrdə yeni dünya nizamı formalaşırdı. Belə bir şəraitdə 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurasının Azərbaycanın İstiqlaliyyəti haqqında Bəyannaməni qəbul etməsi xalqımızın azadlıq ideyalarına, dövlətçilik ənənələrinə nə qədər sadiq qaldığının əyani təcəssümü idi. Biz qürur duyuruq ki, müsəlman Şərqində ilk parlamentli respublika qurmuşuq. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti böyük coğrafiyada demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Belə ki, qısa dövr ərzində parlament, milli hökumət yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq səviyyədə tanınması və digər istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Bura Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktları da əlavə edə bilərik. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Himn qəbul olundu, bayraq, gerb təsis edildi. Milli ordu qurularaq Qafqaz İslam Ordusu ilə birlikdə Bakı bolşevik-daşnak işğalçılarından azad edilib. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlanması, 1919-cu ilin sentyabrında parlament tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edilməsi böyük nailiyyət idi. Təəssüf ki, AXC-nin ömrü az oldu – cəmi 23 ay mövcudluqdan sonra 1920-ci il aprelin 28-də bolşevik istilası nəticəsində süqut etdi.
Millət vəkilinin sözlərinə görə, sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşatdı və müstəqil dövlətini qurmağa can atdı. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yarandı. Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Müstəqilliyimizin bərpasında və sonrakı mərhələdə onun qorunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan çətindir. Ulu Öndər hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə milli mədəniyyətimizə, ədəbiyyatımıza, dilimizə sonsuz qayğı göstərməklə, soydaşlarımız arasında əlaqələri gücləndirməklə, sənayeni və kənd təsərrüfatını inkişaf etdirməklə, azərbaycanlı gənclərin keçmiş ittifaqın qabaqcıl ali məktəblərində mükəmməl təhsil almalarıına şərit yaratmaqla gələcək müstəqilliyimizin iqtisadi və ideoloji təməllərini yaratmışdı. Tam qətiyyətlə deyə bilərik ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın müstəqilliyə gedən yolunun, qurtuluş tarixinin əsası da Ümummilli Lider Heydər Əliyevin səyləri və cəsarəti sayəsində qədim diyarda-Naxçıvanda qoyulub. Muxtar Respublikanın Ali Sovetinin 17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə çağrılan sessiyasında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar verildi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.
Tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün fəaliyyətini bu istiqamətdə quran Heydər Əliyev respublikamızın ötən əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə əldə etdiyi müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Bir tərəfdən, zorakılıq yolu ilə hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarının səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə, Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanı, sözün əsl mənasında, ölüm, ya qalım dilemması ilə üz-üzə qoymuşdu. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi.