EN

Aqrar sahədə özünütəminetmə səviyyəsi 100 faizə çatdırılacaq

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan iqtisadiyyatında aqrar sektor dövlət dəstəyi ilə əhatə olunan prioritet sahələrdən biridir. Dövlət başçısının sərəncamları ilə 2004-cü ildən başlayaraq icra olunan regionların sosial-iqtisadi inkişaf proqramları kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar açmışdır. Son 20 il ərzində regionlarla mərkəz arasında fərqin aradan qaldırılması istiqamətində mühüm layihələr həyata keçirilmiş, avtomobil yolları müasirləşdirilmiş, elektrik, qaz və su təminatı ilə bağlı problemlər əsasən həllini tapmışdır.

Bunu Modern.az-a açıqlamasında deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Aqrar sahələrin inkişafı yenidən sürətlənib

Deputat bildirib ki, fındıqçılıq, baramaçılıq, pambıqçılıq, sitrus meyvəçiliyi və üzümçülüyün inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları bu sahələrin yenidən dirçəldilməsinə ciddi təkan verib:

“Xüsusilə baramaçılıq bir vaxtlar unudulmaq üzrə olan sahəyə çevrilsə də, proqramların icrasından sonra yüksək nəticələr əldə olunmuş və bu gün ipəkçilik sənayesi yenidən inkişaf etməyə başlamışdır. Fındıqçılığın inkişafı ilə bağlı proqramların uğurlu icrası nəticəsində Azərbaycan dünyada fındıq istehsalına görə ön sıralarda yer almaqdadır”.

Ərzaq təhlükəsizliyi qlobal çağırışa çevrilib

Azər Badamov qeyd edib ki, bu gün ərzaq təhlükəsizliyinin təmin olunması qlobal problemə çevrilib:

“Dünyada müharibələrin və siyasi gərginliklərin artması təchizat zəncirlərində qırılmalara səbəb olmuş, nəticədə enerji və gübrələrin qiymətləri kəskin şəkildə bahalaşmışdır. Bundan əlavə, iqlim dəyişikliklərinin sürətlənməsi kənd təsərrüfatı məhsullarının məhsuldarlığının azalmasına gətirib çıxarmışdır. BMT-nin hesabatlarına əsasən, iqlim dəyişiklikləri aqrar sektorda təxminən 20 faiz azalmaya səbəb olmuşdur. Həmçinin temperaturun 1 dərəcə artması buğda və qarğıdalı məhsuldarlığının 5–8 faiz azalmasına təsir göstərmişdir”.

Deputatın sözlərinə görə, urbanizasiyanın sürətlənməsi də dünyanı narahat edən əsas məsələlərdəndir:

“BMT-nin proqnozlarına görə, 2050-ci ildə dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaqdır. Bu isə kənd təsərrüfatı məhsullarına olan tələbatın daha da artması deməkdir. Təbii ki, bütün bu qlobal çağırışlar Azərbaycandan da yan keçmir”.

Yeni dövlət proqramı hansı hədəfləri müəyyənləşdirir?

Deputat bildirib ki, məhz buna görə də 2026–2030-cu illəri əhatə edən Kənd Təsərrüfatının İnkişafına dair Dövlət Proqramı qəbul olunub:

“Proqramın əsas məqsədi ölkənin ərzaq təhlükəsizliyini tam təmin etmək, idxaldan asılılığı azaltmaq və ixrac potensialını artırmaqdır”.

Onun sözlərinə görə, proqramda qarşıya qoyulan əsas hədəflərdən biri torpaqların pasportlaşdırılmasıdır:

“Bu çərçivədə torpaqların keyfiyyət göstəriciləri analiz edilməli, peyk müşahidələri aparılmalı və əkin sahələri düzgün rayonlaşdırılmalıdır”.

Azər Badamov əlavə edib ki, digər mühüm istiqamət istehsal və ixrac strategiyasının hazırlanmasıdır:

“Azərbaycan məhsulları əsasən ənənəvi bazarlara ixrac olunur. Lakin bir çox ölkələr öz ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə yerli istehsalı artırmağa çalışırlar. Buna görə də yeni ixrac bazarlarının tapılması və məhsullarımızın rəqabət qabiliyyətinin artırılması xüsusi əhəmiyyət daşıyır”.

Suvarılan torpaq sahələri artırılacaq

Deputat bildirib ki, qarşıda duran əsas məqsədlərdən biri kənd təsərrüfatı texnikalarının istehsalını genişləndirmək və gübrə çeşidlərini artırmaqdır:

“Bu sahədə idxaldan asılılığın minimuma endirilməsi istehsal proseslərinin daha dayanıqlı olmasına şərait yaradacaqdır”.

O qeyd edib ki, aqrar sahədə maarifləndirmə işlərinin və sığorta mexanizmlərinin təkmilləşdirilməsi də vacib istiqamətlərdəndir:

“Aqrar sektor riskli fəaliyyət sahəsi olduğundan məhsul və istehsal proseslərinin sığortalanması böyük əhəmiyyət kəsb edir”.

Azər Badamovun sözlərinə görə, dövlət proqramına əsasən yeni su anbarlarının tikilməsi, Qarabağ və Şirvan su kanallarının imkanlarından istifadə etməklə suvarılan torpaq sahələrinin həcminin 300 min hektara çatdırılması nəzərdə tutulur.

“Eyni zamanda istixana komplekslərinin sahəsinin 1500 hektardan 2000 hektara, soyuducu anbarların tutumunun isə 400 min tondan 500 min tona çatdırılması planlaşdırılır”.

Özəl sektorun investisiyaları artırılacaq

Deputat vurğulayıb ki, proqramda özəl sektorun aqrar sahəyə investisiya yatırımlarının artırılması da əsas prioritet kimi müəyyən edilmişdir:

“Dövlət başçısı müşavirədə hansı sahələrdə çatışmazlıqların olduğunu statistik göstəricilərlə açıqlayaraq həm yerli, həm də xarici investorlar üçün mühüm mesajlar vermişdir”.

Azər Badamov qeyd edib ki, dövlət proqramı çərçivəsində 2,2 milyard manat dövlət, 3,7 milyard manat isə özəl olmaqla ümumilikdə 5,9 milyard manat investisiyanın cəlb olunması nəzərdə tutulur.

“Bu investisiyalar kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaradacaqdır”.

Deputat əlavə edib ki, proqramın əsas məqsədi ət, süd, quş əti və digər əsas ərzaq məhsulları üzrə ölkənin özünütəminetmə səviyyəsini 100 faizə çatdırmaq və ixrac imkanlarını genişləndirməkdir.

“Hesab edirəm ki, qəbul olunmuş dövlət proqramının uğurlu icrası qarşıya qoyulan bütün hədəflərin reallaşmasına, ölkədə ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə və kənd təsərrüfatı məhsullarının ixracının artmasına mühüm töhfə verəcəkdir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
1
modern.az

2Sources