Azərbaycanın əmək bazarında və təhsil sistemində qadınların rolu davamlı olaraq güclənir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" təqdim edərkən deyib.
Komitə sədri xüsusilə vurğulayıb ki, Dövlət Komitəsinin 2020-ci ildə başlatdığı "Qızların Təhsilinə Dəstək" layihəsi çərçivəsində proqramların əhatə dairəsi və tələbə qızların sayı sürətlə artır. Bu proses ölkədə təhsil və iqtisadiyyat arasında struktur məzmunlu uyğunlaşmanın güclənməsinin əsas göstəricisidir.
Onun sözlərinə görə, əmək bazarındakı dəyişikliklərə toxunularkən qeyd edilib ki, qadınların iqtisadi fəallığı və orta əməkhaqqındakı artım tempi müsbət dinamika ilə inkişaf edir. Xüsusilə özünüməşğulluq proqramlarında qadınların iştirakının genişlənməsi və peşə hazırlığı kurslarında qadınların üstünlük təşkil etməsi diqqət çəkir. Bu isə qadınların əmək bazarında daha çox bacarıq əsaslı və dayanıqlı iqtisadi modelə keçidə üstünlük verdiyini təsdiqləyir.
Zeynəb Rzayeva