EN

Quş əti, süd və ətlə bağlı böyük plan: 5 ilə nələr dəyişəcək? - Akif Nəsirli DANIŞDI

Ötən gün Prezident İlham Əliyevin sədirliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı çıxışında bildirib ki, ət, süd, quş əti ilə 100 faiz özümüzü təmin etməliyik. 

“Mən rəqəmləri qeyd etdim, təqribən 80-90 faiz səviyyəsindədir. Bunu 100 faizə çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var və bu proqram qeyd etdiyim kimi, qısamüddətli olmalıdır, 2026-2030-cu illəri əhatə edəcək”.

Bəs bu qidalarla özümüzü tam təmin etmək üçün hansı işlər aparıla bilər?

Redaktor.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli qeyd etdi ki, ət, süd və quş əti istehsalında 100 faizlik özünütəminetmə səviyyəsinə çatmaq üçün bir neçə istiqamətdə ardıcıl iş aparılmalıdır.

Onun sözlərinə görə, heyvandarlıq sektorunda ilk növbədə baş sayının artırılması, yüksək məhsuldar cinslərin gətirilməsi və seleksiya işlərinin gücləndirilməsi vacibdir:

"Mövcud ferma infrastrukturu müasirləşdirilməli, yem bazası genişləndirilməli, yerli yem istehsalı isə xüsusi dəstəklə təşviq edilməlidir. Çünki heyvandarlığın inkişafı birbaşa yem təminatından asılıdır.

Südçülük sahəsində isə süd emalı müəssisələrinin gücləndirilməsi, fermerlərə subsidiyaların verilməsi və kooperativ modelinin inkişaf etdirilməsi mühüm addımlar ola bilər. Bu, xırda fermerlərə böyük bazara çıxış imkanı yaradır və onların rəqabət qabiliyyətini artırır".

Həmsöhbətimiz vurğuladı ki, quşçuluq sənayesinin inkişafı nisbətən qısa müddətdə nəticə verə bilən sahədir:

"Müasir quşçuluq komplekslərinin yaradılması, yerli cücə istehsalının artırılması və gigiyena standartlarına riayətin təmin edilməsi bu sahədə sürətli irəliləyişə imkan verər. Bunlara paralel olaraq, aqrar sahədə kadr hazırlığı gücləndirilməli, fermerlərə güzəştli kreditlər verilməli, sığorta mexanizmləri işə salınmalı, soyuducu anbar və logistika infrastrukturu isə xüsusi diqqətlə inkişaf etdirilməlidir. 2026-2030-cu illəri əhatə edən proqram çərçivəsində bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi qeyd edilən hədəflərə çatmağı real edir".

Aytəkin TOFİQQIZI

Chosen
6
1
redaktor.az

2Sources